Şəhidlər Xiyabanında “naməlum əsgər” məzarları niyə açılıb? –FOTO

Şəhidlər Xiyabanındakı “naməlum əsgər” məzarları açılaraq orada dəfn olunan şəxslərin qalıqlarından nümunələr götürülüb.

Azpost.info bildirir ki, Şəhidlər Xiyabanında bir sıra məzarların üstündən betonun qazıldığını görmək mümkündür.  Verilən məlumatda bildirilib ki, bu məzarlarda naməlum statusu ilə dəfn olunan şəxslərin müəyyən olunması üçün DNT nümünələri götürülüb.

Əgər bu yoxlama uğurla nəticələnsə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş sayılan döyüşçülərin taleyinə aydınlıq gələ bilər.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi açıqlamasına görə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Bildirilib ki, onlardan 3 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır.

İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov ötən il AZƏRTAC-a müsahibəsində bildirib ki, Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın axtarışı sahəsində zəruri tədbirləri davam etdirir.

O qeyd edib ki, bu iş həm də aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilir.  E.Səmədovun sözlərinə görə, BQXK-nın Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, son illərdə bu iş daha intensiv aparılır.

Saziş çərçivəsində itkinlərə aid 3600-dən çox sorğu anketi toplanılıb, məlumatlar elektron məlumat bazasına daxil edilib.

Zəruri olan digər vacib iş isə itkin düşənlərin ailələrindən bioloji (DNT) nümunələrin götürülməsi ilə bağlıdır. Son illər ərzində üç minə yaxın bioloji nümunə toplanaraq, müvafiq qaydada sənədləşdirilib.

Azpost.info

 

Əvvəlki məqalə

Ermənilər İsveçdə Azərbaycan səfirliyi qarşısında aksiya keçirib

Sonrakı məqalə

Süleyman Dəmirəl 1967-ci ildə Sumqayıta niyə gəlmişdi? –