Səlim Müslümov məhkəmənin qapalı keçirilməsini istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında ilkin dinləmələr keçirilib. İş üzrə dövlət ittihamçısı Səlim Müslümov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişilməsi ilə bağlı əsaslar mövcud olmadığını bildirib.

Səlim Müslümovun vəkilləri vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini xahiş ediblər.

Vəkillər bunu iş materiallarındakı peşə sirlərinin olması ilə əsaslandırıblar. Səlim Müslümov vəsatəti müdafiə edib.

Hakim Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra iş materiallarında peşə sirrinə xələl gətirən hər hansı məlumatların olmadığı qənaətinə gələrək, iclasın qapalı keçirilməsi ilə bağlı vəsatətin təmin olunmadığını elan edib.

İttiham olunan şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılıb.

Baxış iclası avqustun 10-a təyin olunub.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tanınıb(apa).

Əvvəlki məqalə

Son bir həftədə Ukrayna limanlarından 300 min ton taxıl daşınıb

Sonrakı məqalə

Çin XİN Azərbaycana və Ermənistana çağırış edib