Şəmkirdə qayınanasını öldürən şəxsə 20 il həbs cəzası verildi

Şəmkir rayonunun Şiştəpə kəndində həyat yoldaşını ağır yaralamaqda, qayınanasını öldürməkdə təqsirləndirilən İntizam Hüseynovun məhkəməsi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinə hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İntizam Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il iyul ayının 14-də Şəmkir rayonu Şiştəpə kəndi ərazisində qeydə alınıb.

Rayon porkurorluğunun yaydığı məlumata görə, həmin gün kənd sakini S.İbadullayeva qətlə yetirilib.

İstintaqla zərərçəkmişin kürəkəni İ.Hüseynovun aralarında yaranan mübahisə zamanı xəncərlə xəsarət yetirərək qayınanası S.İbadullayevanı qızının gözləri qarşısında qəsdən öldürməsinə, arvadı Mahizər Hüseynovanı, qohumu Elnarə Cəbrayıllını və azyaşlı Qərib İbadullayevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İntizam Hüseynova CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.1 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib. (APA)

Əvvəlki məqalə

Kürdəmirdə toyda polis zabiti məhkəmə katibini döydü

Sonrakı məqalə

Van Dammın azərbaycanlı gəlininin Bakıda xına mərasimi olub