Şəki Xan Sarayının yerləşdiyi ərazinin tarixi ilə bağlı indiyədək qəbul edilən təsəvvürlər dəyişir. Azərbaycan alimlərinin apardığı son arxeoloji tədqiqatlar nəticəsində sarayın inşa olunduğu ərazidə insan yaşayışının XIII əsrdən mövcud olduğu ilk dəfə elmi şəkildə təsdiqlənib. Radiokarbon analizləri göstərir ki, bu ərazi əsrlər boyu yaşayış və inzibati mərkəz kimi əhəmiyyətini qoruyub.
Azpost.info xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Turizm Agentliyi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində 2023–2025-ci illərdə Şəki şəhərində yerləşən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində, Şəki Xan Sarayının ətrafında genişmiqyaslı arxeoloji qazıntılar aparılıb.
Tədqiqatlara AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Valeh Ələkbərov rəhbərlik edib.
Qazıntılar zamanı aşkar olunan müxtəlif arxeoloji laylardan götürülmüş kömür nümunələri dünyanın nüfuzlu elmi mərkəzlərindən biri sayılan Yaponiya Tokio Universiteti Muzeyinin Radiokarbon Tarixləndirmə Laboratoriyasında yüksək dəqiqlikli AMS Radiokarbon (C14) analizindən keçirilib.
Analizlərin nəticələri göstərib ki, ən qədim nümunələr 1255–1288-ci illərə, daha yüksək ehtimalla isə 1263–1288-ci illərə aiddir. Bununla da ilk dəfə olaraq Şəki Xan Sarayının yerləşdiyi ərazidə XIII əsrdə yaşayışın və insan fəaliyyətinin mövcudluğu elmi cəhətdən sübuta yetirilib.
Araşdırmalar həmçinin müəyyən edib ki, ərazi sonrakı əsrlərdə də tərk olunmayıb. Tədqiqat nəticələrinə görə, XIII əsrdə burada yaşayış mövcud olub, XVI–XVII əsrlərdə istifadə davam edib, XVIII əsrdən XIX əsrin əvvəllərinədək isə ərazidə intensiv insan fəaliyyəti qeydə alınıb. Beləliklə, radiokarbon tarixləndirməsi təxminən yeddi əsrlik fasiləsiz yaşayış tarixini ortaya qoyub.
Alimlər hesab edirlər ki, bu nəticələr Şəki Xan Sarayının tikildiyi yerin təsadüfi seçilmədiyini göstərir. XVIII əsrdə inşa edilən saray boş ərazidə deyil, yüzilliklər boyu siyasi və inzibati əhəmiyyət daşıyan qədim yaşayış məkanının üzərində salınıb.
Mütəxəssislərin fikrincə, bu ərazi daha əvvəl bölgənin hakim təbəqələrinin və yerli siyasi elitanın iqamətgahlarının yerləşdiyi strateji mərkəz olub. Deməli, Şəki Xan Sarayı həmin siyasi və inzibati ənənənin davamı kimi formalaşıb.
Radiokarbon analizləri onu da göstərir ki, saray kompleksi altında və ətrafında daha qədim mədəni qatların mövcud olması ehtimalı yüksəkdir. Bu isə gələcək qazıntılar zamanı daha qədim tikili qalıqlarının, yaşayış komplekslərinin və yeni arxeoloji tapıntıların üzə çıxarılacağını istisna etmir.
Mütəxəssislər bildirirlər ki, tədqiqatların davam etdirilməsi Şəkinin orta əsr şəhərsalma tarixinin, siyasi mərkəz kimi formalaşmasının və regionun yaşayış dinamikasının daha dolğun öyrənilməsinə mühüm töhfə verəcək.
Beləliklə, aparılan elmi araşdırmalar Şəki Xan Sarayının yerləşdiyi ərazinin tarixinin indiyədək qəbul ediləndən xeyli qədim olduğunu təsdiqləyərək, bu məkanın XIII əsrdən XIX əsrə qədər fasiləsiz yaşayış və inzibati mərkəz kimi mövcudluğunu ortaya qoyub.


N.Talıbov