İyulun 25-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyanla üçtərəfli və ikitərəfli formatda danışıqları keçiriləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Üç ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin Qarabağ ətrafındakı vəziyyətin de-eskalasiyası və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020, 11 yanvar, 26 noyabr 2021 və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılaşmalarının icrasının intensivləşdirilməsi yollarını müzakirə edəcəkləri bildirilib.
Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına, Rusiyanın maksimum yardım göstərməyə hazır olduğu qalan məsələlərin həlli yollarının tapılmasına xüsusi diqqət yetiriləcək.
Nazirlər həmçinin Ermənistan-Azərbaycan normallaşmasının digər əsas məsəllərini, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, ictimaiyyət və ekspertlərin xətti ilə təmaslar, parlamentarilərin dialoqunun başlanmasını müzakirə edəcəklər.
Ceyhun Bayramov və Ararat Mirzoyanla ikitərəfli danışıqlar zamanı siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə Rusiya-Azərbaycan və Rusiya-Ermənistan gündəmlərinin aktual məsələlərinin müzakirəsinə diqqət yetirmək planlaşdırılır.