“Sağlamlığını itirmiş hərbçilər daim qayğı ilə əhatə olunmalıdır, məmurlar bunu unutmamalıdır”-İLHAM ƏLİYEV

“Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilib”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı bildirib.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər – o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır”.

“Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib”.

“Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır, özü də bizim qarşımızda bu boyda işlər ola-ola”.

 

Prezident bildirib ki, hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir.

Əvvəlki məqalə

Prezident İlham Əliyev altı ayın yekunlarına həsr olunan müşavirə keçirib-

Sonrakı məqalə

“Növbədə olan bütün şəhid ailələri yaxın gələcəkdə evlərlə təmin ediləcək”-