62 nəfərlik erməni terrorçu qrup atəşkəsdən sonra Azərbaycan ərazilərinə göndərilib-XİN Yerevana cavab verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 9 yanvar 2021-ci il tarixli bəyanatını tamamilə əsassız hesab edir və həmin bəyanatda yer alan iddiaları rədd edir.

Bu barədə XİN-in Mətbuat xidməti idarəsindən açıqlama verilib.

“Xatırladırıq ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.

Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

İstintaq zamanı müəyyən edilib ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.

Qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktları törədilib və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub.

Bəhs olunan diversiya qrupunun üzvləri atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Ermənistan tərəfinin bu məqsədyönlü təxribatçı fəaliyyəti beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və üçtərəfli bəyanatın kobud şəkildə pozulması halı olmaqla yanaşı, açıq-aşkar surətdə bu ölkə tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasətin davam etdiyini nümayiş etdirir.

Azərbaycan Respublikası beynəlxalq hüquqla müəyyən olunmuş və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə məsuliyyətlə yanaşır və həmin öhdəlikləri tam yerinə yetirir. Azərbaycan tərəfi, eyni zamanda Ermənistanı üçtərəfli bəyanatla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyə, atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribatçı hərbi fəaliyyətə son qoymağa çağırır”, – deyə qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ombudsman Ermənistandan olan və işğaldan azad olunmuş ərazidə saxlanılan şəxslə görüşüb

Sonrakı məqalə

Britaniya kraliçası II Elizabet koronavirusa qarşı peyvənd olunub