Avqustun 23-də Goranboy rayonu istiqamətində təxribata cəhd edərkən saxlanılan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri Qurgen Alaverdyan açıqlama verib.
Zərərsizləşdirilən erməni zabiti özü haqqında geniş məlumat verərək Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatdan danışıb.
Q.Alaverdyan Ermənistan Silahlı Qüvvələrində qulluq etdiyini və kəşfiyyat tapşırığı ilə Azərbaycan tərəfə keçdiyini etiraf edib. Qeyd edək ki, avqustun 23-də saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.
Təxribatçı erməni komandirin video-açıqlamasını təqdim edirik:
“2020-ci ilin iyul ayında hərbi hissənin komandiri polkovnik Vazgen Vartanyan mənimlə birgə bir neçə kəşfiyyatçını yanına çağırıb yuxarı komandanlığın göstərişi ilə yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonundakı təmas xəttindəki döyüş mövqelərində diversiya törədilməsi, yəni qumbara və avtomatlardan istifadə edərək Azərbaycan hərbçilərinin mümkün sayda çox məhv edilməsi, eləcə də bir hərbçinin əsir götürülməsi istiqamətində əməliyyat keçirilməsi üçün hazırlıq görməyimizi tapşırdı. Bundan sonra təxminən 20 gün xüsusi təlim keçdik, ərazini daha dəqiq öyrəndik və əlverişli hava şəraitinin olmasını gözlədik. Avqustun 23-ü saat 02:30 radələrində mənim rəhbərliyim altında diversiya qrupu dumanlı havadan istifadə edərək əvvəlcədən planlaşdırılmış marşrutla Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonundakı mövqeləri istiqamətində hərəkət etdik. Biz Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonundakı döyüş postunun ərazisinə daxil olmaq istəyərkən “həyəcan” siqnalı verildi və aşkar olunduğumuzu anlayaraq geri qayıtmaq məcburiyyətində qaldıq. Qrup üzvləri qaçmağa müvəffəq olsa da, mən hava dumanlı olmasına görə istiqaməti müəyyən edə bilmədim və əsir götürüldüm”.
“Lakin hərbi qulluqçu kimi məcburiyyət qarşısında bu ərazidə xidmətə cəlb edilmişəm. Törətdiyim əmələ görə peşmanlıq hissi keçirməklə yanaşı, mənim kimi Erməni Silahı Qüvvələrinin tərkibində xidmət edən bir çox hərbi qulluqçuların məcburi olaraq Azərbaycanın işğal altında olan ərazilərində xidmətə göndərildiyini bildirmək istəyirəm. Əsir götürüldükdən sonra təsəvvürlərimin tam əksinə olaraq, mənə qarşı heç bir qeyri-insanı davranış, işgəncə, təzyiq olunmayıb. Eyni zamanda, qidalanmağım və saxlanma şəraitimlə bağlı heç bir şikayətim yoxdur. Mən Azərbaycan Respublikasında qalmaq istəyirəm və bu dövlətə xidmət etmək niyyətindəyəm. Mən həmçinin başa düşdüm ki, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.