ŞAXTALI FEVRALINQIRMIZI RƏNGİ

Yeniyetmə rəssam Əli çəkdiyi rəsmi mənə izah etməyə çalışır. Qarşımda qıpqırmızı qan gölündə günəşə sarı uzanan ağ əl və bu əli hər iki tərəfdən tutaraq sıxan, parça-parça edən qap-qara qollar…  Hər tərəf qan gölüdür.

Əqli problemdən əziyyət çəkən 2-ci qrup əlil, 14 yaşlı Əli Hüseynli kəşf edilmiş istedadı sayəsində rəssama çevrilib. Fikri tez-tez dağılır və çəkdiyi şəkli izah etməkdə çətinlik çəkir. Yalnız “bu Xocalıdır…” deyib üzümə baxır. Sonra tez-tez, ardıcıl şəkildə “Niyə uşaqları öldürdülər həə, niyə axı?!” – soruşur.

Susuram…

Şəkildəki qıp-qırmızı qan rəngi elə işlənib ki, sanki bu ağappaq, günəşə doğru uzanan, iki parça olan əldən axan bu selləmə qan elə indicə üstümə axacaq.  Anası deyir ki, Əli uşaqlıqdan travma ilə doğulub. Uzun müddət qapalı olub, öz-özünə danışırmış… Psixiatr ona deyib ki, uşağa fırça verin, rəng verin, qoy başı qarışsın… Çəksin özü üçün… Əli də çəkir; neft buruqlarını, dəvə karvanlarını, Qarabağı…

 

Anası danışır, mən isə gözümü Əlinin “Xocalı” adı verdiyi şəkildən ayıra bilmirəm. Tabloda ətrafı bürümüş zil-qaranlıq fonunda qan elə dəhşətli görünür ki… “Həə, niyə öldürdülər axı?”. Əlinin səsidir… Əl çəkmir… Ona nə cavab verim? Necə izah edim mən yazıq?…

 

… Sənə cavab yazmağı qərara aldım, Əli! Sənin mənə verdiyin sualın acı tarixi var.

O zaman mən də sənin yaşında idim. Mənim üçün Xocalı yeniyetməlik yaddaşımın qanla yazılmış bir hissəsidir. Hadisələrin baş verdiyi yerdən uzaqda yaşasam da, o dövrün bütün nəsli  kimi, bu faciənin ömürlük daşıyıcısına çevrilmişəm.

Xocalı adına ilk dəfə orta məktəbdə oxuyanda rast gəlmişəm. Məktəbin 8-ci sinfi üçün yazılmış “Azərbaycan tarixi” kitabında öyrəndiyimiz dərsdən biri  “Xocalı-Gədəbəy mədəniyyəti” adlanırdı. Müəllim bizə öyrətmişdi ki, Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbristanlığı – son tunc və ilk dəmir dövrünə  aid arxeoloji abidədir. O zaman Xocalının adı növbəti dərsdə cavab verib “beş”imi alana və sonra pioner qalstukunu çıxarıb uşaqlarla voleybol oynamağa gedənə qədər yadda qaldı. Onun yenidən, nə vaxtsa, özü də ömürlük yaddaşıma yazılacağını təsəvvür etməzidm. Beləcə, bu qəribə adı olan arxeoloji mədəniyyəti sovet uşaqlığının isti məktəb xatirələrində qoyub 1991-ci ildə – müstəqilliyin fantastik bəhrələrini gözlədiyimiz dövrdə idim. Vəziyyət yaxşı deyildi. Doğma torpağımız olan Qarabağda dava başlanmışdı. Əsil dava. Televiziya hər gün ermənilər tərəfdən daşa basılmış avtobusları, yandırılmış evləri, bu evlərdən qovulmuş adamları göstərirdi. Başları yarılmış, yarımçılpaq, ayaqqabı belə ayağında olmayan bu insanlar ekrandan ağlayır, söyür, yalvarırdılar…

Bütün bu qarmaqarışıqlığın, hövllü həyatın fonunda  bir gün efirdə o adı eşitdim. Kinokadrları şərh edən diktor dedi ki, düşmən əhatəsində olan Xocalıya şəhər statusu verilib. Kadrlarda yeni ev tikən gənc ailə, küçə ilə gedən qızlar, qayğılı ağsaqqal, milis zabiti mənə əski sovet zamanının sakit kənd həyatını xatırladırdı. Əsəblərin tarıma çəkildiyi o vaxtlarda bu kadrlar bəlkə də qəribə görünürdü. SSRİ-nin “şinelindən” hələ lap təzə çıxmış adamlar  nəyin baş verdiyini ayırd etməkdə çətinlik çəkirdilər. Bizim üçün qarışıq zamanların ümumi gərginliyi fonunda hər şey bir-birinə qarışmışdı. Bir yandan gurultu ilə çökən SSRİ adlanan imperiyanın doğurduğu şok, o biri yandan Qarabağda günü-gündən güclənən dava. Sovet hökümətinin dinc həyatına öyrəşmiş sovet azərbaycanlıları üçün “müharibə” anlayışı  hardasa uzaqlarda –  Nikaraquada, Anqolada baş verən ekzotik bir hadisə idi.

Həmin ilin sonlarında, yəni 1991-ci ilin dekabrında isə mərhum Çingiz Mustafayev AzTV-nin efirindən qışqırırdı ki, Xocalı mühasirədədir. 

 

Halqa daralardı…

 

…1992-ci ilin şaxtalı fevralında “Xocalı” adı tez-tez çəkilirdi. “Vertolyot” deyib dad döyən dinc xocalılar gələn dəhşətli bəlanı hiss edirdilər. Onlar böyük bir hərbi teatrda tək qalmışdılar. Qəzetlər hər gün onların ölkə hökumətinə ünvanlanan müraciətlərini yayırdılar: “Xocalıya kömək edin!”, ”Kömək edin…!”.

 

Və o dəhşətli gün gəlib çatdı. Rəsmi məlumat quru və daş kimi soyuq idi: “Xocalıya erməni hərbi birləşmləri hucum edib. İki nəfər həlak olub”.

Prezidentin mətbuat xidmətinin yaydığı bu statistik məlumatda əks olunan sakit ton o dövrün nəfəskəsən gərginliyi ilə müqayisədə qəribə görünürdü. Sonra isə…

Sonra isə hər şey bəlli oldu, Əli! Vəhşi ermənilər amansızcasına bir kəndi yer üzündən sildilər! Qırdılar günahsız adamları! Şaxtalı havada, uşaq sinəsinə sancılan bıçağın soyuqluğunu düşünəndə tüklərim ürpəşir!!!

Çox sonralar “sovet yazıçısı” adlanan uşaq qatili Zori Balayanın “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımı haqqında yazdıqları məni şoka salacaqdı. Bu iyrənc qatil “yazıçı” adı altında hələ dünyanı gəzir, Əli!

Mən bilmirəm, sən bu murdar caninin vicdanına qanla yazılmış günahsız körpələrin ağrılarını çəkə bilərsənmi?!

…Erməni gülləsindən ölən nurani ağsaqqalın, süngüyə keçirilmiş körpələrin fotosu və Cingizin boğuq ağlamaq səsi 1992-ci ilin şaxtalı fevral ayının yaddaşımda ilişib qalan xatirəsi oldu.

Çox illər sonra 1992-ci ilin fevralında rus jurnalisti Viktoriya İvlevanın  ermənilər tərəfindən ələ keçirilmiş Xocalıda çəkdiyi fotoya baxarkən, yadıma AzTV-nin bu başıbəlalı şəhərin bir günlük dinc dövrünü əks etdirən kinokadrlar düşəcəkdi. Rus jurnalistinin çəkdiyi fotoşəkli damarlarda qanı belə dondurardı: palçıqlı küçə ilə şütüyən sovet “Jiquli”sinə ermənilərin qənimət kimi yüklədikləri yorğan-döşək və küçə boyunca səpələnmiş azərbaycanlıların meyitləri! Kənddən çıxmağa macal tapmamış adamlarımız! Qollarını açaraq arxası üstə yerə sərələnərək ölmüş bu uşaq bəlkə də bir il əvvəl kameraya əl edən həmin o uşaq imiş! Ayağı qatlanaraq yerə sərilmiş gənc qadın isə evini tikib içində bəxtvər yaşaya bilməyən qadın imiş, bəlkə…

 

613 nəfər şəhid, 487 şikəst olub! 1275 nəfər dinc sakin- qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlagəlməz erməni zülmünə, təhqirlərə, həqarətlərə məruz qalıb! 150 nəfərin taleyi məlum deyil! 106 nəfər qadın, 63 nəfər azyaşlı uşaq öldürülüb! 

Acı statistika belədir, Əli!

 

Sən Xocalını son nəfəsinə qədər müdafiə edən qəhrəmanların portretini də yarat, Əli! Xocalı hava limanının komendantı Əlifin, Tofiqin… Onlar qəhrəmancasına həlak oldular.  Xocalıların dərdini də tabloya köçür. Qoy bu rəsmlər özünü karlığa vuran dünya üçün sənin etiraz hayqırtın olsun! O məsum körpələrin, onların heç zaman həyata keçməyəcək arzularının şəklini də yarat, Əli! Şaqraq uşaq gülüşləri onlara haram edildi.

…Yadıma uşaq vaxtı dəhşətlə baxdığım sovet hökümətinin müharibəyə həsr etdiyi şedevr filmi “Get və bax” düşdü. Filmdə faşistlərin soyuqqanlı halda gülə-gülə insanları yandırma səhnəsindən qorxmuşdum. Atam mənə ürək-dirək verərək “Oğlum, bu, çoxdan olub, bunun intiqamını aldıq. Baban o faşistlərin hamısını öldürüb”, – dedi.

Sənin soyqırımı harayını gözləyirəm, Əli! O zaman, bəlkə, mən əlimdə silah səngərdə olacağam. Mənim də övladım nəvəmə eynən atam kimi qürurla “Bu cinayətin qisası alınıb”. – söyləyə bilsin deyə…

Sənin bu şəklini  intizarla gözləyəcəyəm…  

Xaqani SƏFƏROĞLU

25 fevral 2012-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xocalı soyqırımından 29 il ötür

Sonrakı məqalə

Rəsm qalereyasında baş verən yanğın söndürülüb –