Şəhid Xudayarın anasını təhqir edən bloger həbs olundu

Şəhid Xudayarın anasını təhqir edən bloger həbs olundu
Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanovanı sosial şəbəkələrdə təhqir edən şəxs həbs edilib. 
AzPost Qaynarinfo-ya istinadən bildirir ki, Radə Qurbanovanın şikayəti əsasında 1993-cü il təvəllüdlü Vüqar İ. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, “TikTok” sosial şəbəkəsində “Şah_əmlak” adı ilə qeydiyyatdan keçən əmlak blogeri Vüqar evlərin alqı-satqısı ilə bağlı elanlar yerləşdirib. Vüqarın profilində Radə Qurbanova və digər şəhid analarının barəsində xoşagəlməz şərhlər yazılıb.  Radə Qurbanova əmlak blogerinə zəng edərək, öz etirazını bildirib və barəsində şikayət edəcəyini deyib. Sonuncu heç kimdən qorxmadığını və baş vermiş hadisə ilə bağlı izahat verməyəcəyini şəhid anasına deyib.
Radə Qurbanovanın şikayəti əsasında saxlanılan Vüqar məhkəmədə ondan və bütün şəhid ailələrindən üzr istəyib. İşlətdiyi əmlak ofisində 4 nəfər işçisisinin olduğunu, həmin əməkdaşlarından kiminsə onun telefonu vasitəsi ilə “TikTok”da profilindən istifadə edərək, şəhid anaları barədə xoşagəlməz ifadələr yazdığını deyib. Xudayar Yusifzadənin anası isə Vüqarın cəzalandırılmasını məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə “Şah_əmlak”ın sahibi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 10 gün müddətinə inzibati qaydada həbs edilib.

 Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olub. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Radə Qurbanova isə evdar xanım idi. Onların ailədə dörd uşağı olub — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat edib.

Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışıb. Subay idi.

Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilanın azad edilməsi zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.