Serbiya Ermənistana hansı silahları satıb? –

SİYAHI
20 İyul 2020 - 22:59

İyulun 20-də Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə X.Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursatın göndərildiyini qarşı tərəfə bildirib. O, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minaatanlardan istifadə edildiyini, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın hərbi qüvvələrinin mövqelərinin artilleriya və minaatan atəşlərinə məruz qaldığını, Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 11 hərbi qulluqçusunun, o cümlədən bir nəfər sərhəd kəndinin sakininin həlak olduğunu qeyd edib.

Azpost.info bildirir ki, “Azeri Defence” hərbi jurnalı indiyədək müxtəlif dövrlərdə Serbiyanın Ermənistana müxtəlif silahların satışı ilə bağlı məlumatlar yayımlayıb. Bu məlumatların bir çoxu Ermənistanın rəsmi dövlət qurumlarının, eləcə də Dağlıq Qarabağdakı separatçıların yayımladığı video və foto görüntülərlə də təsdiqini tapıb.

2019-cu ilin avqust ayında Qarabağakı erməni separatçı hərbi birləşmələrinin Serbiya istehsalı olan 20 mm çaplı M55A4B1 zenit qurğusunu silahlanmaya qəbul etməsi barədə məlumat vermişdik. Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Azərbaycan ərazilərindəki hərbi hissələrdən birinə səfəri zamanı MT-LB zirehli maşınına yerləşdirimiş M55A4B1 zenit qurğusu ilk dəfə nümayiş etdirilmişdi.

Azərbaycanın hərbi və hərbi-texniki sahədə sıx əlaqələrə sahib olduğu Serbiyanın Ermənistana silah ötürməsi heç də birinci hadisə deyildir. Buna qədər Serbiya hökumətinin icazəsi ilə yerli və tərəfdaş şirkətlər üzərindən Ermənistana müxtəlif silahların satışı reallaşdırılıb.

“Azeri Defence” hərbi jurnalı  BMT Adil Silahlar Registrinin informasiyaları, həmçinin özünün kanalları ilə əldə etdiyi məlumatları təqdim edib.

BMT Adil Silahlar Registrinə Ermənistan tərəfindən təqdim edilmiş məlumatlara görə, 2007-ci ildə İrəvan Serbiyadan 250 ədəd M93 “Black Arrow” snayper tüfəngi və 100 ədəd 30 mm çaplı AGM-17 qumbaraatanı satın alıb. Məlumatların təhlili zamanı maraqlı bir nüans da ortaya çıxır. Belə ki, silah alqı-satqılarıyla bağlı hesabatlarını maksimum şəkildə gizlədən Ermənistan bu satınalmanı açıqladığı halda, Serbiya tərəfinin hesabatında satış barədə heç bir informasiya mövcud olmayıb. Ehtimal etmək olar ki, qeyd olunan dövrdə Azərbaycanla əlaqələri inkişaf etdirməyə, Azərbaycan investorlarını Serbiyadakı layihələrə cəlb etməyı çalışan rəsmi Belqrad bu məlumatların açıqlanmasının münasibətlərə mənfi təsir göstərəcəyini görərək gizlətməyə çalışıb.

Ermənistan Serbiya daxil olmaqla, müxtəlif ölkələrdən satın aldığı BMT hesabatlarında Ermənistan Respublikası üçün alındığı göstərilən silahların bir hissəsini Dağlıq Qarabağdakı separatçı rejimə ötürür.

2019-cu ilin fevral ayında, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilmiş İDEX-2019 beynəlxalq müdafiə sərgisində “Azeri Defence” jurnalının öz kanalları vasitəsi ilə əldə etdiyi məlumatlara görə, Ermənistanın “Aspar Arms” şirkətinin nümayəndə heyəti ilə “Yugoimport” şirkətinin stendində keçirilən görüşdə yeni model snayper tüfənginin və snayper tüfəngləri üçün aksesuarların, habelə revolver tipli qumbaraatanların alqı-satqısına dair razılaşma əldə olunub. Bunu sövdələşmənin 2007-ci ildə həyata keçirilmiş satınalmanın davamı da hesab edə bilərsiniz.

Əldə etdiyimiz digər məlumata görə, görüşdə Ermənistanın “Neytron” şirkəti Serbiyanın “Zastava Arms” müəssisəsi ilə məhsulların xarici bazarlarda müştərək satışı barədə müzakirələr aparıb və razılıq əldə olunub.

2010-cu ildə isə Serbiyanın “CPR Impex” şirkət Bosniya və Hersoqovina üzərindən satışı həyata keçirməklə Ermənistana 200 ədəd M-57 və M70 “Commando” minaatanı və 2016-cı ildə açıqlanmayan sayda 82 mm çaplı M79 dəzgahlı qumbaraatan (həmçinin bu silah üçün döyüş sursatı) və M-80 tipli biratımlı qumbaraatanlar ixrac edib.

Məlumat üçün bildirək ki, silah satışları əsasən Serbiyada və Balkan ölkələrində yerləşən eksportyor şirkətlər üzərindən həyata keçirilir. Bu şirkətlər sifarişləri tək Serbiyadan deyil digər Balkan ölkələrindən də tədarük edirlər.

Ermənistanın silah satınalmalarında 2018-ci ilədək keçmiş prezident Serj Sarkisyanın ailəsinə yaxınlığı ilə tanınan “DG Arms Corporotion” şirkəti əsas rolu oynayıb. Bu şirkət Montoneqronun MDI (Montenegro Defence Industry) Albaniyanın MEICO və Bosniyanın UNIS hərbi sənaye qrupu ilə sıx əlaqələrə malikdir. “DG Arms Corporotion” və MDİ-nin adı 2012-ci ildə Liviya və Suriyaya qanunsuz silah satışında hallanır. Məlumat üçün bildirək ki, cari ilin aprel ayında MDİ şirkəti özəlləşdirmə proqramı çərçivəsində Serbiyanın “CPR Impex LLC” və İsrailin “A.T.L Atlantic Technology Ltd.” şirkətinin qurduğu konsorsiuma satılıb. “CPR Impex LLC” də Ermənistana gizli silah satışı ilə məşğul olan şirkətlər siyahısındadır.

Tədqiqatçı jurnalist Mari Bastaşevski 2009-cu ildə Serbiyanın “CPR Impex”, “Melvale” şirkətləri ilə “DG Arms” arasında Ermənistana gizli silah transferinə dair anlaşmanın əldə olunduğunu yazır. Onun bildirdiyinə görə, razılaşma sənədlərində adıçəkilən şirkətlərin Ukraynadan və digər ölkələrdən Ermənistana silah və döyüş sursatlarının transferi reallaşdırması əksini tapır.

Hesab edirik ki, Serbiyanın Ermənistana silah satışı yuxarıda göstərilənlərlə məhdudlaşmır. Qarşıdakı dövrlərdə biz Ermənistan Ordusunun silahlanmasında Serbiya istehsalı olan başqa silahlara da rast gələcəyik.

Qeyd edək ki, bu ilin mart ayının 10-da Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın Serbiyanın baş naziri Anoy Brnabiçlə görüşündə də müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə mövzularından biri olub.

Sonda Serbiya şirkətinin iştirakı ilə Azərbaycanın müdafiə sənayesində illər əvvəl başlamış mühüm əhəmiyyətə malik layihənin bu günədək tamamlanmamasında erməni diasporu və onlara dəstək verən qrupların barmağının olması ehtimalı da nəzərdən qaçırılmamalıdır.