Şeyxülislam İranın hansı gözləntisini puç etdi?

Prezident İlham Əliyev 2 gün əvvəl Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı qonşu ölkə İranın Azərbaycana qarşı təhdid siyasətini sərt tənqid edərək bunun yolverilməz olduğunu bəyan etdi.

Dövlət başçısı xatırladıb ki, İranın 3 prezidenti ilə işləyib lakin bu vaxta qədər qonşu ölkənin sərhədlərimizdə dalbadal hərbi təlim keçirməsinin şahidi olmayıb.

İranla münasibətlər son 30 ildə həmişə enişli-yoxuşlu olub. Azərbaycan müstəqilliyin ilk illərində müsəlman dövləti olaraq İrandan ərazi bütövlüyünün bərpası üçün yardım gözləsə də Tehran bunun əvəzində humanitar təşəbbüslər pərdəsi altında böyük geopolitik “pay” oyununda iştirak edib. Ümumi siyasi konyukturanı daim siyasətinə uyğunlaşdıran Tehran Bakı ilə münasibətlərində regionda özünün diqtə etmək istədiyi maraqlarını qoruyub.

Bu ötən 30 ildə Azərbaycan müsəlmanlarını İran-Ermənistan arasında isti və dost münasibət həmişə təəccübləndirib. Din qardaşlığı, müsəlman təəssübkeşliyi və “ümmət birliyi” prinsiplərini bir kənara tullayan İranın teokratik üsul-idarəsi işğal olunan torpaqları, amansızcasına qətlə yetirilən müsəlman bacı-qardaşlarını, yer-yurdundan didərgin salınan milyonlarla azərbaycanlıları seyr etməklə kifayətlənib.

İran Azərbaycan müsəlmanları arasında özünün siyasi maraqlarını təbliğ etməkdən heç vaxt usanmayıb. Bu təbliğatın əsas mesajı “tarixi ərazi”, məzhəb birliyinə söykənərək müstəqil Azərbaycan dövlətinin fundamental əsaslarına şübhə toxumları əkmək olub.

Amma burada həmişə Qafqaz Müsəlmanları İdarəsi ilə qarşı-qarşıya gələn İran təbliğat şəbəkəsi bunu nəzərə almalı olub.

Vətən Müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda statu-kvonu dağıdaraq yeni müstəvi yaradıb. Bu müharibə torpaqlarımızın azad olunnması ilə yanaşı ölkəmizin dostlarını və düşmənlərini də ortaya qoydu. Son 30 ildə “ərazi bütövlüyü” prinsipinin toxunulmaz olması barədə həmrəy bəyanatlar verən bir sıra ölkələr müharibədən sonra mifik “qırmızı xətlər”dən, “sərhəd dəyişikliyinin yolverilməzliyi” barədə sərsəm bəyanatlar səsləndirməyə başladılar. Bu “xorun” əsas ifaçıları sırasında İranın da olması Azərbaycan üçün təəssüf doğuran fakt oldu.

Azərbaycan müharibənin qalibi olaraq regionda yeni təhlükəsizlik sisteminin qurulmasında fövqəladə söz sahibinə çevrilib. Bu, eyni zamanda regionun dünyada logisitika qovşaqları uğrunda gedən mübarizədə böyük imkanlar yaradıb. Azərbaycanla bir yerdə olacaq ölkələr istər enerji layihələrində, istərsə də logisik qovşaqlara çıxışda avantaj qazanacaqlar.

Amma İran bu gepolitik reallığı qiymətləndirmək əvəzinə…ordusunu Araz kənarına tökərək Azərbaycan əsgərinin dünən öz qanı bahasına işğaldan azad etdiyi torpaqların həndəvərinə tank, top, əsgər çıxardı, “Ermənistan sərhədi dəyişdirilə bilməz” bəyanatını verdi.

Bu, artıq siyasi ultimatum idi və din qardaşlığı, müsəlman həmrəyliyi bir kənara atılmışdı.

Məhz belə bir zamanda QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin Bəyanatı aydın səmada ildırım effekti yaratdı.

“Mənim qardaşım məni erməniyə satdı. Milyonlarla şiənin burada ümidi qırıldı”-deyə bəyan edən Şeyxülislamın açıqlaması şok yaratdı. Bu, Azərbaycan müsəlmanlarının dini rəhbərinin İrana qarşı sərt və münasibətlərini kökündən silkələyən demarşı oldu.

“Onların bizim sərhədlərdə manevr etməsi yolverilməzdir. Amma mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Amma bu gün mənim o ümidim qırıldı”-deyə vurğulayan QMİ sədri “niyə bir dəfə bu manevri Ermənistan sərhədində aparmadınız? Biz bunu 30 il gözlədik. Torpaqlarımız işğal olundu, məscidlərimiz yandırıldı”-deyə sual etmişdi.

A.Paşazadənin bəyanatı ildırımsürəti ilə yayıldı və KİV-də, onlayn mediada, sosial şəbəkələrdə qaynar müzakirələr açdı və yekdil dəstək aldı. “Facebook”, “Tik-tok”, “İnstagram” kimi çoxmilyonlu şəbəkələrdə paylaşılan bu bəyanat milyonlarla izləyicilər tərəfindən müzakirə olundu, dəstəkləndi. Hətta QMİ sədrinin tənqidçiləri belə bu mövqeyi müdafiə edən statuslar paylaşdılar. Bəyanat, ona yazılan rəylər, çoxsaylı bəyənmələr göstərdi ki, azərbaycanlılar öz dini rəhbərləri ilə həmfikirdirlər və bununla Tehranın siyasi dairələrinə vahid mövqe nümayiş etdirdilər.

Siyasi müşahidəçilər QMİ sədrinin bu bəyanatını son illərin ictimai-siyasi proseslərin ciddi hadisəsi hesab edirlər.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç öz açıqlamasında bunu “bomba effekti” adlandırmışdı.

Ekspertlərin fikrincə, Şeyxülislam çox yerində və tam hədəfi vuracaq şəkildə İrana mesaj verib və cəmiyyəti kritik dövrdə bir olmağa çağırıb. Qeyd edək ki, bu bəyanat Azərbaycan dini rəhbərinin İrana qarşı açıq və sərt tonda olan ilk belə bəyanatıdır.

Rəsmi Bakı İranla münasibətlərində dini münasibətləri həmişə nəzərə alıb və QMİ sədri bir sıra çağırışların və mövqeyin ifadə olunmasında iştirak edib. Son illərdə İranın əyalət səviyyəsində olan din xadimlərinin ara-sıra atmacalarını nəzərə almasaq Tehran Azərbaycan dini lideri ilə həmişə taraz münasibət saxlayıb. A.Paşazadə də həmişə İran-Azərbaycan münasibətlərinin mərkəzində yer alıb və fəaliyyətində ali dini rəhbərliyi Bakıya dəstəyin mühümlüyünə inandırmağa çalışıb.

QMİ sədrinin sərt bəyanatı İranın Azərbaycan hakimiyyəti ilə yerli müsəlmanlar arasında hansısa mifik fikir ayrılıqlarına olan ümidinə olan zərbə idi. Şeyx bununla göstərdi ki, azərbaycanlı inanclılar öz dövlətini müdafiə edir və burada hansısa ikitirəliyə ümidə yer yoxdur.

“Bu hərbi manevrlərlə nəyəsə ümid edirdilərsə yanıldılar. İndi Azərbaycan o Azərbaycan deyil. Ölkədə xalq –dövlət birliyi yaranıb. Ümid etməsinlər. Dindarlar və mən öz dövlət rəhbərimizlə bir yerdəyik”- deyə QMİ sədri açıqlamasında bəyan edib.

A.Paşazadə açıq mətnlə bildirdi ki, İranın Azərbaycana qarşı belə kobud və təhrikçi addımları bütövlükdə islam dininə zərbə vurur. Şeyxülislam bununla İranın müqəddəs İslam dinindən özünün siyasi məqsədləri üçün istifadə etməkdə ittiham edib.

A.Paşazadənin bu sərt demarşı İranın siyasi dairələrində böyük ajiotaj yaratdı.  QMİ sədri İranı ittiham etməklə göstərdi ki, qonşu ölkə islam və şiə sloqanlarından istifadə etsə də əslində yürütdüyü real siyasət bu prinsiplərdən çox uzaqdır.

Tehranın Ermənistanla dostluğu, sərhəd “hərbə-zorbası” və “qırmızı xətlər” barədə hay-küy bəyan etdikləri “islami dəyərlər və münasibətlər” çərçivəsindən çoxdan çıxıb. Azərbaycan da bunun fərqindədir. Odur ki, QMİ sədrinin bəyanatı Tehranın manipulyasiya cəhdlərinə qarşı ciddi demarş oldu.

“Analitik” Təhlil Mərkəzi 

 

 

Əvvəlki məqalə

“Suriya ilə də münasibətin normallaşması mümkündür” –

Sonrakı məqalə

Rusiyada Spartak” və “Zenit”in oyunçuları arasında dava düşüb –