Şeyxülislam Moskvada din xadimləri, deputat və diaspor nümayəndələri ilə görüşüb-FOTOLAR

Moskvada Azərbaycanın din xadimlərinin Rusiyanın dini icmalarının rəhbərləri və bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşü keçirilib.

II Qarabağ müharibəsində Qələbənin ildönümünə həsr olunmuş görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın baş ravvini Berl Lazar, Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Əvvəlcə İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi anılıb, müqəddəs Qurandan ayələr oxunub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu görüşü açaraq xatırladıb ki, ötən gün Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü keçirilib: “Əlbəttə ki, bu kimi görüşlərdən sonra bugünkü vəziyyətin kökündən dəyişəcəyini gözləmək sadəlöhvlük olardı. Lakin buna baxmayaraq, hər bir görüş, danışıqlar bizi normal dinc həyata yaxınlaşdırır. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın Vətən müharibəsində Böyük qələbəsindən sonra ilk dəfədir ki, Rusiyaya səfər edir. Ona görə də onun Azərbaycan diaspor nümayəndələri və Rusiyadakı dini icmaların rəhbərləri ilə görüşü əlamətdardır”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin görüşdəki çıxışında Azərbaycan oğullarının Vətənin ərazi bütövlüyü uğrunda hər an canından keçməyə hazır olduqlarını söyləyib: “Ona görə də zəfər bizimlədir. Qurani Kərimdə buyurulub ki, əgər insan Allaha tərəf bir addım atarsa, torpağını qoruyarsa, ailəsini qoruyarsa, Allah Təala ona tezliklə fəth, qələbə nəsib edəcək. Onun üçün də biz bu gün Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyev başda olmaqla rəşadətli ordumuz və xalqımızın birliyi nəticəsində 30 il ərzində işğal altında olan torpaqlarımızı azad edə bildik. İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən və şəhid olanlar arasında xristianlar, yəhudilər də var. Bu, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanın qələbəsinin rəmzidir. Üçtərəfli görüşdə erməni katalikos danışanda mən qalib olduğumu hiss elədim, II Qaregin isə məğlub idi. O da bunu hiss elədi. Bu qalibiyyəti bizə bəxş edən Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz idi, xalqımız idi. Bu, haqqın batil üzərində qələbəsi idi. Ona görə də vətənimiz uğrunda şəhid olanlar üçün dualar edirik. Mən çox sevinirəm bu gün Rusiyadakı Azərbaycan diasporu ilə qalib xalqın Şeyxülislamı kimi görüşürəm. Bundan fərəh hissi duyuram. Xalqımla, dövlətimlə, dövlətimin başçısı ilə qürur duyuram. Allah bu qələbəni bizim üçün daimi edəcək”.

Rusiyanın baş ravvini Berl Lazar Azərbaycan və yəhudi xalqları arasında möhkəm dostluq münasibətlərindən danışıb, Bakıya səfəri zamanı ümummilli lider Heydər Əliyev ilə görüşünü xatırlayıb. O, Azərbaycanda böyük yəhudi icmasının firavan yaşamasını, sinaqoq, muzey və yəhudi məktəblərinin fəaliyyət göstərməsini xalqımızın tolerantlığının göstəricisi kimi qiymətləndirib: “Azərbaycanda millətlərarası münasibətlər bütün dünya üçün nümunə ola bilər”.

Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski Azərbaycanın İkinci Qarabağ müharibəsində böyük qələbəsi münasibəti ilə görüş iştirakçılarını təbrik edib: “Prezident İlham Əliyev Qarabağı Azərbaycana yenidən qaytarmaqla öz adını tarixdə əbədiləşdirdi. Azərbaycan Prezidenti atası Heydər Əliyevin vəsiyyətini yerinə yetirmək üçün bu günə doğru addımbaaddım gəlirdi. Tarixi həqiqət zəfər çaldı və İlham Əliyev xalqının tarixinə və dünya tarixinə xilaskar kimi daxil oldu”.

Sonda şəhidlərin ruhuna dualar oxunub, ehsan verilib.(APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ problemi həll olunub” –

Sonrakı məqalə

“Partlayışlarla bağlı narahatlığa heç bir əsas yoxdur” –