Şeyxülislamın ABŞ-a apardığı “Azərbaycan arzusu”

Martın əvvəlində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyətinin görüşləri bir sıra məqamları ilə yadda qaldı.

ABŞ-ın yüksək texnologiyalar mərkəzi kimi tanınan Yuta Ştatının paytaxtı Solt-Leyk-Siti Azərbaycanın tolerantlıq palitrasının canlı şahidi oldu.

“Azərbaycan dünyada multkulturalizm üzrə liderdir. Burada müxtəlif əqidəyə etiqad edənlər və müxtəlif etnoslar sülh və qardaşlıq şəraitində yaşayırlar. Bu, dünya üçün yaxşı nümunədir”- İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbəri Cerardın Azərbaycan nümayəndə heyəti ilə görüşündə dediyi bu sözlərin səfərin leytmotivini təşkil etdiyini deyə bilərik.

Səfər gündəliyi Yuta ştatının ən müxtəlif tərəflərini görmək imkanı yaradıb.

Nümayəndə heyəti Yuta Senatının prezidenti Stüart Adams, Yuta ştatının vitse-qubernatoru Diedre Henderson, Isa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbərləri, G20 Dinlərarası Forum qrupu, habelə Xədicə Məscidində müsəlman İcması, Kol Ami sinaqoqunda Yəhudi İcması və Azərbaycan diasporasının üzvləri ilə görüşüblər.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Brigham Young Universitetini ziyarət edib, burada müəlim heyəti və Eksperimental Dinlərarası Dialoq” auditoriyasının tələbələri qarşısında mühazirə ilə çıxış ediblər.

Yuta ştatının vitse-qubernatoru Diedre Hendersonla görüşdə xanım Henderson Azərbaycan heyətinin nümunəvi dinlərarası tərkibini xüsusil qeyd edib və bundan olduqca məmnun olduğunu bildirib. Xanım Henderson iki ölkə arasında dinlərarası əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu, bununla yanaşı iqtisadi, siyasi, habelə təhsil və mədəniyyət sahələrində əlaqələri inkişaf etdirməkdə ABŞ tərəfinin maraqlı olduğunu vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadənin “İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri” kilsəsinin ali rəhbəri cənab Rassel Nelson ilə görüşü maraqlı olub.

Nelson Şeyxülislamı və onu müşayiət edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevi və Azərbaycanın ABŞ-dakı Səfiri Xəzər İbrahimi salamlayaraq dəvəti qəbul edib ABŞ-a gəldikləri üçün onlara təşəkkür edib.

QMİ sədri ev sahiblərinə nümayiş etdirdikləri səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edərək kilsə rəhbərliyinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb.

 

“İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri” kilsəsi və Qafqaz Müsəlmanları İdarəsinin apardığı fəaliyyətin bir çox istiqamətdə üst-üstə düşdüyünü məmnuniyyətlə qeyd etdilər. Hər iki tərəf dinlərarası dialoq və əməkdaşlığın tərəfdarı olduğunu vurğuladılar.

“Şeyxülislam çox mühüm dini liderdir. O  dostumuzdur”-deyə Cerard bildirib ki, onlar eyni fikri bölüşürlər: “Biz Şeyxülislamla və nümayəndə heyəti ilə eyni dini dəyərləri bölüşürük. Biz azərbaycanlıların timsalında böyük dost qazanmışıq”-deyə Cerard vurğulayıb.

A.Paşazadə öz növbəsində qeyd edib ki, müsəlmanlarla İsa Məsih Kilsəsi arasında fərqliliklər yalnız Allahın məqsədlərinə xidmət edir: “Din, dil və digər fərqliliklər bir-birimizi daha yaxşı tanımağa, münasibətlərimizi daha maraqlı etməyə xidmət edir. Mən görürəm ki, İsa Məsih Kilsəsi biz müsəlmanlara öz qardaşlıq münasibətini göstərir.  Bu Allahın bizə, bütün bəşəriyyətə çağırışıdır. Biz də ona əməl edirik”-deyə QMİ sədri bildirib.

Şeyx deyib ki, Azərbaycanın tolerantlıq modeli İslamın və İsa Məsih Kilsəsinin çağırışlarına söykənir: “İbrahim dininə mənsub heç bir din, heç bir müqəddəs kitab, peyğəmbərlər, yəhudi, xrisitan və müsəlman olmasından asılı olmayaraq heç vaxt nifrətə çağırmayıblar. Biz hamımız Allahın övladlarıyıq”-deyə A.Paşazadə vurğulayıb.

“Azərbaycanın bu modeli bütün dünya, xüsusən ABŞ üçün tətbiqi çox vacibdir. Bu model insanların ilahi identikliyini üzə çıxarmaqda, adamların qardaş və Allahın əziz bəndələri kimi görməyə imkan yaradır” –deyə İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbəri Cerard Azərbaycan nümayəndə heyəti ilə görüşündə deyib.

Yuta səfərində ən yaddaqalan anlardan biri nümayəndə heyətinin şərəfinə Məbəd meydanındakı Konfrans mərkəzində məşhur orqan musiqisinin səslənməsi olub. “Mən orqan musiqisini sevirəm. İmkan düşəndə dinləyirəm. Bu musiqini dinləyərkən ruhum sanki səmaya qalxır”-deyə Şeyxüilslam deyib.

A.Paşazadə və onu müşayiət edən heyət kilsənin xeyriyyəçilik qurumu – Velfeyr (Xeyriyyəçilik) meydanı ilə tanış olub.

Qurum rəhbərinin sözlərinə görə, ötən il dünyanın müxtəlif ölkələrində təqdim olunan ianələrin ümumi həcmi 1 milyard dollar təşkil edib. Eyni zamanda, «Xeyriyyəçilik meydanı» bu il Türkiyədə və Suriyada dağıdıcı zəlzələdən əziyyət çəkənlərə də öz qayğısını əsirgəməmiş və yardım aksiyalarını davam etdirib.

“Bütün nəsillər problemlərlə üzləşir. Amma Allah hər bir insandan ümidsiz yaşamamağı gözləyir. Biz son nəfəsimizə qədər ümidlə yaşamalıyıq. Uca Allahın bizdən istədiyi budur.  Amma bu ümidin qısamüddətli tələbatların ödənilməsi deyil, daha böyük məqsədi var. Mən ümidvaram ki, Allah bizə dünyanı xilas etməkdə yardımını əsirgəməyəcək”-deyə QMİ sədri görüşdə vurğulayıb.

Nümayəndə heyətinin Briqam Yanq Universitetində görüşü zamanı bildirilib ki, burada Azərbaycan dilinin tədrisi üçün sinif açılıb. Yanvar ayında ABŞ-da səfirimiz Xəzər İbarhim Universitetin rəhbəri kevin Vortenlə görüşüb.

Nümayəndə heyətinin tərkibində olan X.İbrahim deyib ki, Yuta Universitetinin tələbələrinin Azərbaycana səfəri perspekitivindən çox şaddır.

Azərbaycan nümayəndə heyəti görüşlər zamanı deyib ki, səfər dini, mədəni və işgüzar əlaqələri möhkəmləndirmək xaraketri daşıyır.

Şeyxülislam deyib ki, Yuta və Azərbaycan arasında isti münasibətlər quberantor Qeri Herbertin zamanından möhkəmlənib. Qubernator 2015-ci ildə Xocalı soyqırımını ititham edən Bəyanatı imzalayıb: “Yuta ştatı bizim bu faciəli soyqırımını tanıyan ABŞ-ın ilk ştatı olub. Azərbaycan bunu heç vaxt unutmayacaq”. 

Ermənistan tərəfindən Azərbaycan ərazilərində bastırılan və bu günədək insan ölümlərinə səbəb olmağa davam edən yüz minlərlə minaların zərərləşdirilməsində Yuta ştatının ölkəmizə praktiki dəstəyini xatırladaraq  buna görə ev sahibi tərəfə bir daha öz təşəkkür edib.

Yuta və Azərbaycanı tolerantlıq, çoxmillətlilik, multkulturalizm baxımından ümumi oxşarlığı var. Belə səfərlər Azərbaycanla əlaqələrin yaxşılaşması üçün vacib əhəmiyyət daşıyır.

 

 

QMİ sədrinin xarici səfərləri həmişə ciddi mesajları ilə yadda qalır. Şeyxülislamın xrisitian dünyası ilə əməkdaşlığının kökündə müsəlman dövləti olan Azərbaycanın nail olduğu dini həmrəyliyi dünyaya tanıtmaq durur.

A.Paşazadənin Roma Papası, Rusiya Patriarxı,  Avropa və islam ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşləri, səfərlərində səmavi dinlərin əməkdaşlıq perspektivləri aparıcı xətt olub.

Qafqaz Müsəlmanları İdarəsinin bir sıra Avropa ölkələrində – Almaniyada, Avstriyada, İspaniyada Prezident İlham Əliyevin bəyan etdiyi dini tolerantlıq prinsiplərinin təbliği ilə bağlı keçirdiyi beynəlxalq konfransları da müzakirə meydanı olmuşdu.

Ötən illərə nəzər saldıqda bunu aydın görmək mümkündür. QMİ sədrinin Avropanın mötəbər dini toplantılarında iştirakı, bu təşkilatların rəhbərliyində təmsil olunması ölkəmiz üçün burada yaxaşı imkanlar yaradır. A.Paşazadənin Vatikana ötən il etdiyi səfəri qeyd etmək olar. Papa görüş zamanı Azərbaycana səfərini xatırladıb və ölkəmizin dinlərarası dialoqa verdiyi önəmin canlı şahidi olduğunu etiraf edib.

Ötən il Avropa Şurasının dinlərarası dialoq mövzusunda keçirəcək beynəlxalq konfransda iştirak edən QMİ sədri Avropa Şurasının sədr müavini Byorn Berq ilə görüşüb. Şeyx konfransda geniş məruzə ilə çıxış edib.

QMİ sədri Vyanada,  Böyük Britaniyada keçirilən beynəlxalq Konfranslarda, Moskvada XVIII Beynəlxalq Müsəlman Forumundakı çıxışlarında Azərbaycanda din və etiqad azadlıqlarının qorunması, multikultural, tolerant mühitdən bəhs edib.

Bu görüşlərdə Azərbaycanın birgəyaşayış modelinə olan etimad bir sıra dairlər tərəfindən ölkəmizə qarşı aparılan bədnam siyasi kampaniyalara yaxşı cavab sayılır.

Azərbaycanın tolerantlığı neçə illərdir ki, Avropa üçün xoş təəccübə və nümunəyə çevrilib. Ölkəmizdə insanlar dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, qarşılıqlı hörmət və vahid dövlətin eyni hüquqlu vətəndaşı kimi yaşayırlar.

Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib. Təsadüfi deyil ki, ölkəmizdə keçirilmiş Dünya Dini Liderlərinin Zirvə Görüşləri, Humanitar Forumlar Azərbaycana öz dini, milli köklərinə bağlı olan ölkə olaraq tolerant və multikultural dəyərlərini dünyaya təqdim etməyə imkan yaradır.

ABŞ səfəri də bu baxımdan Azərbaycanın nail olduğu mili-dini həmrəylik modelinin nümayişi üçün yeni fürsət oldu.

Dünyanın super dövlətinə edilən səfərin nəticələri vaxtaşırı dini durumla bağlı illik hesabatlara, həm də qərblə siyasi diplomatik münasibətlərə öz izini qoyacağı şəksizdir.

Burada mühüm bir məqam isə Ermənistanın yalançı təbliğatını dağıdacaq məqamlardır. ABŞ-ın siyasi dairələrinin, elm cameəsinin və nufuzlu din xadimlərinin bu səfər zamanı Azərbaycanın multkultural irsinə etimad və ehtiramı ermənilərin dini zəmində ittihamları, mədəni –milli zəmində “təzyiqlərlə” bağlı isterik və böhtan kampaniyalarına qarşı tutarlı cavab saymaq olar.

Azərbaycan nümayəndə heyətinin səfəri tolerantlığı, etiqad həmrəyliyini ABŞ-da nümayiş etdirməyə fürsət verdi. Prezident İlham Əliyevin siyasətinin aparıcı trendlərindən olan bu prioritetlər dövlətimizi sivil cəmiyyət olaraq təqdimatı üçün unikal platforma yaradır. Min illik ənənələrə söykənən multkulturalizm tablosu ölkəmizin ən qiymətli irsidir.

ABŞ-a bu səfərin nəticələri bunu bir daha təsdiq edir.

Aydın ABBASOV

 

 

 

 

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Tovuzda hoteldə 20 yaşlı gənc qadının meyiti tapıldı