Şeyxülislamın, Ravvinin və Müqəddəs atanın erməni kilsəsinə vahid mesajı

07 Noyabr 2020 - 23:00

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata ABŞ-ın nufuzlu “Newsweek” nəşrində birgə məqalə ilə çıxış ediblər.

Onlar “Qarabağın gələcəyi üçün inancda birləşmək” adlı məqalədə Dağlıq Qarabağ münaqişəsi çərçivəsində başlayan hərbi əməliyyatları dini müharibə kimi təqdim edənlərə cavab veriblər.

Məqalə bu gün Azərbaycanda fərqli dinlərə etiqad edənlər arasında qarşıdurma salmaq istəyən qüvvələr üçün bir “soyuq duş” da hesab etmək olar.

Zaman-zaman Qarabağ münaqişəsinə dini don geyindirməyə cəhd edən Ermənistanın yalançı göz yaşları din qardaşlarının duyğularının istismarına hədəflənib.

Bu gün də Yerevan Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsini “din davası” kimi təqdim etməyə cəhd göstərməklə bu siyasəti körükləyən avanturist dairələrin maraqlarına oynayır və ictimai rəyi aldatmağa çalışır. Elə təbliğat fonu yaradılır ki, Qafqazdan uzaqda yaşayan avropalı burada guya tənha qalmış “din qardaşları”nın “qəddar müsəlmanlar” tərəfindən qətlə yetirildiyini düşünsün.

Halbuki, səmavi dinlərin nümayəndlərinin çiyin-çiyinə, etmad şəraitində yaşadığı bu coğrafiya qədim zamanlardan bəri müxtəlif dini inanc sahiblərinin birgə vətəni olub.

ABŞ jurnalında yazdıqları məqalədə müsəlman, yəhudi, xristian din xadimləri bəyan ediblər ki, Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmaya başqaları nə qədər dini don geyindirməyə çalışsa da, bu münaqişə heç bir dini mahiyyət daşımır və Azərbaycan “müsəlman işğalçısı” rolunu oynamır.

Qeyd etdiyimiz kimi, Qarabağ münaqişəsi dini mahiyyət daşımasa da, zaman-zaman onu “müqəddəs müharibə”yə çevirməyə çalışıblar. Lakin onların bu məqsədi baş tutmayıb. Məhz  din xadimləri bu münaqişəyə dini don geyindirilməsinin qarşısını almaqda mühüm rol oynayıblar.

Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin və onun sədri Allahşükür Paşazadənin bununla bağlı fəaliyyəti münaqişəyə bu kimi planlar üçün əngəl olub. QMİ-nin dövlətin bəyan etdiyi tolerant  prinsiplərə söykənən fəaliyyəti Azərbaycanı dünyanın multikultural vitrinində ən cazibədar ölkəyə çevirərək ona etimad və hörmət gətirir.

Müxtəlif toplantılara, mötəbər beynəlxalq konfranslara ölkədə olan 3 müxtəlif dini konfessiyasının rəhbərləri ilə qatılan Azərbaycan nümayəndə heyətinin tərkibini dini həmrəyliyin dünyada arzu olunan tablosu saymaq olar.

Bu baxımdan QMİ çoxkonfessiyalı ölkəmizdə dindarların vahid platformasını formalaşdırmaqda mühüm rol oynayıb. Bununla da dövlətin bu istiqamətdə apardığı siyasətin uğuruna öz töhfələrini verib.

Bu gün xarici dairələrin bütün cəhdlərinə rəğmən ölkədə dini kəsimdə heç bir pərakəndəlik yoxdur, konfessiyalar arası ziddiyətlər müşahidə olunmur.

ABŞ nəşrindəki məqalədə deyilir ki, Azərbaycan işğalçı – müsəlman və ya başqa biri rolunu oynamır: “Bir vaxtlar erməni və rus pravoslav kilsələrinin məscidlərlə yanaşı olduğu yerdə, bu gün Dağlıq Qarabağda yalnız erməni kilsələri açıqdır. Digər ibadət yerləri dəyişdirilib, zədələnib və ya dağıdılıb.  Azərbaycanda isə eyni şəhər və qəsəbələrdə kilsələr, sinaqoqlar və məscidlər dinc fəaliyyət göstərə bilir”.

Bunlar təkzibolunmaz faktlardır.

Tanrıya sevgidən daim dəm vuran Ermənistanın işğalda saxladığı ərazilərdə dini abidələrə münasibəti bu günlərdə çılpaqlığı ilə üzə çıxır. Azərbaycan Ordusunun azad etdiyi rayonlarda, kəndlərdə dağıdılmış məscidlər, xarabazara çevrilmiş ziyarət məkanları mənfur düşmənin hansı əxlaqa sahib olduğunu bir daha nümayiş etdirir.

Azərbaycan bütün bu illər ərzində münaqişənin dinc yolla, ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həlli üçün çalışıb. Bu yöndə din xadimlərinin görüşlərinə, danışıqlarına sülh missiyasının vacib tərkib hissəsi kimi baxılıb. Təəssüf ki, Ermənistan siyasi dairələrinin cinayətkar -militarist ritorikasına Erməni Apostol Kilsəsinin qoşulması onları fani dünyada uca Allahın bəyan etdiyi humanizm, mərhəmət, şəfqətin deyil, şeytani nifrətin təbliğatçısına çevirib.

Dinlərin qarşılıqlı dialoquna nail olmaq Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan bu baxımdan dini tolerantlığın gözəl nümunəsini ortaya qoyub.

 

Elə bu günlərdə ABŞ Dövlət Departamentinin Antisemitizmə nəzarət və mübarizə üzrə missiya rəhbəri, xüsusi elçi Elan Karr antisemitizmlə mübarizə məsələlərinə həsr olunmuş telekonfransdakı nitqi zamanı Azərbaycanı təkcə dinlər və xalqlar arasında tolerantlığın yox, həm də müsəlman çoxluğu ilə xristian və yəhudi icmaları arasındakı həqiqi hörmət baxımdan da “nümunə ölkə” adlandırıb.

“Vaxtilə yəhudi icması sinaqoq tikəndə və yaxud təmir etdirəndə vəsaitləri olmazdı. Müsəlman imamı, müsəlman icmasının lideri şəxsən məsələyə qarışaraq sinaqoqu təmir etdirmək üçün əlavə vəsait tapmağa kömək edirdi. Bu cür hadisələr dilə gətirilməlidir. Bu məsələyə dair dünyada yaxşı xəbərlərin çox olduğunu daha əvvəl demişdim. Həqiqətən dünya üzrə, o cümlədən Yaxın Şərqdə, müsəlman dünyasında, Avropada xeyli yaxşı xəbərlər var. Biz də həqiqətən bu hadisələri dilə gətirməliyik. Çünki bunlar hamımızın can atdığımız mehriban gələcəyə, yəni təkcə tolerantlığın yox, müxtəlif milli və etiqad icmaları arasında hörmətin olacağı gələcək üçün mühüm ilham mənbəyidir”, – Ağ Ev rəsmisi deyib.

Ölkəmizdə dini tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqı və islam dini və digər konfessiyaların birə əməkdaşlığı, dostluğu və tolerantlığı misilsiz rol oynayıb. Belə mədəni əməkdaşlıq yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşdırıb.

Emin Abbasov