Danimarkanın Orxuss Universitetindən olan alimlər aşkar ediblər ki, siqaret çəkmə depressiv və biopolyar pozuntuların yaranması riskini artırır.
AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri Norveçin “Acta Psychiatrica Scandinavica” (APS) jurnalında dərc olunub.
Tədqiqatda 350 minə yaxın insan iştirak edib, onların məlumatları bioloji nümunələrin ən böyük saxlanma yeri olan Böyük Britaniyanın biobankından götürülüb. Alimlər iştirakçıların sağlamlığının vəziyyəti barədə məlumat toplayıb, onlarda zərərli vərdişlərin və psixi xəstəliklərin olub-olmadığını müəyyənləşdirib, eləcə də onların DNT-ni təhlil ediblər.
Tədqiqatçılar siqaret çəkən iştirakçıların genomlarında bir sıra təkrar olunan genetik variantlar aşkar ediblər. Çox güman ki, bu zərərli vərdişə meyillilik irsi xarakter daşıyır. Eyni zamanda, övladlığa götürən siqaret çəkən valideynlərin uşaqları da yüksək nikotin asılılığı riskinə malik olub.
Alimlər ehtimal ediblər ki, nikotin beyində serotoninin udulmasına maneə törədir, bu da depressiyanın yaranmasına səbəb ola bilər. Belə bir fikir var ki, bu xəstəlikdə neyromediator maddələrinin (serotonin və noradrenalinin) mübadiləsi pozulur. Başqa sözlə, insan orqanizmi onlardan birini artıq kifayət qədər istehsal etmir. Emosional yüksəliş (maniya) və tənəzzül (depressiya) epizodlarının əvəzlənməsi ilə xarakterizə olunan bipolyar pozuntu da bu patologiya ilə müşayiət olunur.