ABŞ Prezidenti Donald Trampın administrasiyası dünyanın müxtəlif ölkələrindəki səfirlik və konsulluqlarda viza müraciətlərinə baxılmasını müvəqqəti dayandırıb.
Bu barədə Reuters ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, qərar qlobal miqyasda keçirilən təlim tədbirləri ilə əlaqədardır. Bu səbəbdən viza xidmətləri üzrə qəbul cədvəlinin təlimlər başa çatana qədər dəyişdiriləcəyi qeyd olunur.
Reuters bununla yanaşı, viza xidmətlərindəki fasilənin Tramp administrasiyasının davam edən sərt miqrasiya siyasəti fonunda baş verdiyini vurğulayır. Tramp Ağ Evə qayıtdıqdan sonra qeyri-qanuni miqrantların kütləvi deportasiyasına başlayıb və ABŞ-ın immiqrasiya siyasətini sərtləşdirib. Bu çərçivədə vizaların və “yaşıl kart”ların ləğvi, eləcə də xarici vətəndaşların siyasi mövqelərinə görə müraciətlərinin rədd edilməsi kimi addımlar atılıb.
200 minə qədər şəxsin vizası ləğv edilə bilər
Associated Press daha əvvəl yazıb ki, ABŞ Dövlət Departamenti 2016–2026-cı illər arasında xarici vətəndaşlara verilmiş B1 biznes və B2 turist vizalarının bir hissəsini ləğv etməyə hazırlaşır. Söhbət ABŞ-da sığınacaq istəyən şəxslərdən gedir. Bu qərarın 200 minə qədər xarici vətəndaşa təsir göstərə biləcəyi bildirilir.
Bu, həyata keçiriləcəyi təqdirdə, ABŞ tarixində vizaların ən genişmiqyaslı ləğvi olacaq.
Lakin Dövlət Departamenti belə vizaların ləğvinin avtomatik olaraq həmin şəxslərin dərhal deportasiya ediləcəyi anlamına gəlmədiyini açıqlayıb.
Son 18 ay ərzində ABŞ təxminən 175 min vizanı ləğv edib. Bunlar arasında cinayət törətməkdə təqsirləndirilən və ya məhkum olunan şəxslərlə yanaşı, ABŞ administrasiyasının siyasətini açıq şəkildə tənqid edən xarici vətəndaşların da olduğu bildirilir.
ABŞ Dövlət Departamenti vizaların ləğvi praktikasının immiqrasiya nəzarəti vasitəsi kimi davam etdiriləcəyini açıqlayıb.
75 ölkənin vətəndaşlarına məhdudiyyət
Tramp administrasiyası artıq 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsinə müddətsiz fasilə tətbiq edib. Siyahıya Rusiyanın da daxil olduğu bildirilir.
Tramp seçki kampaniyası zamanı Ağ Evə qayıtdıqdan sonra ABŞ tarixində qeyri-qanuni miqrantların ən böyük deportasiya kampaniyasına başlayacağını vəd etmişdi.
The Washington Post-un məlumatına görə, administrasiya prezidentliyinin ilk ilində 1 milyona qədər şəxsi ölkədən çıxarmağı planlaşdırırdı.
ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) keçirdiyi genişmiqyaslı reydlər zamanı yüzlərlə Rusiya vətəndaşının da saxlanıldığı bildirilir.
Məlumata görə, 2025-ci ildə müharibədən qaçaraq ABŞ-a gedən təxminən 200 Rusiya vətəndaşı Rusiyaya deportasiya edilib.
N.Talıblı