Siyavuş Novruzov müstəqil və digər siyasi partiyalardan olan deputatlara müraciət etdi

02 Dekabr 2019 - 12:48

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deputatlara müraciət edib.

APA-nın xəbərinə görə, Siyavuş Novruzov müstəqil və siyasi partiyalardan olan deputatları YAP üzvlərinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciətinə dəstək verməyə çağırıb.

S.Novruzov deyib ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsi təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir: “Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yeniləşməsinə, dərin islahatlar strategiyasına uyğunlaşmasına, dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə büruzə verir”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini açıqlayıb. Noyabrın 28-də YAP üzvü olan deputatlar məsələ ilə bağlı Milli Məclisə müraciət ediblər.