Naməlum şəxs Slovakiyanın Baş naziri Robert Fitsoya odlu silahdan atəş açıb.
Azpost.info xəbər verir ki, bu barədə Slovakiyanın “Dennik N” qəzeti yazıb.
Fitsonun yaralandığı, hücum edən şəxsin isə polis tərəfindən saxlanıldığı bildirilir.
Baş nazirə qarşı sui-qəsd hökumətin Qandlova şəhərində toplantısından sonra baş verib. Nazirlər Kabinetinin üzvləri Slovakiyanın iki regionunda sosial-iqtisadi vəziyyəti müzakirə ediblər.
İclasdan sonra Baş nazir yerli sakinləri salamlamağa çıxıb və bu zaman bir neçə dəfə atəş açılıb. Fitso döş qəfəsindən və mədəsindən yaralanıb. O, dərhal xəstəxanaya yerləşdirilib.
Polis ərazini mühasirəyə alıb, hökumətin iclas keçirdiyi mədəniyyət mərkəzi boşaldılıb.
Slovakiya prezidenti Zuzana Çaputova Fitsoya qarşı sui-qəsdi qəddarlıq adlandırıb.
Robert Fitso 2023-cü ilin oktyabrında Slovakiyanın baş naziri vəzifəsini icra edir. Seçki kampaniyası zamanı o, Ukraynaya hərbi yardıma qarşı çıxacağına söz vermişdi.
— Newsfeed (@Newsfeed883920) May 15, 2024
Azpost.info