SOCAR-a yeni vitse-prezident təyin olundu –

SƏRƏNCAM
03 Dekabr 2019 - 10:18

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

“Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə hələ təyinat olmayıb.

Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olub. 1983-1985-ci illərdə hərbi xidmətdə olub və xidməti tamamlayaraq 1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olub.

İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnib. Həmin il 28 May neft-qazçıxarma idarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlayıb. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra edib.

1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra BP Exploration Caspian Sea Limited şirkətində əməliyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışıb. 2007-2010-cu illərdə SOCAR-ın Azneft istehsalat Birliyinin 28 may NQÇİ-nin rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilib.

Daşqın İskəndərov 2010-cu ildə “Azneft” İstehsalat Birliyində Baş direktorun 1-ci müavini vəzifəsində işləyib, 2011-ci ildən etibarən Azneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.

Evlidir, 2 övladı var.