SOCAR Bolqarıstanın 10 məktəb və uşaq bağçasını təbii qazla təmin edəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “M-Gaz” şirkəti ilə birgə Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara birbaşa təbii qazın tədarükünə başlayıb.

SOCAR, “M-Gaz” və Ruse bələdiyyəsinin birgə həyata keçirdiyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin lazımi həcmdə təbii qaz tədarük etməyi öhdəsinə götürdüyü “hibrid qazlaşdırma” pilot layihəsinin əsas benefisiarı Ruse bələdiyyəsinin Nikolovo kəndində yerləşən “St. St. Cyril and Methodius” ibtidai məktəbidir.

Məktəbdə sıxılmış təbii qaz (CNG) qurğusunun tikintisinin başa çatması münasibətilə təşkil olunan mərasimdə SOCAR-ın Balkanlar üzrə regional ofisinin rəhbəri Murad Heydərov, Ruse şəhərinin meri Penço Milkov və M-Qaz şirkətinin baş icraçı direktor Stoyan Manolov iştirak ediblər.

Bu, SOCAR ilə “M-Gaz” şirkəti arasında 21 iyun 2024-cü il tarixində Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlanılması ilə əsası qoyulan uğurlu tərəfdaşlığın davamıdır.

Yaxın bir neçə ayda Ruse vilayətində daha 10 məktəb və uşaq bağçasının SOCAR-dan təbii qaz alması planlaşdırılır. Bu layihə Rusedə karbon emissiyalarını və enerji xərclərini azaltmağa kömək edəcək.

Ölkənin qaz istehlakının 50 faizini təchiz edən SOCAR Bolqarıstanın qaz bazarında iştirakını genişləndirərək daxili paylama sektorunda təxminən 7,5 faiz paya sahib olmağı hədəfləyir.

SOCAR bu ölkənin bir sıra bələdiyyələrində iqlimə daha uyğun təbii qazın tədarükünü həyata keçirməklə, tədricən ənənəvi enerji mənbələrindən (mazut, linyit, dizel) imtina edilməsi, Bolqarıstanın iqlimin qorunması strategiyasının həyata keçirilməsi və karbon emissiyalarının azaldılması istiqamətlərindəki səylərinə töhfə verir.

Əvvəlki məqalə

Səfərbərlik Xidmətinin 9 əməkdaşı məsuliyyətə cəlb edilib

Sonrakı məqalə

Dünya bazarında çay və şəkər neçəyədir? –