Sosial şəbəkələrdə dini mübahisələr –

QMİ sədrini hədəfə alanlar nəyə xidmət edir?
22 Aprel 2020 - 17:30

Qloballaşma erası kimi qeyd olunan 21-ci əsrdə populyarlıq qazanmış sosial şəbəkələr həmçinin ölkənin təhlükəsizliyi ilə bağlı yeni təhdidləri də gətirib.

Bu sırada dini müstəvi də kənarda qalmayıb. Radikal təməlçiliyi, dini nifrəti cəmiyyəti parçalamaq üçün bir vasitəyə çevirən maraqlı qüvvələr dininin barış təbliğ edən ideyalarını təbliğ edənlərə qarşı gözdənsalma kampaniyası aparan şəbəkə qura biliblər.

Belə həssas dönəmdə Azərbaycan üçün  cəmiyyətdə harmoniyanı, tolerantlığı və həmrəyliyi qoruyub saxlamaq vacib məsələyə çevrilir. Çünki ölkəmizi milli və dini qarşıdurmalara cəlb etmək üçün cəhdləri bitmir.

Bu gün ölkədə sürətlə artan onlayn KİV-lərin yüz minlərlə oxucusu, sosial şəbəkələrin milyonu ötən istifadəçisi vardır. İnternet informasiya yayımının ənənəvi şəbəkəsini dağıdıb və yeni trendlərini ortaya qoyub. Hər bir şəxsin istədiyi məlumatı özü anladığı kimi yaymaq azadlığı oturuşmuş peşəkar media ənənələrini zədələyib.

Bu baxımdan dövlətlərdə dini harmoniyanı pozmağa yönəlik baxışların təbliği ilə bağlı məlumatlar ciddi narahatlıq yaradır. “Öz özünə gəzən pişik” adlandırılan internetin virtual məkanında nifrət və dini dözümsüzlük aşılayan kontentlərin çoxalması özlüyündə dövlətin siyasi əsasları üçün təhlükə yaradır, cəmiyyətdə sabitliyə ziyan vurmaq potensialını daşıyır.

Azərbaycanın internet seqmentində ölkədə milli və dini zəmində etimazdsılıq yaratmaq üçün cəhdlər də gözə dəyir. Bilərəkdən yazılmış və emosiyalara hesablanmış bu statuslarda, təhrif olunmuş videolarda Qafqaz Müsəlmanları İdarəsinin, onun sədri Allahşükür Paşazadənin fəaliyyətinin təftişi və bunu əldə bayraq edib məzhəb mübahisələrinə rəvac verməyə can atmaq diqqəti çəkir. QMİ-nin, ayrı-ayrı dini icma rəhbərlərinin, inanclı kəsim tərəfindən sözü eşidilən şəxslərin sosial şəbəkələr vasitəsi ilə nufuzdan salınması üçün aparılan kampaniya əslində Azərbaycan dövlətinin ən unikal nümunəsi olan tolerantlıq və multkulturalizm siyasətinə qarşı yönəlib.

Ekspertlərin fikrincə, hazırkı situasiyada belə cəhdlər yalnız bir sıra qüvvələrin marağında ola bilər.

Təhlükəsizlik üzrə tanınmış ekspert, Dövlət Təhlükəsizlik Komitəsinin istefada olan zabiti İlham İsmayılın fikrincə, sosial şəbəkələr və youtub-da ayrı-ayrı ictimai xadimlərə və dini rəhbərlərə qarşı aparılan kampaniya təsadüfi deyil.  Ekspertin sözlərinə görə, etnik-dini zəmində yaradılan süni mübahisələrə rəvac verilməsi, Azərbaycanın dini rəhbərliyinin təhqir olunması, məzhəb mübahisələrinin qızışdırılması cəhdləri əvvələr də olub: “Burada bir qəsdin, bu kampaniyadan yararlanmaq istəyən qüvvələrin mövcudluğu istisna olunmur. Sosial şəbəkədə müəyyən bir ideya qəsdən ortaya atılır və ətrafında müzakirələrə rəvac  verilir. Burada vəziyyətdən istifadə etməyə çalışan qüvvələr də  var”.

İ.İsmayılın fikrincə, din həssas mövzudur: “Bütün dövrlərdə din təhlükəsizlik baxımından dövlətin nəzarətində olub. Belə həssas mövzuya  bizim kimi cəmiyyətlərdə xüsusi yanaşma var. Gözdənsalma,  məzhəb tərəfdarı kimi öz fikrini zorla yeritmək cəhdləri “gizli mina”lardan xəbər verir. Müəyyən dərəcədə onun təzahürlərini görmüşük.  Belə situasiyalarda ehtiyatlı olmaq lazımdır. Marrifləndirici yazılara ehtiyac var”.

Ekspert  qeyd edib ki, bu məsələ təhlükəsizlik nöqtəyi-nəzərindən nəzarətdə olmalıdır: “Belə yazılara dəstək verən, müzakirələrə qoşulanlarla müəyyən proflaktik söhbətlər etmək lazımdır. TV-də maarifləndirici verilişlər olmalı, deyilməlidir ki, belə həssas dönəmdə bu cür müzakirələr əks-təsirlərə səbəb ola bilər”.

İ.İsmayılın sözlərinə görə, mürəkkəb situasiyalarda sosialji -psixoloji durum elə olur ki, insanlar qaldırılan ayrı-ayrı məsələlər ilə bağlı münasibətlərini açıqlayır: “ Yaxşı olardı ki, tanınmış şəxslər belə mürəkkəb dövrlərdə diqqətli olsunlar. Onların hər hansı o qədər də uğurlu sayılmayacaq bir sözündən yapışıb yararlanmaq istəyən pis qüvvələr var. İnanmıram ki, yaxşı adamlar bu şəxslərin hansısa yüngül səhvini şişirtsinlər. Buna hazır olan adamlar var, vəziyyətdən dərhal istifadə edirlər”.

Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəylinin fikrincə, sosial şəbəkələr əslində dini müzakirə obyekti olmamalıdır. Onun sözlərinə görə, çünki belə müzakirələr istər-istəməz müxtəlif yöndə gedən təsirlərə məruz qalan bilir: “Fikrimcə, ölkədə dini qarşıdurma salmaq istyən qüvvələrin cəhdi hiss olunur. Azərbaycanda belə qarşıdurma yaratmaq istəyən şəxslər ola bilsin sosial şəbəkələrdə fəallıq göstərirlər”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə qarşı aparılan böhtan kampaniyasını pisləyən Q.Əlibəyli bunun qəti əleyhinə olduğunu vurğulayıb: “Azərbaycanda inanclı kəsimin dini rəhbəri barədə böhtan və təhqir xarakterli yazıların yazılması yolverilməzdir. Ölkədə dini rəhbər bir növ toxunulmaz olmalıdır. Dinə etiqad ediriksə, deməli dini rəhbərimizə də hörmətlə yanaşmalıyıq.  Bu cür hörmətsizlik əslində dini dəyərlərin özünü gözdən salmaqdır”.

Q.Əlibəylinin sözlərinə görə, xaricdə və daxildə müəyyən qüvvələr çalışırlar ki, öndə gedən rəhbərləri, ictimai və dini xadimləri nufuzdan salsınlar: “Onların məqsədi odur ki, həmin adamların cəmiyyətdə sözü keçməsin. Bu meyl hiss olunur. Təkcə dini müstəvidə yox, başqa digər müstəvidə də bu meyl hiss olunur. Belə cəhdlərə qarşı insanlar öz etirazını bildirməlidir”.

Partiya sədri bildirib ki, Azərbaycanda dini dözmlülük və multkulturalizm mövcuddur. Prezident İlham Əliyev Azərbaycanda əldə olunan bu nümunənin dünyada razılıqla qarşılandığını bəyan edib: “Ölkədə dini multkulturalizm formalaşıb. Bu barədə prezidentin fikirləri tam doğrudur. Bu mühitin dağıdılması üçün ölkə daxilində və xaricində müəyyən çağırışlar var. Belə cəhdlərin qarşısı dərhal alınmalıdır. Dini ekstremizmə çağırışlara hüquqi qiyməti verilməlidir”.

Bu gün xaricdən körüklənən dini – məzhəb qarşıdurmaları cəhdlərinə  qarşı Azərbaycan dövlətinin, QMİ-nin və cəmiyyətinin vahid mövqeyi ortadadır. Həmrəylik və dialoq mesjlarının əsas şərti isə doğru informasiyanın mövcudluğudur.  Məhz onlayın müstəvidə yayılan  məlumatların vasitəçiliyi ilə ictimai rəy yaranır və insanlar  müsbət  yaxud mənfi fəaliyyəti ayırd etmək üçün bu məlumatlara istinad edirlər. Odur ki, sosial şəbəkələr üzərindən belə təhlükəli müzakirələrə rəvac verənlər, bununla da cəmiyyətdə qarşıdurma salmaq istəyənlər öz böhtanlarını yaymaq üçün bu platformanı əlverişli məkan hesab edirlər. Buna qarşı effektli mübarizə üçün bu onlayn platformada dini həmrəylik və tolerantlq prinsiplərinin təbliği vacib məsələdir.