Azərbaycan parlament nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri davam edir.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətini salamlayan Sergey Lavrov bu səfərin Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına dəyərli töhfə olacağına inamını bildirib.
Qeyd edilib ki, Rusiya tərəfi yeni tərkibli Milli Məclisin nümayəndə heyətinin ilk səfərlərlərdən birini Rusiya etməsini yüksək qiymətləndirir. Ümumiyyətlə, yüksək səviyyəli dövlət məmurlarının o cümlədən, Azərbaycanın yeni xarici işlər nazirinin Rusiyaya bu cür səfərləri tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir. Sergey Lavrov qeyd edib ki, Azərbaycan rəsmiləri ilə aparılan söhbətlər zamanı hər iki ölkənin prezidentləri – Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı zamanı qaldırılan məsələlərin həlli üçün birgə səylərin artırılması qərara alınmışdır. Rusiya Azərbaycanla həyatın bütün sahələrində o cümlədən, diplomatik müstəvidə münasibətlərini daha da dərinləşdirmək niyyətindədir.
Rusiyanın Xarici İşlər naziri Azərbaycan parlamentinin Rusiya Federal Şurası Dövlət Duması ilə əlaqələrini, nümayəndə heyətlərimizin beynəlxalq parlament təşkilatlarında iştiraklarını önəmli hesab edib.
Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan-Rusiya münasibətləri çoxəsrlik ənənəyə malikdir və həmişə öz xarakterik xüsusiyyətləri ilə seçilib. S.Qafarova bildirib ki, dövlət müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri olan Rusiya ilə Azərbaycan arasında bu illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksələn güclü bir əməkdaşlıq formalaşıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında müntəzəm təmaslar, etibarlı münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə edilə bilən münasibətlərimizə dinamizm verir.
Mükəmməl siyasi dialoqla yanaşı, ölkələrimiz arasında iqtisadi əlaqələr bu gün də dinamik inkişaf edir. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir.
İki ölkə arasında bölgələrarası əməkdaşlıq coğrafiyasının sürətlə genişlənməsinə diqqət çəkən Milli məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu gün Azərbaycan Rusiya Federasiyasının subyektləri – Dağıstan və Tatarıstan, Həştərxan, Saratov, Sverdlovsk Ulyanovsk, Yekaterinburg, Vladimir, Volqoqrad və digər bölgələrlə fəal əməkdaşlıq edir.
Sədr qeyd edib ki, dövlətlərimizin parlamentləri də Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin inkişafında böyük rol oynayır: “Bu gün Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi arasında 9 yanvar 2001-ci il tarixli Əməkdaşlıq Sazişinin müddəalarına əsaslanan əlaqələr daha dinamik xarakter alır. Azərbaycan və Rusiyanın milli parlament nümayəndə heyətləri ənənəvi olaraq ən vacib və aktual məsələlərdə bir-birini dəstəkləyərək müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirlər”.
Milli Məclisdə və Federal Məclisdə dostluq qrupları fəaliyyət göstərir və qurumlar arasında daimi ikitərəfli parlamentlərarası komissiya mövcuddur.
S.Qafarova qeyd edib ki, Cənubi Qafqazda etnik rusların sayca ən çox yaşadığı ölkə Azərbaycandır: “Ölkələrimiz arasında 200-dən çox ikitərəfli sənəddən ibarət güclü hüquqi baza mövcuddur.
Bunların arasında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik Müqaviləsi, habelə Bakı Dostluq və Strateji Əməkdaşlıq Bəyannaməsi var”.
Milli Məclisin Sədri bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgənin istənilən inkişafına ciddi maneələr yaratmağa davam edir: “Azərbaycan münaqişənin sülh yolu ilə siyasi həllinə sadiqdir. Münaqişənin həlli BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.
Bütövlükdə, ATƏT-in Minsk Qrupunun nəticəsiz fəaliyyəti fonunda bu qrupun həmsədri olan Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal iştirak edir. Rusiya tərəfi bu sahədə çox səy göstərmişdir. Bununla birlikdə, son vaxtlar Ermənistanın Baş naziri N.Paşinyanın münaqişənin həlli üçün kompromis variantının yalnız Azərbaycanın Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıması şərtilə müzakirə edilə biləcəyi barədə “yeddi şərt” deyilən absurd açıqlamaları, münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir.
Həm də N.Paşinyanın erməni işğalı altındakı Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulması barədə verdiyi açıqlamalar tənqidlərə davam gətirmir”.
Milli Məclisin Spikeri Dağlıq Qarabağın tarixinə kiçik bir ekskurs edərək diqqətə çatdırıb ki, 1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb: “Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən imzalanıb. Sonralar 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycanın digər əraziləri də Rusiya imperiyasının tərkibinə keçdi. Rusiya imperiyası süquta uğradıqdan sonra 1918-ci ildə Azərbaycanda Azərbaycan Demokratik Respublikası yaradıldı və 2 il mövcud oldu. 1920-ci ildə isə, məlum olduğu kimi, Azərbaycanda Sovet hakimiyyəti quruldu.
Bir il sonra isə – 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi “təhvil verilməsi” deyil, “saxlanılması” haqqında.
1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul edib. Burada həyat səviyyəsi ölkənin digər regionlarından daha yüksək idi. Burada heç vaxt heç kəs milli və dini mənsubiyyətinə görə sıxışdırılmamışdı.
Ermənistan rəhbərliyi unutmamalıdır ki, müasir dünyada Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını “Ermənistanın və “Artsax”ın ümumi təhlükəsizlik sistemi” kimi qələmə verərək gizlətmək alınmayacaq. Xüsusən də Ermənistanın özünün Azərbaycanın Tovuz bölgəsində döyüşlərin başlanmasına səbəb olmasından və Qarabağın hüdudlarından kənarda Ermənistanın məhz bölgə üçün bütövlükdə önəmli olan infrastruktur obyektlərini hədəf almasından sonra işğal faktını gizlədə bilməyəcək”.
S.Qafarovanın sözlərinə görə, bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir: “Həmin konvensiyaların ziddinə olaraq bu gün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz məskunlaşdırılması xüsusi narahatlıq doğurur”.
Sergey Lavrov Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bildiriv ki, Rusiya ATƏT-nin Minsk qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir. Onun sözlərinə görə, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prossesinə maneə törədir: “Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prossesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.
Milli Məclisin Sədri Sahibə Qafarova ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olaraq əlindən gələni əsirgəməyəcəyinə inamıını ifadə edib.
Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.