“Sülh sazişi İlham Əliyevin irəli sürdüyü şərtlərlə bağlanacaq” –İqor Korotçenko

Mayın 10-da Almatıda keçiriləcək Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində danışıqlar ərəfəsində “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko AZƏRTAC-la söhbətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın qarşıdakı görüşünü şərh edib.

“İlk növbədə, Azərbaycan diplomatiyasının uğurlarını qeyd etmək lazımdır. Azərbaycan dövlət sərhədinin delimitasiyasının və demarkasiyasının başlanmasına nail ola bilib. Əvvəllər ermənilərin işğal etdiyi dörd kənd Azərbaycana qaytarılır. Bu, Azərbaycan diplomatiyasının böyük uğurudur. Bu uğurları Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və qətiyyəti müəyyənləşdirir”, – deyə ekspert bildirib.

O, Qazaxıstanın təşəbbüslə çıxış etdiyini və birbaşa dialoq üçün öz platformasını təqdim etdiyini xatırladaraq, qarşıda danışıqların çox vacib bir mərhələsinin gözləniləcəyini qeyd edib.

“Paşinyan bu gün Moskvadan uzaqlaşır. Buna baxmayaraq, bu görüşün Qazaxıstan platformasında keçirilməsi çox vacibdir. Biz yalnız bir nəticəni gözləyirik: bütün bu qərarlar və danışıqlar Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü şərtlər və prinsiplər əsasında sülh müqaviləsi ilə başa çatacaq. Bu beş əsas prinsip fundamental şəkildə əsaslanıb, beynəlxalq hüquq normalarına və ədalət meyarlarına cavab verir. Əlbəttə ki, gec-tez sülh müqaviləsi bağlanacaq. Biz buna tam əminik. Düşünürəm ki, bu sülh müqaviləsinin nəticələrinə görə Prezident İlham Əliyev Nobel Sülh Mükafatına namizəd olmağa layiq olacaq”, – deyə Korotçenko bildirib.

Əvvəlki məqalə

Avropa Liqasında finalçılar məlum olub

Sonrakı məqalə

Mədəniyyət xadimləri Mehriban Əliyevaya təbrik ünvanlayıb