“Sülhməramlılar öz statuslarını aşan işlə məşğuldur” –Politoloq Qabil Hüseynli

“2020-ci ildə Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistan baş naziri Nikol Paşinyan arasında imzalanan 10 noyabr sazişinin icrasına süni əngəllər yaradılır”.

Bu sözləri Azpost.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, faktiki olaraq sazişin tam və hərtərəfli yerinə yetirilməsinə imkan verilmir: “Məsələn, sazişdə nəzərdə tutulur ki, erməni hərbi birləşmələri Qarabağdan çıxarılmalıdır. Sazişin 4-cü bəndində bu barədə açıq yazılıb. Lakin indiyə qədər bu məsələ həllini tapmayıb. Bəzi məlumatlara görə, bölgədə 10 min, bəzi məlumatlara görə isə daha çox erməni hərbiçisi var və onlar Rusiya sülhməramlıları ilə birgə hərəkət edirlər”.

Qabil Hüseynli əlavə edib ki, Qarabağdakı qondarma rejimin təmsilçiləri yeni “prezident” və “parlament seçkiləri” keçirməyə, yeni “konstitusiya” qəbul etməyə hazırlaşır. “Bütün bunlar 10 noyabr razılaşmasının müddəalarına ziddir”, – deyə politoloq vurğulayıb.

O, bölgədəki Rusiya sülhməramlılarının fəaliyyətinə də diqqət çəkib: “Rusiya sülhməramlıları missiyasını yerinə yetirə bilmir desəm, yanılmaram. Onlar ayırıcı qüvvə kimi tərəflər arasında qarşıdurmanın baş verməməsinə çalışmalıdır. Amma sülhməramlılar öz statuslarını aşan işlərlər məşğuldur. Ermənistan əhalisinin müəyyən hissəsinin Qarabağın dağlıq ərazilərinə köçürülməsi, Xankəndindən və ermənilərin məskunlaşdığı digər ərazilərdən köçmək istəyənlərə maneə yaradılması buna misal ola bilər. Digər tərəfdən, sülhməramlılar separatçıların müəyyən siyasi addımlarını bloklamaqdansa, buna rəvac verirlər”, – deyə politoloq bildirib.

Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan tərəfi bütün bunları sükutla qarşılamır və müəyyən tədbirlər görür. “Lakin görünür, sülhməramlıların ciddi tənqid olunmasına və bölgədən çıxarılmasının gündəmə gətirilməsinə ehtiyac var”, – deyə o vurğulayıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Sonrakı məqalə

“300 min dolların üstünə göy-göyərti yığıb verdim” –