Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldərək Cənubi Qafqazda yeni geosiyasi reallığın və dayanıqlı təhlükəsizlik modelinin əsasını qoyub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən biri olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihənin icrasını davam etdirir. Avqustun 1-dən oktyabrın 31-dək davam edəcək layihə çərçivəsində Türk dünyasının inteqrasiyası, ortaq dəyərləri və gələcək inkişaf perspektivlərinə həsr olunmuş on mövzu üzrə silsilə müsahibələr hazırlanacaq. Layihə ilə bağlı təqdim edəcəyimiz 10 müsahibə toplusunun Üçüncü mövzusu “Şuşa Bəyannaməsi: Türk dünyasında yeni geosiaysi dövr” adlanır. Bu mövzu çərçivəsində Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti, Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni mərhələsi, sənədin imzalanması ilə həm də Cənubi Qafqazda yeni geosiyasi reallığın və dayanıqlı təhlükəsizlik modelinin əsasının qoyulması, Şuşa bəyannaməsinin TDT-yə üzv ölkələrə müsbət təsiri və regional təhlükəsizlik sistemi kimi məqamlar müzakirə olunur. Mövzu ilə bağlı təqdim etdiyimiz müsahibələrdə sözügedən istiqamətlərdə atıla bilinməsi mümükün olan məqamlara da toxunulub. Eyni zamanda bu sənədin Türk dünyasında yeni geosiyasi dövrün başlanğıcı kimi gələcəkdə ortaq təhlükəsizlik və əməkdaşlıq mexanizmlərinin formalaşmasına zəmin yarada biləcəyinə dair mövqelər öz əksini tapıb.
Qeyd edək ki, müsahiblərimiz mövzu ətrafında aşağıdakı sualları cavablandırıblar:
1. Şuşa Bəyannaməsini Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi və siyasi baxımdan ən yüksək mərhələsi kimi xarakterizə etmək olarmı? Bu sənəd iki qardaş ölkənin strateji əməkdaşlığına hansı yeni məzmun və öhdəliklər gətirib?
2. Şuşa Bəyannaməsinin imzalanmasından sonra Cənubi Qafqazın geosiyasi mənzərəsində hansı dəyişikliklər baş verib? Bu sənəd regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına hansı töhfələri verir?
3. Şuşa Bəyannaməsi yalnız Azərbaycan-Türkiyə münasibətləri çərçivəsində deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası baxımından necə qiymətləndirilməlidir? Bu sənəd Türk dünyasında yeni geosiyasi dövrün başlanğıcı kimi gələcəkdə ortaq təhlükəsizlik və əməkdaşlıq mexanizmlərinin formalaşmasına zəmin yarada bilərmi?
Mövzu ilə bağlı fikirlərini bölüşən müsahiblərimiz – tanınmış qazaxıstanlı televiziya jurnalisti, Türk dünyası üzrə araşdırmaçı, Qazaxıstanın “Atameken Business” telekanalında “Türki Aləmi” proqramının aparıcısı, Beynəlxalq icmalçı Meyramgül Salkimbaeva və Türkiyənin Anadolu Universiteti Heydər Əliyev Tətbiq və Tədqiqat Mərkəzinin müdiri Prof. Dr. Burhan Sayılır hər bir sual ətrafında öz baxışlarını ifadə ediblər. İndi isə onların bu suallara verdikləri cavabları təqdim edirik:

Meyramgül Salkimbaeva: Qazaxıstan və Mərkəzi Asiya üçün Şuşa Bəyannaməsi Türk dünyasının mədəni əməkdaşlıqdan siyasi-iqtisadi inteqrasiyaya keçidini sürətləndirən, ortaq təhlükəsizlik və strateji mexanizmlərin formalaşmasına yol açan istiqamətverici sənəddir
1.Şuşa Bəyannaməsi, şübhəsiz ki, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək mərhələsidir və bu münasibətlərin tamhüquqlu hərbi-siyasi müttəfiqlik səviyyəsinə keçidini rəsmiləşdirib. Bu sənədə yalnız formal hüquqi akt kimi yanaşmaq olmaz: o, geosiyasi inteqrasiyanın strateji yol xəritəsinə çevrilib.
Hüquqi baxımdan Bəyannamə klassik hərbi blokların sərt institusional mexanizmlərini, məsələn, NATO müqaviləsinin 5-ci maddəsində nəzərdə tutulan qeyd-şərtsiz avtomatiklik prinsipini təkrarlamır. Bununla belə, tərəfləri təhlükəsizlik məsələləri üzrə daim koordinasiya aparmağa, qarşılıqlı dəstək göstərməyə və xarici təhdidlər yarandıqda əlaqələndirilmiş mexanizmləri işə salmağa öhdəlikləndirir.
Sənədin yeni məzmunu silahlı qüvvələrin sistemli şəkildə uyğunlaşdırılmasında, birgə hərbi təlimlərdə, müdafiə sənayesi sahəsində dərin əməkdaşlıqda və beynəlxalq platformalarda səylərin birləşdirilməsində özünü göstərir. Siyasi baxımdan Ankara və Bakının üzərinə götürdüyü öhdəliklər ortaq kimliyə və yüksək səviyyəli qarşılıqlı etimada əsaslanır. Tərəflərdən birinə qarşı xarici təcavüz digər tərəfin milli maraqlarına və təhlükəsizliyinə birbaşa qəsd kimi qəbul edilir.
Bəyannamənin məhz Şuşada imzalanması da təsadüfi deyildi. Bu sənəd Azərbaycanın ərazi bütövlüyünün bərpasının təsdiqi kimi çıxış etdi, regionda yaranmış yeni reallıqları möhkəmləndirdi və onların formalaşması prosesində Türkiyənin siyasi mövqeyini əks etdirdi.
2. Şuşa Bəyannaməsi Cənubi Qafqazda uzun illər mövcud olmuş geosiyasi status-kvonu dəyişdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı yeni reallıqları möhkəmləndirdi və davamlı güc balansı formalaşdırdı.
Bununla yanaşı, Bakı və Ankara arasındakı müttəfiqlik üçüncü dövlətlərə qarşı yönəlməyib. Şuşa Bəyannaməsi köhnəlmiş “təsir dairələrinin bölüşdürülməsi” konsepsiyasının əvəzinə suverenliyə və qarşılıqlı faydaya əsaslanan geosiyasi maraqların sinxronlaşdırılması modelini irəli sürdü.
Sənədin regional təhlükəsizliyə əsas töhfəsi Cənubi Qafqazın münaqişələr zonasından böyük logistika qovşağına çevrilməsində özünü göstərir. Bu sistemin əsas dayağını Zəngəzur Dəhlizi təşkil edir. O, yalnız Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirmir, həm də Transxəzər marşrutunu (Orta Dəhlizi) gücləndirərək iqtisadi qarşılıqlı asılılığı, enerji layihələrini və nəqliyyat arteriyalarını Avrasiyanın uzunmüddətli sabitliyinin fundamental əsasına çevirir.
Bu, beynəlxalq investorlar və xarici tərəfdaşlar üçün də mühüm siqnaldır. Şübhəsiz ki, Cənubi Qafqazda davamlı sülh çoxsaylı amillərdən asılıdır və bütün maraqlı tərəflərin konstruktiv dialoqunu tələb edir. Bununla belə, bu kimi sənədlər etimadın möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı faydaya əsaslanan regional inteqrasiyanın inkişafı üçün əlavə zəmin yaradır ki, bu da son nəticədə münaqişə potensialının azalmasına xidmət edir.
3. Qazaxıstanda və bütün Mərkəzi Asiya regionunda Şuşa Bəyannaməsi bütün Türk Dövlətləri Təşkilatı üçün fundamental istiqamətverici sənəd kimi qiymətləndirilir. O, türk ölkələrinin mədəni-humanitar əməkdaşlıqdan funksional və effektiv siyasi-iqtisadi mexanizmlərin yaradılmasına necə keçə biləcəyini əyani şəkildə nümayiş etdirdi.
Sənəd, həqiqətən də, yeni geosiyasi mərhələnin başlanğıc nöqtəsinə çevrildi. Bakı-Ankara oxu bütün türk məkanının subyektliyinə güclü təkan verir, onu müstəqil və konsolidasiya olunmuş güc mərkəzinə çevirir.
Şuşa Bəyannaməsinin təcrübəsi logistika, müdafiə-sənaye kompleksi, texnoloji suverenlik və böhranlara cavab sahələrində ümumtürk mexanizmlərinin formalaşdırılması üçün əsas yaradır. Bəyannamə sübut edir ki, Türk dövlətləri qlobal dünya düzəninin transformasiyası şəraitində öz imkanları hesabına müstəqil təhlükəsizlik arxitekturası formalaşdıra və strateji prioritetlərini birgə müdafiə edə bilərlər.

Burhan Sayılır: Şuşa Bəyannaməsi Türk dünyasının inteqrasiyasında yeni strateji mərhələnin başlanğıcını qoyaraq ortaq təhlükəsizlik, siyasi koordinasiya və institusional əməkdaşlıq üçün mühüm yol xəritəsinə çevrilib
1.Şuşa Bəyannaməsini Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi və siyasi baxımdan çatdığı zirvə nöqtəsi kimi qiymətləndirmək tamamilə mümkündür. 15 iyun 2021-ci ildə imzalanan bu sənəd iki ölkə arasındakı münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsindən rəsmi və hüquqi baxımdan “müttəfiqlik” səviyyəsinə yüksəldib. Bəyannamə “Bir millət, iki dövlət” fəlsəfəsini konkret hərbi, siyasi və hüquqi öhdəliyə çevirib.
Şuşa Bəyannaməsinin iki ölkə arasındakı münasibətlərə gətirdiyi yeni məzmun və öhdəliklər bunlardır: Qarşılıqlı hərbi yardım və müdafiə öhdəliyi, texnologiya mübadiləsi, Regional Təhlükəsizlik və Sabitlik Şurası, geosiyasi və logistik nəqliyyat (Zəngəzur dəhlizi), xarici siyasətdə tam koordinasiya və ortaq diaspor, enerji təhlükəsizliyi, ortaq media platforması.
Xülasə olaraq, Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri emosional qardaşlıq bağından çıxararaq NATO-nun 5-ci maddəsinə bənzər qarşılıqlı müdafiə və təhlükəsizlik paktına çevirib.
2.Şuşa Bəyannaməsinin imzalanması Cənubi Qafqazda son iki əsr ərzində davam edən ənənəvi status-kvonu köklü şəkildə dəyişdirib və regionda tamamilə yeni geosiyasi reallıq formalaşdırıb. Sənəd yalnız iki ölkə arasındakı münasibətləri ən yüksək mərhələyə yüksəltməklə kifayətlənməyib, regionda mikro-münaqişələrin yerini davamlı sabitliyin, rifahın və inteqrasiyanın tutması üçün yeni bir doktrina/nəzəriyyə formalaşdırıb.
Şuşa Bəyannaməsindən sonra Cənubi Qafqazın geosiyasi mənzərəsində baş verən əsas dəyişikliklər və onun regional sabitliyə töhfələri aşağıdakılardır: Çoxqütblü güc balansı və Türkiyənin rəsmi mövcudluğu, təhlükəsizlik arxitekturasının dəyişməsi, “Orta Dəhliz” və qlobal logistika ağırlıq mərkəzi, Türk dünyası ilə inteqrasiya körpüsü, regionun sülhünə, sabitliyinə və təhlükəsizliyinə töhfələri, çəkindirmə yolu ilə sülhün qorunması, inklüziv əməkdaşlıq modeli, enerji və təchizat təhlükəsizliyinin təminatı, sərhədlərin dəqiqləşdirilməsi və iqtisadi rifah vədi.
3.Şuşa Bəyannaməsi Türk dünyasının inteqrasiyası baxımından strateji dönüş nöqtəsinin ilk konkret konstitusiyası kimi qiymətləndirilməlidir. Bu sənəd Türk dövlətləri arasındakı münasibətlərin yalnız mədəni və iqtisadi əməkdaşlıqla məhdudlaşa bilməyəcəyini, qlobal güc balansı qarşısında hərbi, siyasi və geosiyasi blok kimi fəaliyyət göstərilməsinin zəruriliyini sübut edən ilk rəsmi mətndir.
Sənədin Türk dünyasının inteqrasiyasına təsiri və gələcəkdə ortaq təhlükəsizlik mexanizmlərinin yaradılmasına zəmin hazırlamaq potensialı aşağıdakı istiqamətlər üzrə nəzərdən keçirilə bilər: Türk dünyasında yeni geosiyasi dövrün başlanğıcı, ortaq təhlükəsizlik və hərbi əməkdaşlıq mexanizmlərinin yaradılmasına zəmin hazırlamaq potensialı, gələcəyə yönəlmiş institusional inteqrasiya.
Şuşa Bəyannaməsi Türk dünyasının inteqrasiya prosesində romantik dövrü başa çatdıraraq “realist və geosiyasi dövrün” başlanğıcını qoyub.
Fuad Hüseynzadə
Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində hazırlanmışdır.
Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.