Bu ötən illərdə Milli Mətbuat Gününü ən müxtəlif yerlərdə qeyd etmişəm. Ekrandan bəzəkli salonlarda asimana bülənd olan kabab tüstüsünə baxa-baxa, jurnalist dostlarla birgə xudmani məclislərdə, işsiz qalanda…
Həmkarlara yazdığım təbriklərdə heç vaxt “gün o gün olsun Şuşada Jurnalist Gününü qeyd edək” yazmamışam...
Bunu əlçatmaz xəyal saymışam.
Qınaya da bilərsiniz…Amma 90-cı illər nəslinin şahidi olduğu Qarabağ müharibəsi, onun acı və ağır məğlubiyyəti bizdə dəhştəli bir travma saxlamışdı.
Nə vaxtsa Şuşada Jurnalist Gününü qeyd edəcəyim ağlıma da gəlməzdi.
Amma dünən ….Şuşada idik. MEDİA-nın təşəbbüsü ilə Qalada keçirilən Beynəlxalq MediaForum əslində tam bayram ovqatında bir mərasim oldu.
Şuşa Media Forumunun mesajı Vətən müharibəsindən sonra ortaya çıxmış yeni vəziyyətə və onun tələblərinə, meyarlarına yanaşmanın çağırışı oldu. Bu mesaj KİV-də “yeni vitrinin” qurulması üçün siyasi iradəni, qalib ölkənin azad və müstəqil mediası üçün platforma qurmaq istəyini nümayiş etdirdi.
Eyni zamanda cəmiyyətin indikatoruna çevriləcək yeni medianın çağırışlarının, geopoltik təhdidləri trafaret, şablon izahlarla deyil, aydın və tutarlı arqumentlərlə təhlilinin vacibliyini göstərdi.
Şuşa Forumunda həmkarlarla müzakirələrdə bir şeyi müşahidə etdim: İslahatlar ümidini və peşəkar jurnalistika prinsiplərinə hörmətini qoruyan fədailərin bunun üçün köhnə streotipləri qırmaq əzmini!
Əziz Şəhidlərin al qanı bahasına azad edilən Şuşada jurnalistlərin ilk Forumu məsuliyyət və peşəkar fəaliyyət üçün stimul olmalıdır.
Bu gün informasiya internetin “hörümçək torunda” itib-batan dünyada heç vaxt bu qədər həlledici, taleyüklü olmamışdı.
Azərbaycan yeni medianın bu inqilabi dövründə heç bir halda çağdaş trendlərdən geri qala bilməz. Azərbaycanın ictimai rəyə və dünyaya mesajını, yerini, görülən işlərin aynası və hörmətinin əsas platforması güclü və oxucu etimadı olan mediadan keçir. Burada isə yalnız peşəkarlara yer var.
KİV-də basmaqəlib “hay -küy”, “stəkanda fırtına qoparanlar”a bu trenddə yeri yoxdur. Onlarla müzakirə vaxt itkisindən başqa bir şey deyil.
Xaqani SƏFƏROĞLU
Azpost.info