Tələbələrə adlı təqaüdlərin verilməsində gender balansı qorunub. Belə ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təqaüdünə layiq görülən 65 tələbədən 31-i qızlardır.
Bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
S.Möhbalıyev AHİK-in sədri ATİAHİ RK tərəfindən adlı təqaüdlərin verilməsinin artıq ənənə halı aldığını və bu prosesə 1995-ci ildən başlandığını qeyd edib.
“Ölkəmizdə gənclərin inkişafı, intellektual səviyyəsinin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, proqramlar qəbul edilir.
İndiyədək 3 minə yaxın tələbə adlı təqaüddən yararlanıb. Bugünkü tədbirdə də 2022-2023-cü təhsil ilinin yay imtahan sessiyasının nəticələrinə görə 65 əlaçı və fəal tələbə təqaüdə layiq görüldü. Məqsədimiz gənclərimizin elmə, təhsilə marağının artırılmasına, zərərli vərdişlərdən uzaqlaşdırılmasına, onların gənc kadr kimi püxtələşməsinə dəstək göstərməkdir”, – deyə Səttar Möhbalıyev diqqətə çatdırıb(azərtac).