Tanınmış tənqidçi Nazirliyi “topa tutdu”-Dövlətin pulu kinoya yox, havaya xərclənib

Yazım Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin rəhbərliyinə, əməkdaşlarına, bir sözlə, kino sahəsinə məsul məmurlara həsr olunur.

Erməni rejissoru Nora Martirosyanın ”Should the Wind Fall” filminin 73-cü Kann festivalının “ilk tammetrajlı film” nominasiyasına daxil edilməsi bir daha dəfələrlə haqqında danışdığımız “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməməsini yada saldı.

Məsələ ondadır ki, Martirosyanın filminin istehsalında Ermənistanın üzv olduğu Eurimages fondu iştirak edib. Hələ bir neçə il əvvəl rejissor Əli İsa Cabbarovun Azərbaycanın fonda üzv olmaması ilə bağlı dediyi xəbərdarlıq proqnozu özünü doğrultdu: “Bir-iki ilə biz Fransa- Ermənistan, İtaliya-Ermənistan istehsalı olan filmlər görəcəyik. Süjetə qarabağlı erməni personajı daxil edəcəklər və buna bütün Avropa baxacaq. O baxımdan bizim Eurimages-a üzv olmamağımız dövlət təbliğatımız üçün təhlükəli mina rolunu oynayır”. Yeri gəlmişkən, ”Should the Wind Fall” Ermənistan, Fransa, Belçikanın birgə istehsalıdır və Qarabağdan danışır. Süjetə görə, fransız auditor Qarabağa gələrək, burdakı hava limanını dəyərləndirir. Səfəri zamanı o, balaca oğlanla tanış olur. Anladığım qədərilə tamaşaçı Qarabağa fransızın gözüylə baxacaq. Onu da deyim ki, Martirosyanın bir neçə filmi Parisdəki Pompidou Mərkəzinin kolleksiyasına daxildir…

İrəlidə Eurimages-ın əhəmiyyəti haqda danışacam. Ancaq öncə Dövlət Proqramının 10 il ərzində reallaşmayan məqsədlərindən bir qismini yenidən daha ətraflı qeyd edim.

Beləliklə, həyata keçirilməsi üzrə Tədbirlər Planında deyilir ki, 2008-2012 ci illər ərzində “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazası müasir kino istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilsin və yenidən qurulsun.

“Azərbaycanfilm” kinostudiyasının sabiq rəhbəri Müşfiq Hətəmov bir müddət əvvəl Bizimyol.info-ya bildiribmiş ki, kinostudiyanın təmir işini fransız şirkəti layihələşdirib, amma böhranla bağlı layihə reallaşmayıb. Maraqlıdır, hansı böhrandan söhbət gedir: 2015-ci ildə baş verən manatın devalivasiyasındanmı? Xatırladaq: kinostudiyanın yenidən qurulması böhrana qədər 2012-ci ildə artıq başa çatmalıydı. Başqa vacib sual isə budur: niyə 4 il ərzində kinostudiyanın maddi texniki bazası qurulmayıb? Rejissor Tahir Tahiroviçin sözlərinə görə, kinostudiya sonuncu dəfə təzə kinokameranı “Babək” bədii filminin çəkilişi zamanı alıb. Bu isə 1970-ci illərin sonlarına təsadüf edir.

İnsayderin dediyinə görə, kinostudiya son dövrlərdə yeni filmlərin istehsalı zamanı bahalı kameralar, işıqlar və digər avadanlıqlar kirayəyə götürüb ki, təxmini hesablamalara ümumi kirayə haqqı yarım milyon manatı ötür. Məgər kirayəyə xərclənmiş maliyyə ilə zəruri avadanlıq almaq mümkün deyildi?!

Bir neçə il əvvəl nazirliyin kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov Meydan TV-ə açıqlamasında Proqrama ayrılan maliyyənin təxmini 50-60 milyon manat olduğunu deyib. O zaman niyə kinostudiyanın təmirinə, yenidən qurulmasına maliyyə ayrılmayıb? Amma Y.Şeyxov ardınca yarıtmaz fəaliyyətlərini sığortalamaq üçün “2008-ci ildən bəri 44 bədii, yüzlərlə sənədli və 10-15 cizgi filmi çəkilib” deyir. Yeri düşmükən, çəkiləcək filmlərin bədii səviyyəsinin yüksəldilməsi Proqramda qeyd olunan əsas vəzifələrindən idi. 2008-ci ildən 2018-ci ilədək sayı 40-a belə çatmayan tammetajlı bədii film istehsal olunub. Onlardan yalnız dördü – “Kuklalar”, “Axınla aşağı”, “Nar bağı”, “Nabat” A kateqoriyasına aid nüfuzlu festivallarda iştirak edib. “Qisas almadan ölmə”, “Yarımçıq xatirələr”, “Yoxdur belə söhbət”, “İlahi məxluq” daxili bazar üçün daha məqbuldur. İstehsal olunan digər filmlər “Cavad xan”, “Ölüm növbəsi”, “Əlavə təsir”, “İstanbul reysi”, “Aktrisa”, “Vəkil hanı”, “Sübhün səfiri”, “Mən evə qayıdıram” və s. yararsız məhsullardır. On il müddətində az sayda tammetrajlı bədii filmin çəkilməsi, əksərinin keyfiyyətsizliyi, nüfuzlu festivallarda minimum iştiraklılıq, rejissorların yaradıcılığına yersiz müdaxilə, senzura kinonun bədii səviyyəsinin necə yüksəldilməsinin sübutudur. Nədən Azərbaycan mədəniyyəti, tarixi üçün heç bir əhəmiyyət kəsb etməyən ssenarilərə maliyyə ayrılaraq, dövlətin pulu havayı xərclənib? Nədən həmin ssenarilərə ayrılan pul, səmərəli işlərə, elə kinostudiyanın təmirinə, təchizatına yönəlməyib?

 

Yaxud başqa bir məqam: 2016-cı ildən bu yana nazirlik Ayaz Salayevin lazımsız “Qarabağın həsrət salnaməsi” layihəsinin istehsalına pullar xərcləyir. Televiziya estetikası və standartlarının ən aşağı səviyyəsində hazırlanan, “Sosial çarx” kimi sırınan bu görüntülərdə müxtəlif yaş qrupunu, peşəni, təbəqəni təmsil edən insanlar kameraya baxaraq Qarabağdan bir-iki ümumi, şablon cümlə deyir: “Qarabağsız Azərbaycan ola bilməz. Qarabağsız Azərbaycan yoxdur. Qarabağı geri alacağıq” və s. Hər mənada keyfiyyətsiz olan layihə məmurların Qarabağ məsələsinə məsuliyyətsiz yanaşması, tamaşaçının ələ salınmasıdır. Məqalələrimdən birində yazmışdım, yenə də qeyd edirəm: Qarabağı həm də ona görə geri almalıyıq ki, nazirliyin Qarabağ haqda belə keyfiyyətsiz məhsullar çəkməyə səbəbi qalmasın.

Proqramda yer alan digər məsələ – kino istehsalı müəssisələrinin, prodüser mərkəzlərinin, özəl kino istehsalı müəssisələrinin yaradılmasının dəstəklənməsi mexanizminin hazırlanması və həyata keçirilməsi idi. Bu sahədə də demək olar ki, iş görülmədi. Nazirliyin kino siyasəti nəticəsində tədricən müstəqil prodüser şirkətləri dövlətin kinoya ayrılan büdcəsindən kənarda qaldı. Nəticədə istehsalat bütünlüklə dövlətin nəzarətində olan “Azərbaycanfilm”ə keçdi, prodüser şirkətlərinin nazirlikdən maliyyə dəstəyi almaması sağlam rəqabəti, şəffaflığı aradan götürdü. Normalda özəl studiyaların layihə təqdim etmək hüququ olmalı və tender yolu ilə seçim aparılmalıydı. Və bədii keyfiyyəti yüksək qiymətləndirilən layihələr dəstəklənməlidir. Nazirliyin kino şöbəsi isə ssenariləri keyfiyyətinə görə yox, anlaşılmayan hansısa dəyərlərə görə qiymətləndirirdi. İnsayderin sözlərinə görə, Fikrət Əliyevin ssenarisi (“Axırıncı dayanacaq” 2014) qoca olduğuna (yəni bu gün sabah öləcək, qocadır, bir film çəksin) görə təsdiqlənib. Nəticədə isə növbəti bərbad film çəkilib.

Bundan başqa dövlət studiyalarında bacarıqlı prodüserlər yetişdirilmədi, istehsalat və yaradıcı biliklərə malik peşəkarlara önəm verilmədi. Çəkilən filmlərinin əksərinin baş prodüserinin bir adamın-Müşfiq Hətəmovun olması isə sadəcə nonsensdir.

 

Daha sonra Proqramda deyilir ki, uşaqlar üçün müxtəlif janrlarda filmlərin istehsalı genişləndirilsin. Təsəvvür edin ki, on ildə uşaqlar üçün vur-tut bir film çəkildi: “Dərs” (rejissorlar Rafiq Əliyev, Cavid Təvəkkül). O da Proqramın bitməsinə 3 il qalmış, 2015-ci ildə.

Kinematoqrafiyanın mühüm sahəsi olan kinotənqidin inkişaf etdirilməsi də Proqramda qeyd olunur. Ölkədə yeganə analitik kinojurnalı “Fokus”un nəşri 2013-cü ildə vəsait tapılmadığına görə dayandırılıb. Və nazirlik indiyədək kino tənqidinin inkişafı ilə bağlı hansısa təşəbbüs göstərməyib.

Diqqət ayrılan məsələlərdən biri ölkədə keçirilən ənənəvi beynəlxalq kinofestivalların nüfuzu və səmərəliliyinin artırılması idi. Azərbaycan Qafqazda yeganə ölkədir ki, uzun illərdir, tammetrajlı bədii filmlərin festivalı keçirilmir. 1996-cı ildən keçirilən “Şərq-Qərb” festivalı on ildir ki, maliyyə üzündən dayanlb. Həmçinin, 2001-ci ildən keçirilən Beynəlxalq Audiovizual Festivalının ömrü az oldu.

Halbuki, Ermənistanın 2004-cü ildən keçirilən “Qızıl ərik” Beynəlxalq film festivalı ölkənin Mədəniyyət nazirliyinin dəstəyi ilə bugünədək davamlılığını qoruyur. Çünki kinonun inkişafını şərtləndirən amillərdən biri məhz beynəlxalq festivalların olmasıdır.

Ziddiyyətli məqamlardan biri, Proqramda dövlət şəbəkəsində saxlanılan kinoteatr binalarının bərpa olunması, müasir tələblərə cavab verən nümayiş və səs avadanlığı ilə təchiz edilməsi qeyd olunduğu halda sonrakı illərdə kinoteatrların (“Dostluq”, “Araz”, “Vətən” ) satışa çıxarılmasıydı…

Nəhayət, dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalı məqsədi ilə Eurimages Dəstək Fonduna üzvlüyün təmin edilməsi Proqramın əsas vəzifələrindən biri sayılırdı.

Eurimages Avropa Şurasının 1988-ci ildə yaratdığı fonddur. Mərkəzi ofisi Strasburqda yerləşir. Fond bədii, animasiya, sənədli filmlərə maliyyə dəstəyi verir, filmlərin müştərək istehsalını, prokatını təşkil edir, distribusiyasına yardım göstərir. İstehsal olunan filmlər isə nüfuzlu festivallarda nümayiş olunur, mükafatlara layiq görülür.

 

Fond Avropa filmlərini göstərməyə maraqlı olan kinoteatrlara da maliyyə dəstəyi göstərir. «Eurimages / Europa Cinemas» şəbəkəsinə üzv olan kinotetarlar ayrılan maliyyəni Avropa kinosunu populyarlaşdırmaq üçün tədbirlər keçirilməsinə, binanın müəyyən təchizetməsinə xərcləyə bilərlər. Amma həmin kinoteatrlar müasir standartlara cavab verməli, heç olmasa ildə 520 seans baş tutmalıdır.

40-a yaxın ölkə Eurimages-in üzvüdür və fondun illik büdcəsi 25 milyon avrodur. 2011-ci ildə fonda üzv olan Gürcüstan təkcə 2017-ci ildə qurumdan iki filmə maliyyə dəstəyi alıb: Dito Tsintsadzenin “43” (Rusiya, Gürcüstan), Uta Beriyanın “Mənfi ədədlər” (Gürcüstan, Fransa, İtaliya). Səkkiz il ərzində isə gürcülərin 15 layihəsi dəstəklənib.

Ermənistan 2016-cı ildən Eurimages-in üzvüdür. Hətta ötən il fondda Ermənistanın Almaniya ilə birgə istehsal edəcəyi “Avroranın dirçəlişi” sənədli animasiya layihəsi yüksək balla qəbul edilib. 140 min avronun ayrıldığı layihə 1915-ci il hadisələrindən bəhs edir. Filmin rejissoru İnna Saakyan deyir ki, o, qəhrəmanının simasında bütün dünyaya erməni soyqırımından danışacaq…

Eurimages ildə dörd dəfə pitçinq (Layihəyə maliyyə tapmaq məqsədilə onun prezentasiyası. Filmin ideyasını ssenarist, rejissor və ya prodüser müdafiə edir) təşkil edir. Layihə fonda təqdim olunana qədər artıq müəyyən maliyyə mənbəyi tapmalıdır. Başqa sözlə desək, Eurimages layihəni dəstəkləyən ilk qurum ola bilməz. Misalçün, ”Should the Wind Fall” fonda təqdim olunanadək Ermənistanın Mədəniyyət nazirliyinin, Milli Kino Mərkəzinin maliyyə dəstəyini almışdı.

Eurimages-ın üzvü olmaq istəyən dövlət müəyyən məsələlərlə bağlı fonda hesabat verməlidir. Əsas məsələlərdən biri üzv olmaq istəyən ölkənin audiovizual sektorun fəaliyyətini “Birgə film istehsalı haqqında” Avropa Konvensiyasına uyğun tənzimlənməsidir. Azərbaycan konvensiyaya 2000-ci ildə qoşulub. Konvensiyaya qoşulan dövlətlər sazişin etik məsələlərdən tutmuş, müəllif hüquqları, ifadə azadlığı, istehsalat, maliyyə və s. ilə bağlı nəzərdə tutuduğu müddəalara, qaydalara əməl etməlidir. Konvensiyaya qoşulsa da, Azərbaycanda bu illər ərzində bir əhəmiyyətli müştərək film belə çəkilməyib.

 

Digər şərtə görə, üzv olmaq istəyən ölkənin yerli kinoistehsalı, texniki-bazası inkişaf etməli, həmçinin səliqəli, işlək kinoprokat və kinobaxış sisteminə malik olmalıdır. Göründüyü kimi fonda üzvlüyümz Dövət Proqramının yerinə yetirilməyən digər bəndləri ilə sıx bağlıdır.

Başqa məsələlər də var. Fondun üzvləri üçün standart üzvlük haqqı mövcud deyil. Mislaçün, Ermənistanın üzvlük haqqı 110 min avro, Gürcüstanın 150 min avrodur. Amma bu üzvlük haqqı müqabilində ölkələr fonddan daha böyük məblğədə maliyyə ala bilir.

İstehsalçı şirkət Eurimages-ın layihəyə ayırdığı maliyyəni, filmdən qazandığı gəlirlə geri qaytarmalıdır. Fondun hərtərəfli dəstəyini nəzərə alsaq, filmlərdən gəlir əldə etməyi çətin deyil. Bundan başqa hər filmin istehsalında ən az iki ölkə iştirak etməlidir. Fond ekran əsərlərində Avropa sosiumunun aktual problemlərinin təsvirinə üstünlük verir, mövzuya, qəhrəmanlara, dialoqlara, təhkiyə strukrutuna xüsusi diqqət yetirir.

Qısası, Eurimages-a üzvlük Azərbaycan kinosunun Avropaya inteqrasiyası, nüfuzlu festivalların əsas müsabiqəsinə düşməsi, mükafatlandırılması, uğurlu prokat, yerli kinotetarların, bazarın inkişafı, yaradıcı təcrübənin, texniki biliklərin mübadiləsi ola bilərdi.

Əli İsa Cabbarovun fikrincə, Eurimages-ə üzv olmamaq düşünülmüş siyasət olub: “Məmurlar kinonun nəfəs almasına imkan vermək istəməyiblər. Sadəcə pul axınına özləri nəzarət etmək istəyiblər”.

Tahir Tahiroviç isə deyir ki, Nazirlik kinoya həmişə barmaqarası baxıb, bütün problem də bundandır: “Həm də bizdə kinoya ictimai nəzarət yoxdur”.

Bilərəkdən yazımda Nazirliyin mövqeyini öyrənmirəm. Çünki onların ümumi, yolaverdi cavablarını eşitməkdən yorulmuşuq. İki il əvvəl “Olaylar” qəzetində müəllif Nərmin Muradovanın Azərbaycanın Eurimages-a üzvlük məsələsi ilə bağlı sualına nazirliyin cavabı yaxa qurtarmağa bənzəyir: “Bir neçə il əvvəl danışıqlar aparılıb, məlumata görə film istehsalı bazamız zəifdir və yenidənqurma işləri aparılmalıdır. Bundan sonra üzvlük məsələsi yenidən qaldırılacaq”.

2016-cı ildə isə Kulis.az-da kinonun problemləri ilə bağlı debat zamanı Aygün Aslanlı ilə Müşfiq Hətəmov arasında belə bir dialoq oldu.

Aygün Aslanlı:

– Eurimages-a niyə üzv deyilik?

Müşfiq Hətəmov:

– Nazirlikdə Eurimages-a ərizənin yazılmasının ilk təşəbbüskarlarından biri mən olmuşam. Birinci, ikinci mərhələ keçildi. Sonra ordan bəzi şərtlər gəldi…

Aygün Aslanlı: – Hansı şərtlər?

Müşfiq Hətəmov: – Mən onu dəqiq soruşub, öyrənib deyərəm.

Bu həmin il idi ki, Ermənistan Eurimagesa üzv olmuşdu. Artıq 2020-ci ildir və nazirlik hələ də o şərtləri öyrənir.

 

Sosial şəbəkələrdə erməni müəllifin filminin Kanna düşməsi müzakirə olunanda rejissor Teymur Hacıyevin “Axşama doğru” lentinin 73-cü Kann festivalının ”La Semaine dela Critique” (“Tənqid həftəsi”) proqramına daxil olması haqda xəbər gəldi.

Filmləri (“Şanxay, Bakı”, “Duz, istiot zövqə görə”) nüfuzlu festivallarda iştirak edən T.Hacıyev Kanna hansısa fondun, Mədəniyyət nazirliyinin dəstəyi olmadan düşüb: “On ildir film istehsal edirəm, 7 ildir ki, rejissor kimi fəaliyyət göstərirəm. Əzəldən Mədəniyyət Nazirliyinə yaxınlaşmamışam. Bilirdim ki, ordakı sistem rejissorları məhv edir. Gözümün qabağında nümunələr vardı ki, gənc, yaşlı rejissorların layihələrini, filmlərini nə günə salmışdılar. Ona görə nazirliklə heç vaxt əməkdaşlıq etməmişəm. Amma başqa dövət qurumları ilə işləmişdim. Vergilər nazilriyi ilə işlədiyimiz “Ayrılıqda” filmi Kann Festivalının “Rejissor ikihəftəliyi” proqramına daxil edilib. “Axşama doğru” filmində də İTV-in payı var. Eurimages-a üzv olmadığımıza, normal pitçinq, debüt sisteminin yoxluğuna görə biz çox şeydən məhrumuq”.

Teymur Hacıyevin yeni filminin Kanna düşməsi xəbərini Mədəniyyət Nazirliyinin rəsmi saytı da yayıb. Kino sənətinin inkişafı üçün əməli iş görməyən nazirliyin bu xəbəri yaymağa mənəvi haqqı yoxdur…

Sevda Sultanova

Azlogos.eu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

130 bələdiyyə sədri barəsində protokollar məhkəmələrə göndərilib –

Sonrakı məqalə

Övladlığa götürmə ilə bağlı yeni prosedur müəyyənləşib –