13 may 2026-cı il tarixində Qazax rayonunun Çaylı kəndində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncliyin Təşəbbüsü Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “GƏNC QƏHRƏMANLARIMIZI TANIYAQ!” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş təşkil olunub.
Tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olmuş, o cümlədən Qazax rayonundan olan 59 şəhidin xatirəsinin əbədiləşdirilməsi, onların həyat və qəhrəmanlıq yolunun gənc nəslə tanıdılması, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi, həmçinin gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunması olub. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azər Əliyev — “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri — layihə və donor təşkilat haqqında iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi Qazax rayonundan olan şəhidlərin qəhrəmanlıq salnaməsini gənclərə daha yaxından tanıtmaq, onlarda vətən sevgisini və milli dəyərlərə bağlılığı gücləndirməkdir.
Azər Əliyev qeyd edib ki, layihə çərçivəsində gənclərlə veteran və qazilərin iştirakı ilə silsilə görüşlərin keçirilməsi, bilik yarışı və şahmat turnirinin təşkili nəzərdə tutulur. Bu təşəbbüslər gənclərin intellektual inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və onların cəmiyyətə faydalı fərd kimi formalaşmasına xidmət edir.
Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçısı, müharibə veteranı Xəqani Hüseynov və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Mustafayev şəhidlərimizin qəhrəmanlığından, keçdikləri şərəfli döyüş yolundan və gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasının vacibliyindən danışıblar.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan gəncliyi hər zaman dövlətinə və xalqına bağlı olmalı, milli-mənəvi dəyərləri qorumalı və şəhidlərimizin əmanəti olan Vətənə layiq vətəndaş kimi yetişməlidir. Bildirilib ki, bu kimi layihələr gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda məktəblilər və gənclər mövzu ilə bağlı fikirlərini bölüşərək şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını bildiriblər. Görüş qarşılıqlı müzakirələr və diskussiya şəraitində davam edib.















