“Teatrların qapalı qalması sizi rahatsız etmir…” –İlham Rəhimli Mədəniyyət nazirinə açıq məktub yazdı

Teatrşünas, professor İlham Rəhimli Mədəniyyət naziri Anar Kərimova açıq məktub yazıb. 
Azpost.info məktubu oxucularına təqdim edir:
Möhtərəm nazir!
Artıq iki ildir ki, koronovirus bəlası bütün dünyanın, o cümlədən Azərbaycan Respublikasının sabit fəaliyyət ritmini pozub. Bu bəlanın daha dəhşətli zərbələri incəsənətin yeganə canlı sənət növü olan teatrlara dəyib. Rəssam, heykəltəraş emalatxanasında, bəstəkar royal arxasında, sənətşünas yazı masasında öz yaradıcılıq fəaliyyətlərini davam etdirə bilər. (Toyxana müğənnilərinin vay-şivənlərinə o qədər də inanmayın. Onların bəzilərinin bir toyda fanoqramma ilə oxuyub aldıqları pul Xalq artisti olan aktyorun bir illik maaşından çoxdur).
Bütün dünya bunu qəbul edib ki, aktyorun oksigeni “səhnənin tozudu”. Balığı sudan çıxarmaq nə deməkdirsə, aktyoru səhnəsiz qoymaq da ona bərabərdi. Axı nə üçün şadlıq evlərində toy eləmək olar, ancaq teatrlarda tamaşa oynamaq yox?
Bilirəm, deyəcəksiniz ki, bu məsələni mən həll etmirəm.
Əgər desəniz, tamamilə haqlısınız.
Onda mən başqa sual verəcəm.
Bəs necə olur şadlıq evlərinin sahibləri bu məsələni həll edə bilirlər, mədəniyyət naziri yox? Özü də toy 4-5 saat davam edir. Ancaq çağdaş dövrdə teatrda tamaşalar 2 saatdan artıq çəkmir (təbii ki, az istisna var). Bunun iki cavabı var: birinci, onlar sizdən hökmlü və güclüdülər, şadlq evlərində 150 qonaqdan çox olmamaq şərtilə toyun keçirilməsinə icazə ala biliblər; ikinci, siz teatrların açılması üçün cavbdeh təşkilatlar qarşısında tutarlı arqumentlərlə məsələ qaldırmağa ciddi cəhdlər göstərmirsiniz, mübarizlik etmirsiniz. Üçüncü ehtimal da bu ola bilər ki, teatrların qapalı qalması Sizi o qədər də rahatsız etmir.
Ancaq bu ehtimala inanmaq istəməzdim.
Heç olmasa başqa bir addım atın. İşğal olunmuş ərazilərdə, başda ölkə rəhbərinin mədəniyyət mərkəzi elan etdiyi Şuşada möhtəşəm bərpa işləri aparılır. Orada yüzlərlə müxtəlif peşə sahibləri olan soydaşımız gecə-gündüz fədakarlıqla çalışırlar.
Hörmətli Anar müəllim!
Axı ikinci həyatına başlayan Qarabağa az saylı ifaçılardan ibarət teatr dəstələri göndərmək olar. Olar və bəlkə də çox vacibdir. Onların repertuar proqramını müxtəlif tamaşalardan seçilmiş parçalarla tərtib etmək mümkündür (50 dəqiqə, 1 saat həcmində). Bu, sənət fədailərinin səhnə həsrətlərinə parlaq işıq salar. Tam qətiyyətlə deyirəm ki, istisnasız olaraq bütün aktyorlar növbə ardıcıllığı ilə bu tədbirə can-başla qoşularlar. Dünyanın məşhur sənətşünas-psixoloqları sübut ediblər ki, aktyorun bir ay səhnəyə çıxmaması onun azı iki-üç il geri düşməsi deməkdir.
Məncə bu məsələ üzərində səmərəli düşünməyə dəyər və Sizin buna bir nazir kimi vəzifə səlahiyyətlərinz, eləcə də işgüzarlıq enerjinizin coşqunluğu da imkan verir. Həmçinin nazirliyinizin yeni əmakdaşları teatr xadimlərini tanımaq imkanı qazanarlar.
Başqa bir məsələ.
Müəyyən bacarığı olan, ancaq bu qabiliyyətini istedad səviyyəsinə yüksəldə bilməyən və gənclik dövrünü aşan aktyorun uğursuzluqları artdıqca onun daxili qorxu hissi güclənir. Qorxu dərinləşdikcə yaradıcılıq ehtirasını tamamilə söndürür, onun güclə görünən rüşeymlərini də məhv edir. Azərbaycanın çağdaş teatr prosesində xoşagəlməz hallardan biri də odur ki, həmin vəziyyətə düşən istedadsız, yaradıcılıq gücündən məhrum olan aktyor yalnız gənclik çağlarında hansısa rolu barədə yazılmış tərifli məqalə ilə öyünüb qürrələnir. İddiası da bu olur: “neçə ildi səhnədəyəm, indi teatra yaramıram?”. Təəssüflər ki, əksər teatrların rəhbərləri “Bəli, indi yox, iyirmi ilədn çoxdur yaramırsan!” hökmünü verməyə cürət eləmirlər. Nəticədə qabiliyyətsiz, bacarıqsız, heç bir ümid verməyən, gənclik dövrü keçən, səhnəyə yararsız olan onlarla aktyor isə teatrlarda qalır, səmərəsiz “fəaliyyətini” utanmadan, ar göstərmədən davam etdirir.
İstedadlı, peşəkar, yaradıcılıq eşqi sönməyən, əksinə, qaynayıb coşan aktyor ya təqüd adı ilə tamamilə teatrdan çıxarılır, yaxud ştatda “razıvı qalırsan” adı ilə qaynar yaradıcılıq prosesindən uzaqlaşdırılırlar. Hər halda, yaradıcılıq prosesinə hörmət və ehtiramla, hökumətin mövcud qanunlarına uyğun tərzdə bu məsələlərin həllini tapmaq mümkündür.
1920 – 1930-ci illərdə teatralrımız bir sıra kommunal xərclərdən azad olublar. Sənət ocaqları mənəviyyat məbədi səviyyəsində dəyərləndirilib. Hazırda Rusiya teatrlarında bu xərcləri ödəmək üçün Mədəniyyət Vazirliyinə əlavə vəsait ayrılır. Teatrlara yalnız biznes qurumu kimi baxılarsa, sənət ocağı heç bir halda millətin mənəvi-əxlaqi dəyərlərinə müqəddəs təmizliklə yanaşa bilməz. Yəni, buna geniş imkanı olmaz. Respublikanın bütün teatrlarında, gəlirindən asılı olmayaraq, sadələşdirilmiş (4 faizlik) vergi sisteminə keçirilməsi vacibdir. Bunun həlli fövqəladə bir iş tələb etmir.
Başa düşürəm ki, bu məsələlərin həlli Sizin səlahiyyətinizdə deyil. Ancaq Siz bir nazir kimi bu məsələlərinin həlli üçün əlaqədar qurumlarla müzakirələr aparıb müəyyən qərara gələ bilərsiniz.
Əvvəlki müraciətimdə yazmışdım və indi Sizə bir daha xatırladıram. Mənim fikrimcə, Azərbaycanda teatraların çağdaş durumunu dörd bölümə ayırmaq olar:
1. Reanimasiyada “can verən” teatrlar;
2. Güclü və dəqiq cərrahiyyə əməliyyatına ciddi ehtiyacı olan teatrlar;
3. Terapevtik müalicəyə möhtac qalan teatrlar;
4. Geniş yaradıcılıq imkanlarına malik, ancaq maddi və mənəvi qayğıya ehtiyacı olan teatrlar.
Bu, çox ciddi problemdi və o barədə fundamental şəkildə düşünmək olar və mütləq lazımdır.
Mətləbi çox uzatmıram. Teatrlarımızın problemləri çoxdur. Mənim fikrimcə, teatr xadimləri ilə geniş tərkibdə görüşünüz (təbii ki, pandemiya reallığının tələblərinə uyğun şəkildə) çox səmərəli olar. Qoy sənət adamları öz fikirlərini bildirsinlər. Siz də milli teatrımızın inkişafı naminə hansı fundamental konsepsiyalar əsasında işləyəcəyiniz barədə onlara sevindirici xəbərlər verərsiniz.
İnam və hörmətlə:
İlham Rəhimli, professor,
teatrşünas
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rayonlarda leysan olacaq, dolu düşəcək –

Sonrakı məqalə

“Rossiyskaya qazeta” Azərbaycana qarşı təxribata yol verib –