“”Terrorun arxasında İran-Azərbaycan münasibətlərini pozmaq istəyən qüvvələr dayanır” –Sabiq səfir

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı yeni videomaterialların meydana çıxması İran tərəfini baş vermiş hadisənin obyektiv istintaqına sövq etməlidir. İranın bu faktlara münasibəti Tehranın Azərbaycanla normal diplomatik və qonşuluq münasibətlərinin bərpasında məhək daşı olacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində sabiq səfir, hüquq elmləri doktoru professor Namiq Əliyev söyləyib.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bazar ertəsi keçirilən brifinqdə ölkəmizin İrandakı səfirliyinə qarşı silahlı hücumun təfərrüatlarını açıqladı. Bildirdi ki, Azərbaycan səfirliyində terror aktı törədilən zaman İranın polis avtomobili diplomatik nümayəndəliyin binasına yaxınlaşıb, lakin sonra oradan uzaqlaşıb. Həmçinin müvafiq videokadrlar təqdim olunub.

Diplomat hesab edir ki, Azərbaycan tərəfinə İranın xüsusi xidmət orqanları tərəfindən aparılan istintaqda iştirak etmək üçün şərait yaradılmalı, bu təhqiqat şəffaf və obyektiv olmalıdır.

“Təfərrüatlar onu göstərir ki, terror aktının arxasında qarşılarına İran-Azərbaycan münasibətlərini pozmaq məqsədi qoyan qüvvələr dayanır. İran tərəfinin düzgün addımları yaranmış vəziyyətin uçuruma yuvarlanmasına yol verməməlidir”, – deyən diplomat əlavə edib ki, bir ölkənin digər ölkədəki səfirliyinin fəaliyyətini dayandırması faktiki olaraq dövlətlərarası münasibətlərin pozulması deməkdir.

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını diplomatiyamızın tarixində görünməmiş hadisə adlandıran Namiq Əliyev ümidvar olduğunu bildirib ki, İran tərəfi regionda sabitliyin təmin edilməsi istiqamətində səylərini artıracaq.

Əvvəlki məqalə

Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrılıb

Sonrakı məqalə

Zəlzələdə həlak olanların sayı 9057 nəfərdir –