Tofiq Zülfüqarov Münhendəki əsas hadisəni açıqladı:

“Azərbaycan öz mövqeyini dəyişdirib”
03 Mart 2020 - 22:57

“Azərbaycan prezidenti İlham Əliyevin 2020-ci il fevralın 16-da Münhendə Ermənistan baş naziri N.Paşinyanla keçirdiyi görüş hər iki ölkədə iki liderin milli maraqları müdafiə etməsi nöqteyi-nəzərdən qiymətləndirilib. Amma Münhendə baş verən əsas hadisə şərh olunmur -Azərbaycan öz mövqeyini dəyişdirib”.

Bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz Facebook səhifəsində yazıb. Sabiq nazirin fikrincə, Münhendə Azərbaycan prezidenti xalqların və millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin işğal edilmiş ərazilərdə tətbiq edilə bilməyəcəyini bildirib.

T.Zülfüqarov yazıb ki, müasir beynəlxalq hüquq xalqların və millətlərin öz müqəddəratını təyin etməsinin iki növünü tanıyır: Müqəddəratın plebissit yolu ilə müəyyən edilməsi və müstəqil dövlətin yaradılması, ikinci yol isə  mövcud olan dövlətin tərkibində  muxtariyyatın yaradılması.

Münaqişə boyunca Azərbaycan tərəfin kompromis mövqeyi ermənilərə Azərbaycan Respublikasının təkibində geniş özünüidarə forması verməyə hazırlıq kimi təqdim edilirdi. Bu zaman Ermənistan tərəfi Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlıya belə bir imkan verməyi nəzərdə tutmurdu.

Amma Ermənistanın Madrid Prinsiplərindən imtina etməsindən və “Qarabağ Ermənistandır və nöqtə” və “Hər hansı ərazinin azad edilməsini müzakirə etmək niyyətində deyilik” bəyanatlarından sonra aydın olub ki, ermənilərə Azərbaycan ərazisində muxtariyyət yaratmaq təklifi rədd olunub.

“Buna görə Azərbaycan prezidentinin ölkəmizdə ermənilər üçün xalqların və millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin tətbiqinin yolverilməz olduğu haqqında bəyanatını birmənalı olaraq Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərini ilhaq etmək, yəni Ermənistana birləşdirmək arzusu haqqında bəyanatına cavab kimi başa düşmək lazımdır”, – deyə Zülfüqarov Turan-a bildirib.

Bu vəziyyətdə Bakının hansı addımlar atmalı olduğu barədə suala cavabda sabiq nazir deyib ki, Paşinyan Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını təyin etməsində israr edirsə, Azərbaycan XİN eyni prinsipin qarşılıqlı şəkildə tətbiq edilməsi haqqında danışıqlar aparmalıdır, yəni Ermənistanda azərbaycanlıların – bu ölkənin keçmiş vətəndaşlarının öz müqəddəratını təyin etməsi məsələsini qaldırmalıdır.