Tolerantlığın və mədəni həmrəyliyin izini saxlayan tariximiz

Maddi-mədəni nümunələr, tarixin süzgəcindən keçmiş eksponatlar, qədim kitabələr vətəndaşlara mənsub olduğu ölkənin tarixi barədə aydın təsəvvür yaradır. Bu yazılı və maddi abidələrin toplandığı müzeylər həm də dünya arxivlərində yer almış sənədlərin qorunması  üçün vacib məkanlardandır.

Azərbaycanda islam dini toplumda min illik mədəni izini qoyub. Ölkəmiz müxtəlif dinlərin birgə yaşadığı məkan olaraq tolerantlıq prinsiplərinin gözəl nümunəsini bəxş edib. Bu böyük tarixi period kitabələrdə, əlyazmalarda, sənədlərdə özünün əksini tapıb. Bu gün Azərbaycan mədəni əməkdaşlığın tarixini bəyan etmək üçün ən müxtəlif qədim sənədlərə, dövrünün mötəbər din xadimlərinə, dini mərkəzlərdə saxlanılan əlyazmalara istinad edir.

Son 200 ilin müxtəlif ideoloji quruluşlarında yaşayan ölkəmizin müsəlman cameəsi inancını və dinin sabitqədəmliyini  məhz nüfuzlu din xadimlərinin sayəsində qoruya bilib. Böyük əzablar bahasına olsa da,  islam dini bu illərdə Azərbaycan xalqının formalaşması üçün mühüm amillərdən biri kimi çıxış edib və xalqın öz milli köklərini saxlamasında müstəsna rol oynayıb.

Ölkəmizin din və dini fəaliyyətin tarixi çox keşməkeşli olub. Xüsüsən ateist sovet ideologiyasının hökm sürdüyü  zamanda repressiyalara məruz qalmış ruhani elitasının acı taleyi öz izini müsəlman icmasında da saxlayıb.

Bu illərlə bağlı sənədlər çox pərakəndədir. 70 illik sovet sistemi bizim tariximizin bu səhifəsini qapatmışdı.

Azərbaycan müsəqillik qazandıqdan sonra üzə çıxan bir çox sənədlər, kitablar bu sahədə böyük bir mədəni mirasa saib olduğumuzu subut etdi.

Bir neçə il əvvəl Prezident İlham Əliyev Şeyxülislamlıq Muzeyinin yaradılması təklifi ilə çıxış etmişdi. Dövlət başçısı bildirmişdi ki, belə bir muzey mərkəz kimi fəaliyyət göstərərək, ölkədə yürüdülən multkultural siyasəti insanlara əyani nümayiş etdirə biləcək.

Bu Mərkəzdə Azərbaycanın bütün şeyxülislamlarının, nüfuzlu ruhanilərinin, sovetlərin repressiya illərində cəzalandırılmış din xadimlərinin  fəaliyyəti əks oluna, ölkəmizin dini həyatı, onun tarixi  təqdim edilə bilər.

Xarici ölkələrdə, şəxsi kolleksiyalarda saxlanılan müxtəlif  dini atributlar, kitablar, əşyalar Mərkəz üçün gərəkli vəsaitdir.

200 illik dövrü əhatə edən Qafqaz Müsəlmanları İdarəsinin tarixi bu baxımdan Azərbaycan dövlətinin yaddaqalan səhifələrindən biridir. Hazırda Qafqaz Müsəlmanları İdarəsinin nəzdində olan kitabxanda qədim və qiymətli kitablardan, əlyazmaların bir qismi saxlanılır. Kitabxana “Qurani Kərim”in qədim əlyazmaları, təfsir, hədis, elmi-dini, astronomiya, tarix, coğrafiya  sahələrini əhatə edən kitablarla zəngindir. Mərkəzin qədim kitablardan ibarət zəngin irsi  Azərbaycanın din tarixinin öyrənilməsi üçün samballı töhfədir.

Kitabxananı gəzdikcə, şkaflarda saxlanılan nadir əlyazma və kitabları vərəqlədikcə, saralmış səhifələrdən böyük bir tarix boylanır.

Burada əsasən XVII əsrin sonu XVIII əsrin əvvəllərinə dair çox qiymətli əlyazmalar saxlanılır. Ən qədim kitabın 500 yaşı var və Şah İsmayıl Xətainin dövründə tərtib olunub.  Üzlüyü dana dərisindən olan kitablar dövrünün xəttatları tərəfindən nəfis xətlə işlənib. Hər xəttatın kitaba vurduğu  möhür sayəsində onun kim tərəfindən və nə vaxt yazıldığını müəyyən etmək olur. Kitablar xüsusi temperaturda qorunur. Mərkəzdə dünyanın heç bir kitabxanasında mövcud olmayan və ya cəmi iki-üç nüsxəsindən biri olan kitablar da var.

Kitabxanada həmçinin “Qurani Kərim” və digər elm sahələrinə aid çoxlu əlyazmalar qorunur. Kitabxana fondunda daşbasma, qurğuşuntökmə üsulu ilə çap olunmuş və əlyazma şəklində olan 7300 qədim kitab mühafizə olunur. Daşbasma üsulu ilə çap olunan kitabların yaşı 150-200 ildir. Hazırda mərkəzdə Azərbaycan, türk, ərəb, fars, ingilis və başqa dillərdə çap olunmuş 10 min nüsxə kitab saxlanılır.

Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin Tiflisdə saxlanılan arxivi də zəngin bazadır. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin 1823-ildən 1918-ci ilə qədərki böyük arxivi Gürcüstanın paytaxtı Tiflisdədir.

Azərbyacan Xalq Cumhuriyyəti dövründə – 1918-ci ilin dekabrında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi Tiflisdən Bakıya köçürülsə də, özünün arxiv və kitabxanasını gətirməyə imkan tapmayıb.  Sovet Rusiyası tərəfindən 1920-ci ildə Azərbaycan işğal edilib və QMİ-nin fəaliyyəti qadağan olunub. Çox sayda dini ədəbiyyat kütləvi şəkildə məhv edilib. Yalnız  1944-cü ildə SSRİ-nin siyasi səbəblər üzündən fəaliyyətinə icazə verdiyi Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi 1980-ci ilə qədər öz kitabxanasını yarada bilməyib.

SSRİ dövründə “Qurani-Kərim”i aşkar şəkildə saxlamaq qadağan olunsa da, rəhbərlik müqəddəs kitabların toplanması istiqamətində gizli fəaliyyət göstərərək,  Qafqazda ayrı-ayrı şəxslərdə, ailələrdəki dini kitabları toplamağa başlayıb.

Bir neçə ildir ki,QMİ 1823-1918-ci illəri əhatə edən arxivinin Azərbaycana gətirilməsi ilə bağlı iş aparılır. Artıq 15 min səhifəyə qədər arxiv sənədi Bakıya gətirilib. Ancaq sənədlərin hamısının əslinin gətirilməsi çox çətindir. QMİ-nin əməkdaşları vaxtaşırı Tiflisə – Gürcüstan Mərkəzi Dövlət Arxivinə ezam olunur.

 

Kitabxanaya gətirilən bir sıra kitablar köhnəlmiş vəziyyətdə olduğundan bərpa edilir. Xüsusi təcrübəsi olan əməkdaşlar ən qədim kitablara yeni həyat verirlər. Restavrasiya olunacaq  kitablar kompüterlərə köçürülür, səhifələnir və daha sonra bərpa olunur. Bərpaçılar deyir ki, sovetlər dövründə insanlar dini kitabları, “Qurani Kərim”i təqibdən xilas etmək üçün  həmin kitabları ya torpağa basdırıb, ya da müxtəlif yerlərdə gizlədərək saxlayıblar. Ona görə də bir çox kitablar pis vəziyyətə düşüb.  Odur ki, bəzi kitabların bərpası 1 il, bəzilərinki 5-6 ay davam edir.

Bütün bu tarixin öyrənilməsi, toplanması və indiki nəslə təqdim edilməsi üçün bir Mərkəzin yaradılması yaxşı olardı.

Hər bir dövlətin ictimai-siyasi tarixini öyrənmək üçün muzeylərin xüsusi əhəmiyyəti var. Belə bir Mərkəz yaradılsa ölkəmizin vətəndaşlarına və xarici qonaqlara Azərbaycanın multkultural irsini və dinlərarası mədəni əməkdaşlığın gözəl nümunəsinin tarixini təqdim etmək imkanı yaranacaq.

X.SƏFƏRLİ

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsimövzusunda hazırlanıb.

Əvvəlki məqalə

Ermənistan Azərbaycanın yeni təkliflərinə cavab verib

Sonrakı məqalə

İki ayda vətəndaşlar ərzağa, içkiyə və siqaretə 3,9 milyard manat xərcləyib –