Tovuzun Dondar Quşçu kəndi mərmi atəşinə tutulub –

Mərmilər yaşayış evlərinə və həyətyanı sahələrə düşüb (FOTO)
16 İyul 2020 - 10:11

Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.

Mərmi atəşi səhər saatlarından başlayıb.

Evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Mülki şəxslər arasında xəsarət alan yoxdur.

Bununla belə, kənd sakinləri evlərini tərk etməyib, gündəlik həyatına davam edir. 

Müdafiə Nazirliyindən verilən xəbərə görə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 89 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Acarlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.