Mərkəzi Bankın bu ilin iyununa açıqladığı statistikadan belə məlum olur ki, real iqtisadiyyata qoyulan kreditlər azalır.
Məsələn, dörd il əvvəllə, 2015 ci illə müqayisədə bu növ kreditlər 2019-cu uldə 6 milyard manata qədər azalıb. 2015-ci ilin iyul ayında iqtisadiyyata kredit qoyuluşu təqribən 20 milyard manat olmuşdusa, 2019-cu ilin iyulunda bu, təqribən 14 milyard manat olub.
Azpost.info bildirir ki, iqtisadçı alim Qubad İbadoğlu “Amerikanın Səsi” radiosuna real iqtisadiyyata – ticarət, xidmət, inşaat, nəqliyyat və rabitə sektorlarına və s. kredit qoyuluşlarının azalmasını bir neçə səbəblə izah edir. Onun sözlərinə görə, səbəblərdən biri də iqtisadiyyatın kiçilməsidir: “Bu azalmanın əsas səbəbi odur ki, real sektor banklardan kreditləri əvvəlki həvəslə qəbul etmir. Bunun bir səbəbi budur ki, kredit faizləri yüksəkdir. Amma kredit faizləri əvvəl də yüksək idi, bəs indi niyə kredit faizlərinin yüksək olması əhəmiyyətli rol oynamağa başlayıb? Burda əsas səbəblərdən biri iqtisadiyyatın həcminin kiçilməsi və devalvasiyadan sonra işgüzar fəallığın aşağı düşməsidir, eyni zamanda bazarın məhdudluğu şəraitində alıcılıq qabiliyyətinin aşağı düşməsidir”.
Q.İbadoğlu deyib ki, reallıqda iş quranlar, sahibkarlar kreditdən uzaq qaçırlar. Onun sözlərinə görə, bunun bir səbəbi də bazarda monopoliyanın olmasıdır. Belə ki, inhisarçıların heç kreditə ehtiyacları yoxdur, qalan iş adamlarını isə bank şərtləri qane etmir: “Azərbaycanda real iqtisadiyyata kredit qoyuluşlarının azalmasının başqa bir səbəbi bütövlükdə azad sahibkarlıq təşəbbüslərin boğulmasıdır. İnvestisiya mühitinin pis olması, sahibkarlıq üçün əlverişli mühitin olmaması, son nəticədə gələcəyə ümidin azalması, Azərbaycanın iqtisadi perspektivinə inamın aşağı düşməsidir. Bu da sahibkarlara öz fəaliyyətlərini genişləndirmək istəyi vermir. Hesab edirəm ki, səbəblərdən biri də budur. İqtisadiyyatın gələcəyi ilə bağlı sahibkarlarda inam azalıb”.
Banklardan biznes qurmaq üçün kredit götürənlər azalsa da, ev təsərrüfatları üçün, başqa sözlə məişət əşyaları almaq üçün götürülən kreditlər artıb. Hazırda belə kreditlər bütün kreditlərin təqribən yarısını təşkil edir. İqtisadi təhlilçilər deyirlər ki, bu, hətta növbəti bank böhranına gətirə bilər.