Tramp PUA-lara 100 faizlik gömrük rüsumu qoydu

Prezident Donald Tramp dronların və onların komponentlərinin idxalına yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. Bu qərar ABŞ-ın bəzi əsas müttəfiqlərindən gətirilən məhsullara da şamil olunacaq. Tramp administrasiyasının açıqlamasına görə, ABŞ xarici dron tədarükündən “həddindən artıq asılı” vəziyyətə düşüb.

Bu barədə Reuters məlumat yayıb.

Trampın imzaladığı proklamasiyaya əsasən, Ağ Ev milli təhlükəsizlik baxımından xüsusi həssaslıq yaradan müəyyən ölçüdə və ya xüsusiyyətlərə malik dronlara 100 faizlik idxal rüsumu tətbiq edir. Daha kiçik dronlar üçün isə rüsum 25 faiz olacaq.

Ağ Ev bildirib ki, Avropa İttifaqı, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan gətirilən dron və komponentlərə 15 faiz, Böyük Britaniyadan gətirilən dronlara isə 10 faiz rüsum tətbiq ediləcək.

Ağ Evin dərc etdiyi proklamasiyada Tramp qeyd edib ki, ABŞ-ın ticarət naziri Hovard Lyutnik pilotsuz uçuş sistemlərinin (PUUS) idxalının təsiri ilə bağlı araşdırma aparıb.

 “Nazir müəyyən edib ki, xarici PUUS istehsalçılarının bazara nüfuzu əhəmiyyətlidir və ABŞ xarici PUUS və onların komponentlərinin tədarükündən həddindən artıq asılıdır”- deyə Tramp bildirib.

Lyutnikin qənaətinə görə, müəyyən xarici ölkələrdən gətirilən dronlar və onların komponentləri təhlükəsizlik riskləri yaradır. Eyni zamanda ABŞ-ın daxili istehsal imkanları müdafiə ehtiyaclarını tam təmin etmək üçün kifayət deyil.

Yeni gömrük rüsumları 21 gündən sonra qüvvəyə minəcək.

Dronların həssas hesab edilməyən komponentləri üçün isə bu müddət sənədin imzalandığı gündən etibarən 180 gün olacaq.

Eyni 180 günlük möhlət Pentaqonun sənədin imzalanmasından sonrakı 20 gün ərzində ABŞ Federal Rabitə Komissiyasının (FCC) “Əhatə olunan məhsullar siyahısından” (Covered List) çıxarılmasına razılıq verdiyi məhsullara da şamil ediləcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.