İyulun 19-da ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tuta bilər.
Azpost.info bildirir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadən xəbər verir.
Kanalın həmsöhbətlərinin sözlərinə görə, bir müddət idi ki, Tramp və Zelenski arasında telefon danışığı üçün uyğun tarix barədə müzakirələr gedirdi.
Mənbələrdən biri dəqiqləşdirib ki, zəng vaxtı hələ də dəyişə bilər.
Qeyd edilir ki, planlaşdırılan telefon danışığı Tramp Ağ Evi tərk etdikdən sonra ilk dəfə baş tutacaq.
Bu danışıq seçkilərdə qalib gələcəyi təqdirdə Trampın Ukraynaya qarşı siyasətinin necə olacağı ilə bağlı narahatlıqlar fonunda aparılır.
Keçmiş Amerika lideri Ukraynadakı vəziyyəti bir gündə həll edə biləcəyini dəfələrlə bəyan edib.
Tramp ötən həftə Macarıstanın baş naziri Viktor Orbanla görüşüb. Görüşdən sonra Orban Avropa liderlərinə Trampın Rusiya və Ukrayna arasında “sülhdə vasitəçilik etməyə hazır olduğunu” deyib.