Trampdan İranla bağlı sensasion açıqlama –“Xameneyi ölməyib, biz böyük qələbə qazanacağıq”

ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin sağ olduğunu düşündüyünü açıqlayıb.

Tramp bu barədə “The Glenn Beck Program”a müsahibəsində danışıb. O, Xameneinin ağır yaralandığını, lakin öldüyünə inanmadığını bildirib.

O, ciddi şəkildə yaralanmışdı. Bədəninin sol tərəfi, qolu və ayağı ağır xəsarət almışdı. Amma onun öldüyünü düşünmürəm”, – Tramp deyib.

ABŞ Prezidenti əlavə edib ki, əgər Xamenei həqiqətən ölübsə, İran tərəfi onun sağ olması görüntüsünü yaratmaq üçün çox yaxşı “şou” qurub.

Tramp İranda böyük qələbə vəd edir

Donald Tramp ABŞ-ın yaxın zamanda İranda “çox böyük qələbə” qazanacağını da bildirib.

Biz Venesuelada böyük qələbə qazandıq. Burada da – İranda – çox böyük qələbə qazanacağıq”, – ABŞ Prezidenti vurğulayıb.

Trampın açıqlamaları ABŞ-İran qarşıdurmasının gələcək istiqaməti ilə bağlı yeni suallar yaradır. Xüsusilə onun həm İran rəhbərliyinin vəziyyəti, həm də ABŞ-ın mümkün nəticələri barədə bu qədər əminliklə danışması diqqət çəkir.

Hörmüz boğazı ilə bağlı açıqlama

ABŞ Prezidenti həmçinin Hörmüz boğazının minalardan təmizləndiyini və hazırda açıq olduğunu bildirib. Onun sözlərinə görə, neft ixracı da davam edir.

Tramp daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin boğazın əsas gəmiçilik marşrutundakı minaları təmizlədiyini açıqlamışdı. ABŞ rəsmiləri də minaların aşkarlanması və zərərsizləşdirilməsi əməliyyatının aparıldığını təsdiqləyiblər.

Bununla belə, beynəlxalq neft bazarında Hörmüz boğazının tam və normal fəaliyyətinin bərpa olunması ilə bağlı hələ də qeyri-müəyyənlik qalır. Çərşənbə günü Brent neftinin qiyməti 86 dollar ətrafına, WTI isə 80 dollar səviyyəsinə qədər geriləyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.