Türk dövlətləri ümumi ticarət dövriyyəsinin 2,4 faizini təşkil edir- Vüsal Qasımlı

Türk dövlətləri dünya əhalisinin 2,2 faizini, ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ÜDM-in 1,6 faizini təşkil edir.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Türk Dünyası iqtisadiyyatı: inteqrasiya və inkişaf” mövzusunda elmi müzakirədə çıxışında qeyd edib.

O bildirib ki, mövcud potensial isə bu rəqəmlərin gələcəkdə artırılmasına imkan verir: “Türk dövlətləri arasında münasibətlər yüksələn xətlə inkişaf edir və bu münasibətlərin daha da möhkəmləndirilməsi Azərbaycanın prioritet istiqamətlərindəndir”.

V.Qasımlı çıxışı zamanı Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Avropa İttifaqının ərazisindən daha böyük coğrafiyanı əhatə etdiyini vurğulayıb və deyib ki, əgər TDT bir dövlət olsaydı, dünyada “top-10”luğa düşərdi. Professor, həmçinin türk dövlətlərinin logistik imkanlarından, eləcə də çoxtərəfli ticarət dövriyyəsinə təsir edən faktorlardan da danışıb və bildirib ki, “Heartland”da yerləşən TDT şərqlə qərbi birləşdirən Orta Dəhlizin əsas drayveridir.

V.Qasımlı türk dövlətləri arasında birbaşa xarici investisiya qoyuluşunun və ticarət əlaqələrinin şəbəkə analizinin nəticələrini açıqlayıb. O, eyni zamanda, “Qravitasiya modeli”nin nəticələrinə əsaslanaraq qeyd edib ki, türk dövlətlərində paytaxtlararası məsafənin böyük olması ticarət dövriyyəsinə mənfi təsir göstərsə də, ortaq dil, ÜDM, əhali sayı və ümumi sərhədlərin mövcudluğu ticarət dövriyyəsinə müsbət təsir göstərir.

Əvvəlki məqalə

Şəxsi mülkiyyətində olan torpaq sahəsini satan şəxs vergi ödəməlidirmi?

Sonrakı məqalə

Netanyahu Baydenlə görüşdə Qəzzada xəstəxanaya hücumdan bəhs etmədi