Türkiyə Rusiyaya gedən yükləri bloklamağa başlayıb –Sanksiyalara qoşulur?

Türkiyənin gömrük sistemi sanksiyalı yüklərin Rusiyaya tranzitinin bloklanmasına başlayıb.

Bu barədə məlumatı Kommersant qəzetinə biznes dairələrindən veriblər.

Türkiyə Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləsə də, Moskva ilə yaxşı münasibətlərini saxlamaq üçün Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmamışdı.

Kommersant qəzeti biznes mənbələrinə istinadla yazır ki, problem sanksiyalı malların tranziti zamanı yaranıb.

Rusiya Türkiyə və bir sıra başqa ölkələrin dəstəyi ilə “paralel ixrac” deyilən sxemi həyata keçirir və ya başqa sözlərlə Qərbin sanksiyalarından yayınır.

Rusiyada “Optimalog” adlı şirkətin baş direktoru Georgi Vlastopulo deyib: “Biz hələ dünəndən agentlərdən bildirişlər alırıq ki, razılaşdırılmış uçuşların bukinqləri ləğv edilib. Dediklərinə görə səbəb budur ki, Türkiyə üçün tranzit yüklər daha Rusiyaya göndərilmir”.

Transasia Logistics adlı Rusiya şirkətinin kommersiya direktoru Valeriya Savenkovanın sözlərinə görə Türkiyə bununla bağlı heç bir rəsmi göstəriş və qərar açıqlamayıb.

Savenkova deyib ki, bunu heç gözləmək də olmazdı, çünki bu halda Ankara Rusiyaya sanksiyalı mallar göndərdiyini açıq etiraf etmiş olardı.

Kommersant yazır ki, onun danışdığı bir sıra şəxslər sanksiyalı yüklərin tranzitinin dayandırılmasını ABŞ dövlət katibi Entoni Blinkenin bu yaxınlarda Türkiyəyə səfər etməsi ilə əlaqələndirirlər.

Rusiya və Türkiyə arasında mal dövriyyəsi 2022-ci ilin yanvarından sentyabrınadək 2 dəfə artaraq 45 milyard dollara çatıb. Blinkenin Türkiyəyə səfəri zamanı bu ölkənin xarici işlər naziri Mövlüt Çavuşoğlu Rusiya ilə mal dövriyyəsinin belə kəskin artmasını Ankaranın Moskvadan aldığı təbii qazın qiymətinin artması ilə izah etməyə çalışıb.

Əvvəlki məqalə

ABŞ-da 2024-cü ilin büdcəsi açıqlandı

Sonrakı məqalə

Sumqayıt-Bakı qatarı 9 dəqiqə gecikib