“Tütək səsi”, “Ad günü”, “Ölsəm bağışla”, “İstintaq”…- Rasim Ocaqovun anadan olmasından 91 il ötür

Rasim Ocaqovun filmoqrafiyası Azərbaycan kino industriyasında öz məna tutumu, rəngarəngliyi, baxımlılığı ilə ayrıca bir səhifəyə çevrildi. O, bütün filmlərində görüntü, söz və səs “trio”sunu ecazkar dirijor kimi idarə edib, yeri gələndə isə hər birini solo kimi də aksentləşdirib.

Rasim Ocaqov kinoya ötən əsrin ikinci yarısından başlayan canlanma dövründə qədəm qoyub və mütəxəssislərin qənaətincə, böyük ekranın yoluxduğu bir sıra ənənəviçilik “paslanma”larına son qoyub. Həmin vaxtlaradək ürəyində başqalarının “tamaşaçı filmə operatorun gözü ilə baxır” deyimini gəzdirən Rasim: “Əgər operator çəkərkən gözünü qırpmayıbsa, tamaşaçı da baxarkən qırpmayacaq” əlavəsini edir və bunu “Bizim küçə”, “Onun böyük ürəyi”, “Skripkanın sərgüzəşti”, “Sən niyə susursan?” və s. filmlərdəki operatorluğu ilə sübuta yetirir.

Bu gün Azərbaycan rejissorluq məktəbinin istedadlı nümayəndələri sırasında özünəməxsus yer tutan və bu sahənin inkişafında mühüm rol oynayan Xalq artisti Rasim Ocaqovun doğum günüdür. Rejissorluğu ilə kino sənətimizə yeni nəfəs, rəng və çalar gətirən Rasim Ocaqov gərgin axtarışları və istedadı sayəsində milli kino tariximizin müxtəlif dövrlərini əhatə edən bənzərsiz sənət nümunələri yaradıb. İstər sovet dövründə, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonra çəkdiyi filmlər Rasim Ocaqovun mənalı ömür yoluna işıq saçır.

Bu gün görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 91-ci ildönümü tamam olur.

Yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca mərhələ olan sənətkar

Azərbaycanın mədəniyyət ocağı, demək olar, bütün sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Şəki Rasim Ocaqov kimi bir dahini də Azərbaycan kinematoqrafiyasına bəxş edib.

Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub. Həvəskar fotolar çəkən, gələcəkdə geoloq olmaq istəyən Rasim Ocaqovun kinoya gəlişi təsadüfən alınıb. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların işləri ilə tanışlıq imkanı əldə edir. Möcüzəli kino aləmi onu özünə elə cəlb edir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedərək orada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsinə daxil olub. O, 1956-cı ildə təhsilini başa vurub, 1961-1967-ci illərdə isə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alıb.

Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirəlayiqdir. Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub.

Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışıb. İlk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Sumqayıt metallurqlarının həyatından bəhs edən “Onun böyük ürəyi” filmi R.Ocaqovun ilk sərbəst işi olub. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.

“Tütək səsi”, “Ad günü”, “Ölsəm bağışla”, “İstintaq” və digər bənzərsiz filmlərin rejissoru

Rejissorluq görəvinə 1974-cü ildə (qırx bir yaşında) layiq görülməsinin özü də maraqlı bir tarixçədir. Çoxlarının fikrincə, “əvəzedilməz” hesab edilən bu operatorun “mən film çəkmək istəyirəm” iddiasından çıxılmaz vəziyyətdə qalan kinostudiya rəhbərliyi yalnız rejissorluq təhsili aldıqdan sonra bunun mümkün olduğunu deyir. Rasim bu bəhanəni kəsmək üçün Teatr İnstitutunun (indiki ADMİU) Rejissorluq fakültəsini də bitirir. Kinostudiyaya qayıdıb arzusunun reallaşmasına yarımçıq qalmış bir filmlə – adını dəyişib “Qatır Məmməd” qoyduğu “Gəncəbasarlı qisasçı” ilə başlayır. Elə o vaxtdan “Rasim Ocaqov” titri kinomuzun arzulanan, səbirsizliklə gözlənən imzalarından birinə çevrilir. Haqqında çox danışmağa ehtiyac olmayan “Tütək səsi” şedevri də ki, öz yerində…

Azərbaycan kinematoqrafiyasında istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən əsrin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayıb. Rejissor kimi ilk işi yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmin ssenarisini yenidən işləyib. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırıb. Onun növbəti rejissor işi “Tütək səsi” filmi olub. Ekran əsəri öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət” və “İstintaq” filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırıb.

Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib.

Dövrün ab-havasını Azərbaycan kinosuna gətirən və bu filmlərdə insanın milli təfəkkürünü, dünyagörüşünü formalaşdıran, ona emosionallıq, vətənpərvərlik kimi hissləri aşılayan filmlərlə böyük bir auditoriyanın məhəbbətini qazanıb. Bu filmlərdə böyük rejissor Azərbaycan kino sənətinin tanınmış simaları ilə çalışaraq onların potensial gücünü ortaya çıxarıb, sənət meyarları baxımından çox yüksəkdə duran ekran əsərlərini yarada bilib. Rasim Ocaqov, həqiqətən də, Azərbaycan kinosunda elə bir zirvədə dayanan sənətkarlar sırasındadır ki, onun filmləri zamanla cəmiyyət arasında bir yaxınlıq yaradıb, insan psixologiyasının dərin qatlarına toxunaraq onun düşünməsinə, həyatın fəlsəfəsini dərk etməsinə gətirib çıxarıb.

Kinonun ocağı və ya muzeyləşən otaq…

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti Rasim Ocaqovun 85 illiyində iş otağının təmirdən sonra açılışı oldu. Bu yaradıcılıq studiyasında Rasim Ocaqovun bir zamanlar burada işləyərkən olan ab-hava yaradılıb: otaqda iş və yazı masası, stolüstü lampa, qələm, qənd qabı, siqaret, külqabı, operator kamerası, divarda isə kinofilmlərdən fotolar.

Rasim Ocaqovun yaradıcılıq studiyası “Azərbaycanfilm”in tanınmış rejissorlarının işlədiyi iş otaqlarının bərpa edilməsi layihəsi çərçivəsində təşkil etdiyi ilk studiyadır.

Görkəmli kinorejissorla 10 ildən çox bir yerdə çalışan Nadir Əliyev yaradıcılıq studiyasının açılışı zamanı Rasim Ocaqovun sənət fəaliyyətindən, xidmətlərindən və ekranlaşdırdığı filmlərin böyük rəğbət qazanmasından söz açıb.

“Bu otaq çox unudulmaz hadisələrin şahididir. Bu otaqda Azərbaycanın ən görkəmli elm, mədəniyyət və incəsənət xadimləri Rasim müəllimlə görüşüb, müzakirələr aparıb. Rasim Ocaqovla 15 il birlikdə çalışmışam. Onun son üç filminin “Təhminə”, “Həm ziyarət, həm ticarət” və “Otel otağı”nın icraçı prodüseri olmuşam. Biz 90-cı illərin əvvəllərində “Ocaq” adlı müstəqil studiya yaratdıq. Studiyanın direktorluğu mənə həvalə olunmuşdu. Biz Rasim müəllimlə birlikdə orada çalışdıq. Onun Azərbaycan kinosunun inkişafında, formalaşmasında əməyi olduqca böyükdür. Rasim Ocaqov ən sevilən ekran əsərlərinin yaradıcısı kimi hər zaman mədəniyyət və kino tariximizdə yaşayacaq”, – deyə N.Əliyev vurğulayıb.

Milli zəmində lentə alınmış sənət nümunələri

Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi “Qətldən 7 gün sonra”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir. Bu filmlərdə Rasim Ocaqovun fikir dünyası ilə ssenarist arasında olan yaxınlıq özünü büruzə verir. Sözsüz ki, Rasim Ocaqov bu filmlərdə müasir prizmadan cəmiyyətin əxlaq normalarına, milli-mənəvi dəyərlərinə yanaşaraq azərbaycançılıq nöqteyi-nəzərindən onları tərbiyə etməyə çalışıb.

Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. Onun yaratdığı kino və televiziya filmləri ayrı-ayrı kinofestivallarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülüb, sənətşünaslar və tamaşaçılar tərəfindən daim böyük rəğbətlə qarşılanıb.

Görkəmli kinorejissorun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Rasim Ocaqov yaradıcılığının bütün dövrlərində sənətə çox ciddi yanaşıb, müxtəlif insan talelərinin peşəkarlıqla işıqlandırılmasına çalışaraq fərdin cəmiyyətdəki rolunu, onun rast gəldiyi təsadüfləri, eləcə də insanların taleyində baş qaldıran acınacaqlı hadisələri rejissor gözü ilə süzgəcindən keçirib, ideal insan obrazlarını çox təbii və inandırıcı bir şəkildə ortaya qoya bilib.

Rasim Ocaqovun çox böyük yaradıcılıq irsi bu gün kinematoqrafiya sahəsində tədqiq edilməyə layiq bir nümunədir. İllər ötəcək, yeni-yeni ekran əsərləri yaradılacaq, lakin onun çəkdiyi filmlər heç vaxt öz aktuallığını itirməyəcək(azərtac).

 

Əvvəlki məqalə

Bu gün Misli Premyer Liqasında növbəti tura start veriləcək

Sonrakı məqalə

Sabunçunun bəzi ərazilərində işıq olmayacaq