Valideyn və uşaq arasındakı möhkəm bağ təkcə “səni sevirəm” sözləri ilə qurulmur. Gündəlik davranışlar, münasibət və ailə daxilində formalaşan vərdişlər uşağın özünü təhlükəsiz, dəyərli və sevildiyini hiss etməsində mühüm rol oynayır.
Azpost.info bildirir ki, bu barədə sertifikatlı həyat kouçu Mitzi Bokman YourTango portalında dərc olunan məqaləsində yazıb. Mütəxəssis qeyd edir ki, uşaqların valideynləri ilə səmimi və etibarlı münasibət qurmasına kömək edən beş əsas davranış var.
1. Uşağınızı dinləyin
Mitzi Bokmanın sözlərinə görə, uşaqların dedikləri hər zaman əhəmiyyətsiz görünə bilər. Lakin diqqətlə dinləmədikdə onların narahatlığı və ya köməyə ehtiyacı barədə vacib məqamları qaçırmaq mümkündür. Mütəxəssis bildirir ki, uşaqlar özlərini dinlənilmiş hiss etdikdə valideynlərinə daha çox güvənirlər və problemlərini gizlətmirlər.
2. Uşağın uşaq olmasına imkan verin
Ekspert hesab edir ki, müasir uşaqlar həddindən artıq məşğul qrafik, çoxsaylı kurslar və güclü nəzarət səbəbindən daha çox stress yaşayırlar. Onun fikrincə, uşaqların sərbəst oyun oynaması, velosiped sürməsi, çirklənməsi və bəzən kiçik səhvlər etməsi onların özünəinamlı böyüməsinə kömək edir.
3. Çətin vəziyyətdə sakit qalın
Uşaq kobud davrandıqda və ya emosional reaksiya göstərdikdə, valideyn də eyni şəkildə cavab verməməlidir. Mitzi Bokman vurğulayır ki, yetkin insan kimi sakit qalmaq, uşağı anlamağa çalışmaq və ona dəstək göstərmək münasibətləri möhkəmləndirən əsas amillərdəndir.
4. Uşağın arzularını dəstəkləyin
Mütəxəssis uşaqlıq və gənclik dövründə eşidilən sözlərin insanın bütün həyatına təsir göstərə biləcəyini bildirir. Onun sözlərinə görə, valideynlərin “bacarmazsan”, “səndən olmaz” kimi ifadələri uşağın özünəinamını zəiflədə bilər. Əksinə, arzulara inanmaq və dəstək vermək uşağın inkişafı üçün güclü motivasiya yaradır.
5. Uşağa hiss etdirin ki, o, sizin prioritetinizdir
Psixoloqun fikrincə, uşaq bilməlidir ki, qarşılaşacağı istənilən çətinlikdə arxalana biləcəyi bir insan var. Valideynin diqqəti, qayğısı və yanında olması uşağın özünü təhlükəsiz hiss etməsinə, emosional cəhətdən sağlam böyüməsinə kömək edir.
Mütəxəssislər hesab edirlər ki, uşaqla sağlam münasibət bahalı hədiyyələr və ya uzun söhbətlərlə deyil, hər gün göstərilən kiçik diqqət və qayğı ilə formalaşır. Uşağı dinləmək, ona hörmət etmək, arzularını dəstəkləmək və hər zaman yanında olmaq valideyn-övlad münasibətlərinin ən möhkəm təməlini yaradır.
Sunay Aydın