Xətai rayonunda yerləşən 3 saylı uşaq evi haqqında qalmaqal səngimək bilmir.
Uşaq evində tərbiyəçi köməkçisi çalışan və uşaq evindən videolar paylaşan, oradakı şəraitə etiraz edən Gülcan Nağıyeva işdən azad olunub.
Bu haqda o, azxeber.com-a danışıb. Gülcan Nağıyeva dünən işdən çıxarıldığını bildirib:
“Mən 3 saylı uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışırdım. Uşaqların haqqını tələb etdiyim üçün işdən azad etdilər. Mən özüm də uşaq evində böyümüşəm, ona görə də daim uşaqların haqqını tələb etmişəm. İndi mən 3 uşaq anası və ən əsası əsgər anası olaraq işsiz qalmışam”.
O, işdən azad olmağına səbəb kimi oradan yaydığı videoları göstərib:
“Tam əminliklə deyə bilərəm ki, işdən azad olunmağıma səbəb uşaq evindən çəkib paylaşdığım videolardır. Həmin videolarda uşaqlara olan qulluq, onların necə qidalandığı haqda məlumat vermişəm. Mən özüm də uşaq evində böyümüşəm. Hazırda orada olan uşaqların haqqını tələb etdiyim üçün işdən azad olunmuşam”.