ÜST “pandemik yorğunluq”la bağlı xəbərdarlıq edib –

Yoluxmada kəskin artım başlanıb
27 Oktyabr 2020 - 09:50

Ümümdünya Səhiyyə Təşkilatının (DST) rəhbəri “pandemik yorğunluq” xəbərdarlığı edib.

Bu arada dünyanın bir sıra ölkələrində koronavirusa yoluxmalarda kəskin artım qeydə alınır.

“Şimal yarımkürəsində bir çox ölkələr yoluxmalar və xəstəxanaya qəbul hallarında narahatedici artım qeydə alır”, – DST rəhbəri Tedros Gebreyesus oktyabrın 26-da Cenevrədə jurnalistlərə deyib.

“Bəzi yerlərdə, xüsusilə Avropada və Şimali Amerikada reanimasiya şöbələri dolur”, – o deyib.

DST COVID-19-u martda pandemiya elan edib. O vaxtdan dünyada 43 milyondan çox insanda virusun olduğu təsdiqlənib, 1.1 milyondan çox xəstə vəfat edib.

Tedros insanların karantin nəticəsində “pandemik yorğunluq” yaşadığını etiraf edib, ancaq onu da deyib ki, “təslim ola bilmərik”. O, liderləri, insanları ekspertlərin tövsiyəsinə əməl etməyə, “COVID-19-un siyasiləşdirməkdən” çəkinməyə çağırıb.

Avropada qadağalar sərtləşdirilir

Bu arada Avropanın bir sıra ölkələrində yeni yoluxmalarda dramatik artım yaşanır. Birləşmiş Ştatlarda həm yoluxma, həm də ölüm hallarında yüksək göstəricilər qeydə alınır.

Çexiya artıq kəskin artımı önləmək üçün gecə karantini tətbiq edib. AB ölkələri içində məhz Çexiyada müvafiq göstəricilər yuxarıdır. Yoluxma halları 268 mini keçib, ölü sayı 2 min 365 nəfərdir.

İtaliya və İspaniya yeni qadağalar tətbiq edir, Fransa da karantini sərtləşdirməyi nəzərdən keçirir. Hazırda Parisdə və bir sıra böyük şəhərlərdə gecə komendant saatı tətbiq olunur.

Fransada yoluxmalar 1.1 milyonu keçib və ölkə bu göstəriciyə görə dünyada Argentina və İspaniyanı geridə qoyaraq 5-ci yerə çıxıb.

Birləşmiş Ştatlarda son iki həftədə koronavirusdan gündəlik ölü sayı 10 faiz artıb, 721-dən 794-ə yüksəlib. 47 ştat yoluxmalar, 34-də isə ölüm halları artmaqdadır.

Səhiyyə ekspertləri xəbərdarlıq edirlər ki, yoluxmalarda artım olduğundan ölü sayının da artacağı gözlənir. Oktyabrın 25-də yeddi günlük ortalama yoluxma göstəricisi 68 min 767 olub.

Aprelin sonunda ABŞ-da koronavirusdan günə 2 min 200-dən çox insan vəfat edirdi. Amma ekspertlər payız və qışın da bu baxımdan ürəkaçan keçməyəcəyini düşünürlər. (Azadlıq Radiosu)