Məhərrəm ayının onuncu günü, Aşura günü ilə bağlı ölkə məscidlərində İmam Hüseyn əzadarlığı keçirilib.
Hər il olduğu kimi, bu il də Aşura günü qanvermə aksiyaları təşkil olunub. Qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində aparılıb.
Peyğəmbər nəvəsi Hüseynin və ailəsinin Kərbəlada qətlini simvolizə edən Aşura mərasimi bu il də onun əziz xatirəsinə layiq ehtiramla qeyd edildi.
Bu günlərdə məscidlərdə Kərbəla şəhidləri ilə bərabər Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, Vətən Müharibəsi Şəhidlərinin, 20 yanvar və Xocalı soqyqırımı qurbanlarının əziz xatirəsi yad olundu. Dindarlarımız öz inanc tarixinə vəfa borclarını bir daha nümayiş etdirdilər.
Məhərrəmlik mərasiminin yaddaqalan aksiyasına çevrilən qanvermə kampaniyası vətəndaşların ciddi dəstəyi ilə müşaiyət olundu. Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə artıq neçə illərdir ki, uzun zamanların baş yarmaq, zəncir vurmaq kimi xuarafat mirası xəstələrə yardım edəcək xeyirxah aksiyaya çevrilib.
Bu nəcib təşəbbüs nəticəsində yığılan min litrlərlə qan ehtiyacı olan xəstələr üçün “həyat cöhvəri”nə çevrilir.
Bu dəfə də minlərlə insan Bakıda, bölgələrdə Aşura günü ilə əlaqədar qanvermə aksiyalarına qatılaraq bu xeyirxahlıq və mərhəmət marafonunda iştirak etdi, imam Hüseyn xətrinə ehsan olaraq qan verdilər. Yığılan bu qan ehtiyatı minlərlə xəstəni, körpə uşaqları ölümdən xilas edəcək.
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirilən könüllü qanvermə aksiyasında saat 18:00-dək 1 787 vahid qan yığılıb.
Azərbaycan dindarları 10 gün ərzində məscidlərdə din xadimlərinin başçlığı altında mərasimdə iştirak etdilər.
Bu kütləvi mərasimin təşkilində və idarəçiliyində Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin rolu böyükdür.
Son illər ölkəmizə məzhəb savaşlarını körükləmək üçün kənardan məkrli cəhdlərin şahidi oluruq. Tolerant və milli vəhdət içində yaşayan cəmiyyətə “xüsusi üstünlük” təbliğ edən bir sıra qüvvələr dini bayramlarda və digər müqəddəs günlərdə, dindarların etiqadı üzərində müxtəlif manipulyasiyalara cəhd edirlər.
Azərbaycanda aparılan dövlət siyasəti bütün səmavi dinlər üçün açıq və azad ibadət, etiqadın sorğulanmaması üzərində intişar tapıb. Ölkə Konstitusiyası dini azadlığı təmin edir və qoruyur.
Son illərdə geopolitik siyasətin bir rıçağına çevrilmiş “din” faktoru ilə uca Allahın bəşərə nəsib etdiyi ilahi mesajları təhrif edilir və siyasi oyunların atributu olaraq istifadəsinə cəhd göstərilir. Bu baxımdan hazırda regionda maraqlı güclərin geopolitik savaşın fonunda ənənəvi Aşura mərasiminin bu tip “siyasi rıçaq”lardan uzaq saxlanması mühüm məsələyə çevrilib.
Burada QMİ və Şeyxülislamın uzunillik təcrübəsi və dini kəsim arasında nufuzu öz sözünü deyir.
Təsadüfi deyil ki, Şeyxülislam Aşura mərasimində qanvermə aksiyası zamanı bu bədxah qüvvələrə cavab olaraq bəyan etdi ki, Azərbaycanda şiə məzhəbindən olanlara qarşı heç bir təqib yoxdur. O bildirdi ki, bu şayiələrin arxasında dayanan ermənilərdir: “Bu gün Azərbaycanda hər kəs rahat ibadətini edir və məzhəbinə görə təqib edilmir”.
Ötən Aşura mərasimlərində də Şeyxülislam bəzi qüvvələri ölkə daxilində münaqişələr yaratmağa cəhddə ittiham etmişdi.
QMİ sədrinin sözlərinə görə, “Ölkədə “dini mərasimlərin keçirilməsinə imkan yaratmırlar” fikrini dünyada, xüsusən də şiə aləmində yaymaq müəyyən dairələrin siyasətidir. “Amma buna müvəffəq ola bilməzlər. Bizdə məscidlər var, heç kimə maneə yoxdur və imam Hüseyn də layiqincə yad edilir”.
Şeyxülislam bildirib ki, Azərbaycan dövləti dindarların yanındadır: “Məscidlərdə Aşura ilə əlaqədar tədbirlərə dövlət tərəfindən heç bir maneə yoxdur. Bu günə qədər olmayıb və bundan sonra da olmayacaq”.
Aşura günlərində məscidlərdə Azərbaycan bayraqlarını dalğalandırması bir daha ölkəmizin başı üzərində oyunlar qurmağa cəhd edənlərə layiqli cavab sayıla bilər.
Növbəti Aşura mərasimi Azərbaycanda milli birliyin və vəhdətin nümayişi oldu.
Aydın ABBASOV