“Vətən Müharibəsində yardımını əsirgəməyən Türkiyənin töhfəsini ayrıca vurğulamaq lazımdır” –

XİN
29 Dekabr 2020 - 12:39

“Hərbi əməliyyatlar davam etdiyi müddətdə bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına dəstək nümayiş etdirərək, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən və Azərbaycanla həmrəyliyini ifadə edən mövqedən çıxış edib”.

Bu, 2020-ci ilin yekunlarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat buraxılışında öz əksini tapıb.

Bildirilib ki, 44 gün ərzində aparılmış Vətən Müharibəsində Azərbaycanın haqq mövqeyini hər zaman dəstəkləyən və yüksək mənəvi yardımını əsirgəməyən Türkiyənin töhfəsini ayrıca vurğulamaq lazımdır: “Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Türkiyə-Azərbaycan qardaşlığının və birliyinin sarsılmaz olduğu növbəti dəfə özünü bariz şəkildə büruzə verib. Azərbaycanın ağır günlərində onun haqlı mövqeyinə izhar olunan birmənalı beynəlxalq dəstək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında şəffaf, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında həyata keçirilən uğurlu xarici siyasət fəaliyyətin nəticəsi olub”. (APA)