Hüquqi dövlətdə məhkəmə sisteminin səmərəli olması çox vacib şərtdir.
Cəmiyyətin inkişafı, fəaliyyət dinamizmi zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların uğurlu nəticələri beynəlxalq səviyyədə təqdir olunur. Bütün bu nailiyyətlətlər məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub.
Qarşıya qoyulan hədəflərə daha sürətlə çatmaq üçün ölkənin hüquq sistemininin də müasir çağırışlara adekvat cavab verməsi vacibdir. Vətəndaş məmnunluğunun təmin olunmasında şəffaf hüquq sistemi mühüm rol oynayır. Bu baxımdan məhkəmə-hüquq sisteminə etimad mühüm amildir.
1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi ölkənin hüquq sistemində də müasir çağırışlara uyğunlaşmanın əsasını qoydu.
Onun rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində keçmiş SSRİ-dən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi.
Ombudsman institutunun yaradılması müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının inkişafı, müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi vacib islahat oldu.
Dövləti tam müstəqil vəkillik institutu olmadan təsəvvür etmək qeyri-mümkündür.
Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” mühüm Qanun qəbul olunaraq Azərbaycanın tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb.
Məhkəmə -hüquq islahatları daimi prosesdir. Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı tarixi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla Azərbaycanda məhkəmə islahatları müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçdi. Qısa müddətdə bu sahədə nəhəng işlər görüldü, institusional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradıldı, özəl ekspertiza təsbit olundu, mediasiya institutu fəaliyyətə başladı.
Məhkəmə proseslərində videokonfrans və elektron icraat tətbiq edilməkdədir. Məhkəmə rüsumlarının diferensiasiyasının tətbiqi də diqqət çəkən faktlardandır.
Bu kontekstdə məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası və həmçinin Hakimlərin Seçki Komitəsinin yaradılması vacib addım oldu. “Elektron məhkəmə” informasiya sisteminin yaradılması rəqəmsal məhkəmənin formalaşdırılmasında olduqca geniş imkanlar açıb.
Bazar iqtisadiyyatı dövründə iş adamları siyasi stabil, sərmayələrinin yüksək səviyyədə qorunduğu və möhkəm hüquqi müdafiəsi olan ölkələrə yatırımlar etməkdə maraqlı olur. Çünki investisiyanın qorunmasında müstəqil, güclü və ədalətli məhkəmə sistemi tələb olunur. Beynəlxalq təcrübə göstərir ki, müstəqil məhkəmə sistemi həmçinin ölkədə kiçik və orta sahibkarlığın sürətli inkişafı və böyük bizneslərin formalaşmasında önəmli rola malikdir. Buna görə də Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub. Bu çərçivədə ölkənin müxtəlif regionlarında ixtisaslaşdırılmış inzibati və kommersiya məhkəmələri yaradılıb. Hazırda inzibati məhkəmələr müstəsna olaraq inzibati mübahisələrə, kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyəti ilə bağlı kommersiya mübahisələrinə baxır. Həmin islahatlar məhkəmə strukturunda ixtisaslaşmanın və optimallaşdırılmanın artırılmasına və iş yükünün daha balanslı bölüşdürülməsinə yol açıb.
2019-cu ildə imzalanmış fərman əsasında baş verən dəyişikliklər Ali Məhkəmənin praktikasında olmuş boşluqların aradan qaldırmağa imkan yaradıb.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyevin sözlərinə görə, 2019-cu ildə aparılan islahatlar hüquqi dövlət quruculuğunda ciddi irəliləyiş yaradıb:
“Prezidentin məhkəmə-hüquq sahəsində apardığı islahatlar bu sahədə bir sıra yeni institutların yaranması ilə nəticələndi. Məsələn, alternativ ekspertizanın tətbiqi vurğulanmalıdır. İndiyə qədər yalnız dövlət orqanları ekspertiza aparırdı. Bu, həm monopoliya yaradırdı, həm də həmin ekspertiza mərkəzinə böyük iş düşürdü. Alternativ ekspertizalar tərəflərin bərabərliyi baxımından çox vacibdir. Bu, onların seçim imkanını çoxaldacaq. Bundan başqa, Kommersiya Məhkəmələri sahibkarların məhkəmələrə çıxış imkanına böyük töhfə verir. Məhkəmə proseslərində işlərə daha peşəkar hakimlər tərəfindən və daha qısa müddətdə baxılması vacib olub.
Ölkəmizdə aparılan bu islahatlar problemin məhkəməyə qədər həllinin alternativ üsullarının təkmilləşdirilməsi prosessini də gücləndirdi. Bu baxımdan ölkəmizdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun qəbulu zəruri oldu. Mediasiya institutu mülki işlər, iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə getmədən tərəflərin qarşılıqlı razılığı ilə həlli məqsədi daşıyır.Məhkəməyəqədər məsələlərin həlli ilə bağlı alternativlər – arbitraj və mediasiyadan istifadə iş yükünün azalmasına kömək edəcək.
“Elektron məhkəmə” sistemi sayəsində qısa müddətdə məhkəməyə lazım olan arayışlar, sorğular elektron qaydada və operativ şəkildə əldə edilir.
Onu da qeyd edək ki, artıq hüquq-mühafizə və məhkəmə orqanları sosial şəbəkələrdə aktiv fəaliyyətə və vətəndaşları operativ məlumatlandırır. Azərbaycandakı məhkəmə-hüquq islahatları Dünya Bankının “Doing Business 2020” hesabatında müsbət dəyərləndirilib. Mütərəqqi təcrübəmizin yayılması Avropa Şurasında təşviq edilib.
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu şəraitində məhkəmə hüquq islahatlarının tərkib hissəsi kimi, ölkəmizdə yeni ixtisaslaşdırılmış məhkəmələrin yaradılması məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində mühüm əhəmiyyətə malikdir.
Ölkədə aparılan islahatlar insan hüquq və azadlıqlarının təminatı sistemini möhkəmlədir, sabit vətəndaş cəmiyyəti formalaşdırılır.
Məhkəmə- hüqüq islahatlarının məqsədi ölkə vətəndaşlarının hüquqi təminatını daha yüksək səviyyədə təmin etmək, onların dövlət idarəetməsindəki iştirakını daha da genişləndirmək, ən başlıcası ədalətin tam bərqərar olmasına nail olmaqdır.
Məhkəmə-hüquq sistemi daim təkmilləşir və inkişaf edir. Ölkəmizdə həyata keçirilən islahatlar Prezident İlham Əliyevin vətəndaş yönümlü siyasəti cəmiyyətdə ədalətin bərqərar olmasına çağırışdır.
G.Hüseynova
Yazı MEDİA-nın dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.