Vətəndaşlar bahalığın səbəbini nədə görür? –STM-in SORĞU NƏTİCƏLƏRİ

Dünya Bankının 2020-2024-cü illər aralığında ortalama iqtisadi artımın 1960-cı illərdən sonrakı dövr üçün ən aşağı beş illik period kimi proqnozlaşdırdığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının isə son 61 ildə Qlobal Ərzaq Qiymətləri İndeksində neqativ yönlü tarixi bir rekordu qeydə aldığı bir dövrdə milli iqtisadiyyatlar istisnasız olaraq ciddi bir qiymət artımı və yaxud həyat bahalılığı problemi ilə üz-üzə qalmaqdadır.

Yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı sözügedən məsələyə mövqe bildirərək hökumətin bu problemi diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb. Dövlət başçısı qeyd edib ki, dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Prezident bildirib ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq: ‘Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək”.

Mövzunun aktuallığını nəzərə alaraq Sosial Tədqiqatlar Mərkəzi vətəndaşların son bir ildə qarşılaşdıqları qiymət artımlarının səbəbləri ilə bağlı mövqelərini öyrənmək üçün növbəti blitz sorğu keçirib. Sözügedən sorğu çərçivəsində respondentlərə “Sizcə, qiymət artımının səbəbləri nələrdir?” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib.

Əldə olunan respondent rəylərinə görə, qiymət artımlarının səbəbləri geniş palitraya malikdir. Belə ki, rəyi öyrənilənlər arasında mövqelərin ən çox üst-üstə düşdüyü əsas səbəb kimi Rusiya-Ukrayna münaqişəsi 36.6%-lik göstərici ilə ilk sırada qərarlaşıb. Qeydə alınan bu səbəbi çox az fərqlə sahibkarlar və satıcıların qiymətləri süni olaraq artırması amili (34.3%) və dünyadakı iqtisadi-siyasi vəziyyət (32.2%) ilə bağlı rəylər məcmusu təqib edir.

Sorğu nəticələrinin ilkin təhlili ölkəmizdə müşahidə olunan qiymət artımlarının (inflyasiyanın) ilk üç səbəbindən ikisinin əsasən xarici faktorlardan qaynaqlandığını və cari inflyasiyanın idxal inflyasiyası olduğu təsbitinin ictimai rəy ilə üst-üstə düşdüyünü deməyə əsas verir.

Qiymət artımlarının əsas səbəblərindən bir kimi süni qiymət artımını ön plana çıxaran 34.3%-lik respondent seqmentinin 25.6%-ni dövlət sektorunda çalışanlar təşkil etdiyi halda 20.3%-ni təqaüdçülər təşkil edib.

Maraqlı təsbitlərdən biri də ondan ibarətdir ki, sorğuda iştirak edənlərin 11.6%-i rəqabətin zəif olmasını qiymət artımlarının əsas səbəbləri sırasında gördüyü halda, respondentlərin 23.7%-i aidiyyəti qurumların tənzimləyici təsirinin yetərli olmamasını irəli sürüblər.

Sorğu çərçivəsində respondentlərin 4.4%-i digər səbəbləri əsas gətirdiyi halda, 5.4%-i isə bu suala cavab verməkdə çətinlik çəkdiklərini bildirib.

Sorğu 2022-ci ilin dekabr ayında 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Əvvəlki məqalə

Azərbaycan və Rusiya Baş nazirləri telefonla danışıblar

Sonrakı məqalə

Hind rejissoru Bakıya gətirdiyi aktrisaya təcavüz etmək istədi –