Bu gün, 15 yanvar, dünyanın ən böyük onlayn ensiklopediyası olan Vikipediyanın fəaliyyətə başlamasından 25 il ötür. AzPost xəbər verir ki, Vikipediya 15 yanvar 2001-ci ildə amerikalı sahibkar Cimmi Ueyls və filosof Larri Senqer tərəfindən yaradılıb.
İlkin mərhələdə layihə daha əvvəl mövcud olan Nupedia ensiklopediyasına köməkçi platforma kimi nəzərdə tutulsa da, qısa müddətdə müstəqil və qlobal informasiya mənbəyinə çevrilib. Açıq redaktə prinsipi Vikipediyanın sürətlə böyüməsinə və milyonlarla könüllünün layihəyə cəlb olunmasına şərait yaradıb.
Hazırda Vikipediya 300-dən çox dildə fəaliyyət göstərir və 60 milyondan artıq məqalə ilə dünyanın ən geniş məlumat bazalarından biri hesab olunur. Ensiklopediya hər gün milyonlarla istifadəçi tərəfindən oxunur və redaktə edilir.
Vikipediyanın əsas xüsusiyyəti məlumatların könüllülər tərəfindən yaradılması və yenilənməsidir. Bu model ensiklopediyanı həm sürətli, həm də dinamik informasiya mənbəyinə çevirib. Bununla yanaşı, mənbələrə istinad və neytral mövqe tələbləri layihənin əsas prinsipləri sırasında yer alır.
25 il ərzində Vikipediya təkcə məlumat platforması kimi deyil, həm də rəqəmsal bilik mədəniyyətinin simvoluna çevrilib. Bir çox ölkələrdə təhsil, araşdırma və jurnalistika sahələrində əsas istinad mənbələrindən biri kimi istifadə olunur.